Məhkəmə qərarları › İş №2-1(112)-10917/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10917/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10917/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı «yaşayış yeri üzrə qeydiyyata alınma» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə qarşı «yaşayış yeri üzrə qeydiyyata alınma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri 14 saylı Notariat Ofisində 3M/2020 reyestr nömrəsi ilə 1 iyun 2022-ci il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlaka dair ilkin alqı-satqı müqaviləsinə əsasən Həsənova Hicran Gülağa qızına məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi 15,96 kv.m olan bir otaqlı fərdi yaşayış evini satın almışdır. İddiaçı həmin müqaviləyə istinad edərək onun yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququnun olduğunu bildirmişdir. Göstərilənlərə əsasən İddiaçı ünvan 2 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onujn nümayəndəsi gəlmişlər, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarında olan Mənzil İstismar Kommunal İdarəsinin arayışından görünür ki, ünvan 2 evdə Həsənova Hicran Gülağa qızı və X4 2021-ci il tarixdən qeydiyyatdadırlar. Həsənova Hicran Gülağa qızı ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Həsənova Hicran Gülağa qızı (satıcı) ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 15,96 kv.m olan 1 otaqlı fərdi yaşayış evini İddiaçı (alıcı) 1 gün müddətində təhvil verməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisinin 01 iyun 2022-ci il tarixli məktubunda tərəflər arasında ilkin alqı-satqı müqaviləsinin bağlanılması, İddiaçı əmlaka dair olan 14.000 manat məbləği tam icra etdiyi öz əksini tapmışdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 20 noyabr 1981-ci il tarixdə doğulmuş Həsənova Hicran Gülağa qızı Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 28 sentyabr 2001-ci il tarixdə doğulmuş X4 Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İddiaçı ünvanlanmış 14 iyul 2022-ci il tarixli məktubunda qeyd olunur ki, RPİ-yə daxil olmuş müraciətə baxılmışdır, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən ünvan 6 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə əlaqədar tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə Bakı şəhərində yerləşən ASAN xidmət Mərkəzlərinə müraciət olunmalıdır, əks halda mülki qaydada məhkəməyə müraciət olunmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Məhkəmə ilkin alqı-satqı müqaviləsinin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurət yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (maddə 402.1). İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (maddə 402.2). İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir (maddə 402.3). İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır (maddə 402.4). Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir (maddə 402.5). Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İlkin müqavilə tərəfləri gələcəkdə əsas müqaviləni həyata keçirmək üçün hüquqi cəhətdən bir-birinə bağlayır və hər bir tərəf öz üzərinə müəyyən öhdəliklər götürürlər. Lakin ilkin müqaviləyə elə şərtlər salınmalıdır ki, tərəflərin öhdəliklərinin qarşılıqlı olaraq icra edilməsi təmin edilmiş olsun. Bu zaman gələcəkdə bağlanacaq əsas müqavilə üçün təhlükə yaranmasın, həmin müqavilənin bağlanmasını labüd etsin. İlkin müqaviləyə salınmalı olan şərtlərin hamısı əsas müqavilənin bağlanmasının təminatı rolunu oynamalıdır. Məs: əmlakın dəyəri, əsas müqavilənin nə vaxt bağlanacağı, həmin vaxta qədər hansı tərəfin hansı hərəkətləri etməli olması və.s. Əmlakın dəyəri kimi nəzərdə tutulmuş məbləğin bir hissəsinin ödənilməsi və ya digər hərəkətlərin edilməsi, ilkin müqaviləyə daxil edilməsi qanunsuz deyil, əksinə tərəfləri öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qarşılıqlı təminatlandırır. Lakin görülən işin, xidmətin, əmlakın dəyərinin hamısının ilkin müqavilə üzrə ödənilməsi artıq həmin müqavilənin nizamlama dairəsindən kənara çıxır, əsas müqaviləni bağlamağı risk altına alır, qarşı tərəfdən asılı vəziyyətə salır. Əsas müqavilə bağlanmasının təminatı üçün tərəflərin qarşılıqlı təminatı olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, ilkin alqı-satqı müqaviləsinin mövcudluğu iddiaçıların yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranmasının göstəricisi qismində çıxış etmir. Həmin müqavilə əsas müqavilənin təminatı qismində çıxış edir. Nəzərə alınmalıdır ki, İddiaçı yaşadığı ünvan 2 fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin ünvanda digər şəxslər qeydiyyatdadırlar. Belə olan halda cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatının aparıldığı ünvana iddiaçının da (bu ünvanda daimi olaraq uzun müddət yaşamasına baxmayaraq) qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina edə bilməzdi, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırki vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi. Həmçinin, nəzərə alınmalıdır ki, evdə qeydiyyatda olan Həsənova Hicran Gülağa qızı və X1 ünvana iddiaçının qeydiyyata alınmasına yazılı razılıq ərizəsi vermişdir. Belə olan halda, məhkəmə işin faktiki hallarına yuxarıda sadalanan qanunvericilik aktlarını tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı yaşadığı ünvana qeydiyyata alınması zəruri olduğundan (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti mövcud deyil) və ünvan 7 ünvanından başqa yaşayış yeri olmadığından, habelə həmin ünvanda digər fiziki şəxslər qeydiyyata alındığından onun yaşadığı ünvana qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin imtinası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2, 17-ci maddəsinin tələbləri ilə uzlaşmır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ünvan 7 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 7 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar