Məhkəmə qərarları › İş №2-1(112)-10922/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10922/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10922/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ona məxsus ünvan 2 ünvanında yerləşən 24 saylı, sahəsi 180 kv.m olan iki mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 156364 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1999-cu il tarixdə Bakı şəhəri, Binə qəsəbəsi, Ə.Bayramov küçəsi, 11 nömrəli yaşayış evi, mənzil 24 onun adına 26 nömrəli reyestr kitabında xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Lakin, 2019-cu ildə Bakı şəhəri, Binə qəsəbəsi, Ə.Bayramov küçəsi, 11 nömrəli yaşayış evi, mənzil 24 sökülmüş və yerində sahəsi 180 kv.m, hündürlüyü 63 m olan 2 mərtəbəli, 12 nömrəli yaşayış evi inşa edilmişdir. O, bununla bağlı Xəzər rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli C-22 nömrəli məktubuna əsasən Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən 11 nömrəli yaşayış evinin torpaq sahəsində köhnə tikililərin təsdiq olunmuş layihəsi əsasında sökülüb 2 mərtəbəli fərdi yaşayış evinin tikilməsinə razılıq verilmişdir. Həmçinin, mənzilin yenidən qurma layihəsi təsdiq edilmişdir. Mənzilin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi də, vardır. O, yuxarıdakı sənədlərə əsasən сavabdehə çıxarış almaq üçün müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtinada göstərilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilin fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinn 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********39 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyat vəsiqəsində qeyd olunan mənzil sökülmüş və ərazidə yeni fərdi yaşayış evi inşa edilmişdir. Həmçinin, yaşayış evinin yaxınlığında yüksək gərginlikli elektrik xətti keçir. Habelə, yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinn 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin ümum isahəsi 188.7 kv.m təşkil edir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 156364 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 24 saylı, 3 otaqlı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 2602 nömrəli reyestr kitabında 3924-cü səhifədə, 30 qeydə alma nömrəsi ilə, xx.xx.1999-cu il qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir.

8. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının C-22 nömrəli, xx.xx.2015-ci il tarixli məktubu ilə iddiaçının “Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində mülkiyyətində olan 11 nömrəli evin torpaq sahəsində köhnə tikililərin sökülüb təqdim olunmuş layihə əsasında yeni 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə” rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətinə baxılaraq bildirilmişdir ki, Tİ və MHQİ-dən MH seriyalı, 156364 nömrəli, xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Binə qəsəbəsi, Ə.İsazadə küçəsində ona məxsus 11 saylı ünvanda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun təqdim etdiyi memarlıq-planlaşdırma bölməsi rayon İcra Hakimiyyətində razılaşdırılmışdır.

9. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Bayramov küçəsində İddiaçı məxsus torpaq sahəsində tikiləcək 2 mərtəbəli yaşayış evinin layihəsi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır.

10. İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmiş **********332 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən ünvan 4 ünvanında yerləşən 24 saylı mənzil söküldüyü üçün üzərindəki hüquqların dövlət qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır.

11. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-C0147-8/2024 **********39 nömrəli məktubla imtina edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-35099/2024 **********99 nömrəli məktubla ünvan 2, 24 saylı mənzilə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 4 . Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; ... M a d d ə 1 8 . Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: M a d d ə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

23. Beləliklə inzibati işin araşdırması zamanı müəyyən olunmuş mübahisəli hallarla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 156364 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binə qəsəbəsi, Ə.Bayramov küçəsi, 11 saylı evin, 24 nömrəli, 3 otaqdan ibarət mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 397 reyestr nömrəsi, 10/10714 qeydə alma, xx.xx.2001-ci il qeydiyyat tarixi ilə qeydə alınmışdır. İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində mülkiyyətində olan 11 nömrəli evin torpaq sahəsində köhnə tikililərin sökülüb təqdim olunmuş layihə əsasında yeni 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının C-22 nömrəli, xx.xx.2015-ci il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 156364 nömrəli, xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Binə qəsəbəsi, Ə.İsazadə küçəsində ona məxsus 11 saylı ünvanda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun təqdim etdiyi memarlıq-planlaşdırma bölməsi rayon İcra Hakimiyyətində razılaşdırılmışdır. Bundan sonra iddiaçı tərəfindən köhnə mənzil sökülərək yerində rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə əsasında yeni fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı bununla bağlı cavabdehə ərizə ilə müraciət edərək sökülmüş mənzilin dövlət qeydiyyatının ləğvi barədə ərizə də, təqdim edərək, yeni inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh tərəfindən mübahisəli daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad etmişdir.

24. Halbuki, mübahisə predmeti olan daşınmaz əmlak, əvvəlcədən iddiaçının xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlakın sökülərək yerində inşa edilmiş əmlakdır və iddiaçı tərəfindən həmin əmlakın sökülərək yerində yenisinin inşa edilməsinə dair müvafiq ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edilmiş və sonuncu tərəfindən xx.xx.2015-ci il tarixli məktubla məlumatlandırma icraatı qaydasında həmin sahədə razılaşdırılmış layihə əsasında yeni fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir.

25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

28. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 24 saylı, sahəsi 180 kv.m olan iki mərtəbəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar