Məhkəmə qərarları › İş №2-1(112)-10922/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10922/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10922/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə qarşı “xüsusi icazənin verilməsi və kompensasiya” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə qarşı “xüsusi icazənin verilməsi və kompensasiya” tələbinə dair iddiası üzrə inzibati işə 11 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin üzərinə xüsusi icazə verməklə bağlı vəzifə qoyulmasını, cavabdehin imtinasının Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 14-cü maddəsinin pozuntusu kimi tanınması və maddi zərərə görə 10.000 manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsinin birinci səhifəsində cavabdehlər sırasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də göstərilsə də, iddia ərizəsinin nəticə hissəsində tələb Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə qarşı irəli sürülmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9586/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə qarşı “xüsusi icazənin verilməsi və s.” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-203/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı əsl İddiaçı MMC ilə əvəz edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-203/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10922/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia “xüsusi icazənin verilməsindən imtinanın Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 14-cü maddəsinin pozuntu kimi tanınması” hissəsində mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin yanvar ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək ölkəyə DJİ Mavic Pro marka və modelli pilotsuz uçan aparatın gətirilməsi üçün icazə istəmiş, eyni zamanda “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanı ilə təsdiqlənmiş mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısının 17-ci bəndində göstərilən məsafədən idarə edilən pilotsuz uçan aparatları üçün rəyləri nəzərə alınacaq digər dövlət qurumlarına da müraciət etmişdir. Həmin dövlət qurumlarının verdiklər cavablarda qeyd olunur ki, rəylərin aidiyyəti qurumlardan toplanması Cavabdehnə həvalə olunmuşdur, bu rəy tələb olunarsa, Agentliyə təqdim olunacaqdır. Cavabdeh Dövlət Mülki Aviasiya Agentliyindən iddiaçı ilə telefon əlaqəsi saxlayaraq əlavə texniki məlumatlar barədə məlumat alınmış, iddiaçı müvafiq texniki məlumatlar barədə cavahdehi məlumatlandırmışdır. Lakin cavabdeh 2018-ci ildən bu günə qədər iddiaçı tərəfindən göndərilmiş müraciətlərə nə müsbət rəy verməmiş, nə də bəzi hallarda ümumiyyətlə cavab verməmişdir. Sonuncu müraciətlə bağlı digər vətəndaşlara mənfi və müsbət cavab verildiyi halda cavabdeh iddiaçının ərizəsinə ümumiyyətlə cavab verməmişdir. İddiaçı idxal etmək istədiyi DJİ Mavic Pro markalı və modelli pilotsuz uçan aparatla Azərbaycanın müxtəlif regionlarında təbiətdə foto və videolar çəkmək, bununla yaradıcılıqla məşğul olmaq, uğurlu və keyfiyyətli kadrları internet resurslarında foto və video saytlarında satmaqla gəlir əldə etməyi planlaşdırırdı. Cavabdehin xüsusi icazə verməməsi onu həm yaradıcılıq, özünü ifadə etmək imkanlarından məhrum etmiş, həm də əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı MMC-nin “DJİ Mavic Air” markalı pilotsuz uçan aparatın (PUA) idxal və istifadəsinə icazə verilməsi barədə 2022-ci il 17 yanvar tarixli müraciətinə dair Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Fərman) ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahı”sının 17-ci hissəsinə uyğun olaraq, 5 dövlət orqanının (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) rəyləri nəzərə alınmaqla, müvafiq Fərmanla təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın (Qaydalar) 2.6-cı maddəsinə uyğun olaraq (2.6. Ərizəçiyə əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, yazılı məlumat verilir), DMAA tərəfindən 2022-ci il 5 iyul tarixli 124-1-11/2335-22 nömrəli inzibati akt qəbul edilərək poçtla ünvanına göndərilmiş və 2022-ci il 8 iyul tarixində, saat 17:10-da qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı müdafiə edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. “Maddi zərərə görə 10.000 manat kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı tələb “xüsusi icazənin verilməsi” tələbindən törədiyindən və aqibəti ondan asılı olduğundan bununla bağlı cavabdeh inzibati orqana iddia verilməzdən öncə müraciət olunması kimi mümkünlük şərtinin yerinə yetirilməsi tələb olunmamalıdır. Faktiki hallar və sübutlar: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə ünvanladığı 36/319 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ölkə ərazisində pilotsuz uçuş aparatlarının dövriyyəsi, o cümlədən idxal-ixrac əməliyyatları və istismarı ilə bağlı müvafiq Qaydaların mövcud olmaması səbəbindən vətəndaş X1 müraciətinə müsbət rəyin verilməsi mümkün hesab edilmir. İş materiallarına əlavə edilmiş AR Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı MMC tərəfindən “DJİ Mavic air” markalı pilotsuz uçuş aparatının istifadəsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə daxil olmuş 19 yanvar 2022-ci il tarixli müraciətə Dövlət Sərhəd Xidmətində baxılmışdır. “DJİ Mavic Air” markalı pilotsuz uçuş aparatının istifadəsinə icazə verilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, müraciətə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 17-ci hissəsindən irəli gələn tələblər çərçivəsində baxılmışdır. Müvafiq dövlət orqanlarından daxil olmuş mənfi rəylər nəzərə alınmaqla xüsusi icazənin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçı pilotsuz uçan aparatın (PUA) istifadəsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə müraciət etmiş, cavabdeh inzibati orqan inzibati icraat gedişində iddiaçının müraciəti ilə bağlı müsbət rəylərin verilmədiyini əsas götürərək xüsusi icazənin verilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasının qanunsuzluğunu mübahisələndirməklə ona pilotsuz uçuş aparatından istifadəyə icazə verilməsi barədə qərar qəbul edilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi” Qaydaları: 1.1. Bu Qaydalar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 26 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (bundan sonra - əşyaların dövriyyəsi) xüsusi icazə verilməsini tənzimləyir. 1.2. Əşyaların dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - dövlət orqanları) tərəfindən bu Qaydalara uyğun olaraq verilir. 1.3. Xüsusi icazə hüquqi və fiziki şəxslərə (bundan sonra - ərizəçi) verilə bilər. 2.1. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq xüsusi icazəni verən dövlət orqanına aşağıda göstərilən sənədləri təqdim edir: 2.1.1. əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün aşağıdakılar göstərilmiş ərizə: 2.1.1.1. hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü; 2.1.1.2. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü; 2.1.2. ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 2.1.2.1. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti; 2.1.2.2. əşyaların göstəricilərindən və dövriyyənin xüsusiyyətlərindən asılı olaraq: 2.1.2.2.1. qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti; 2.1.2.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi; 2.1.2.2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər. 2.3. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün təqdim edilən sənədlər xüsusi icazəni verən müvafiq dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və müəyyən edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, müvafiq dövlət orqanında sənədlər qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmayan müddətdə əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. 2.5. Əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən yalnız qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda imtina oluna bilər. 2.6. Ərizəçiyə əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edildikdə, bu barədə ona qanunvericilik aktlarında nəzərdə tutulmuş imtinanın səbəbləri göstərilməklə, 10 gün müddətində yazılı məlumat verilir. Əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edilməsindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya)” məhkəməyə şikayət verilə bilər. 2.12. Əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. 3.1. Xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət olunmasına əşyaların dövriyyəsinə xüsusi icazə verən müvafiq dövlət orqanları nəzarət edirlər. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısının 17-ci bəndinə görə məsafədən idarə edilən pilotsuz uçan aparatlar- Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə’’nin 3.0-cı bəndinə əsasən Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.14 “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 5-8-ci, 31-ci, 32-ci (xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verildiyi hallar istisna olmaqla), 33-cü, 35-ci, 36-cı, 38ci, 39-cu, 41-ci, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla 34-cü və 37-ci maddələrində nəzərdə tutulmuş icazələri, habelə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda müəyyən edilmiş hallarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) icazələri bilavasitə və ya strukturuna daxil olan qurum vasitəsilə vermək, icazə şərtlərinə əməl edilməsinə nəzarət etmək. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında” Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) mülki aviasiya sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət nəzarətini və tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Göstərilən normalardan müəyyən olunur ki, pilotsuz uçan aparatı (PUA) mülki dövriyyəsi məhdudlaşdırılmış əşya olmaqla istifadəsi yalnız cavabdeh inzibati orqan- Dövlət Mülki Aviasiya Agentliyinin icazəsi əsasında mümkündür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısının 17-ci hissəsinə uyğun olaraq: - PUA-nın dövriyyəsinə xüsusi icazə verilir; - xüsusi icazə 5 dövlət orqanının (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) müsbət rəyinə əsasən verilir. Belə ki, xüsusi icazə almaq üçün ərizəçi məsafədən idarə edilən pilotsuz uçuş aparatının istifadə edilməsi ilə bağlı cavabdeh orqana müraciət edir, cavabdeh inzibati orqan müraciət daxil olduqdan sonra inzibati icraatı başlayır, pilotsuz uçuş aparatının icazə istəyən şəxs tərəfindən istifadəsinə icazə verilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi üçün yuxarıda adları çəkilən müvafiq qurumlara müraciət edir, cavab məktubları daxil olduqdan sonra Agentlik icazənin verilməsi barədə qərar qəbul edir və ya xüsusi icazənin verilməsindən imtina barədə yazılı qaydada cavab verir. Təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçının müraciəti əsasında başlanmış icraat gedişində cavabdeh inzibati orqanın sorğu edərək rəylər əldə etmiş, pilotsuz uçuş aparatından istifadə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mənfi rəylər verilmişdir. Beləliklə, təqdim olunan icraat materiallarına əsaslanaraq məhkəmə cavabdeh inzibati orqanın iddiaçının pilotsuz uçuş aparatından istifadəsi ilə bağlı apardığı icraat zamanı qanunla müəyyən edilmiş səlahiyyətini aşması, səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi hallarını müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının kompensasiya ilə bağlı tələbinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “xüsusi icazənin verilməsi” barədə tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsini şərtləndirir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə qarşı “xüsusi icazənin verilməsi və kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar