Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10927/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 17-ci mənzil üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ildən fasiləsiz olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 17-ci mənzil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına və müvafiq sənədlərə əsasən onun istifadəsinə verilmişdir. Uzun müddətdir ki, həmin mənzildə pasport qeydiyyatındadır və daşınmaz əmlaka sahiblik etməklə yaşayır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, həmin mənzilə dair hüquqları dövlət reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., Həmzə Babaşov küçəsi, 4 saylı evin, 17 saylı mənzilinə dair kirayə müqaviləsinin iddiaçının adına keçirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 122 saylı sərəncamı 22.06.2021-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmənin 17 noyabr 2021-ci il tarixli qərardadı ilə, Binəqədi Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 13 dekabr 2021-ci il tarixli qərardadı ilə, Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2014-cü il tarixli, 2(102)-2897/14 saylı qərarından görünür ki, iddiaçı Qurbanov Musa İbrahim oğlu cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Qurbanov Musa İbrahim oğlunun cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 4 saylı evin 17 saylı mənzilinə istifadə hüququna xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Qurbanov Musa İbrahim oğlunun cavabdeh İddiaçı qızma qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı Qurbanov Musa İbrahim oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2014-cü il tarixli, 2(102)-2897/14 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda həmçinin müəyyən edilmişdir ki, İddiaçı 2001-ci ildən həmin mənzilə köçərək Qurbanov Musa İbrahim oğlu ilə birlikdə ümumi təsərrüfat apararaq, 2013-cü ilə qədər həmin mənzildə yaşamış və həmin mənzilə daimi qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2015-ci il tarixli, 2(102)-3143/15 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2014-cü il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh Qurbanov Musa İbrahim oğluna qarşı mənzilə köçürmə, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı Bakı şəhəri, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 4 saylı evin 17 saylı mənzilinə köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 mart 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh Qurbanov Musa İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2014-cü il tarixli qətnaməsi İddiaçı Bakı şəhəri, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 4 saylı evin 17 saylı mənzilinə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh Qurbanov Musa İbrahim oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2015-ci il tarixli, 2(102)-3143/15 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda həmçinin müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzilə 2001-ci ildə onun icarədarı olan cavabdeh Qurbanov Musa İbrahim oğlunun razılığı ilə köçmüş və həmin vaxtdan icarədarla birgə təsərrüfat aparmaqla birlikdə yaşamış, mənzil istifadə hüququ yaranmaqla başqa daimi yaşayış yerinə köçməmişdir; 1 saylı Bakı Ərazi İdarəsinin 30.08.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubu ilə müraciət edənə bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., Həmzə Babaşov küçəsi, 4 saylı evin, 17 saylı mənzilinə dair kirayə müqaviləsinin iddiaçının adına keçirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 122 saylı sərəncamı 22.06.2021-ci il tarixdə verilmişdir.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin 16.11.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Həmzə Babaşov küçəsi, 4 saylı evin, 17 saylı mənzilinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 30.11.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 4, mənzil 17 Dövlət Mənzil Fonduna aiddir. Mənzil vətəndaş İddiaçı Q-72-068 saylı 26.05.2021-ci il tarixli ərizəsinə əsasən 122 saylı 22.06.2021-ci il tarixli Sərəncamla onun daimi istifadəsinə verilmişdir. Vətəndaş tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 4, 17 saylı mənzil, Binəqədi Rayonu İcra Hakimiyyətinin 007779 saylı 09.10.1991-ci il tarixli “Order”inə əsasən mərhum Qurbanov Musa İbrahim oğlunun (833858 saylı 21.06.2017-ci il tarixli “Ölüm haqqında şəhadətnamə) istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3143/2015 saylı 07.07.2015-ci il tarixli Qərarına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 4, 17 saylı mənzilə M.Qurbanovla birgə istifadə hüququ tanınmışdır. Vətəndaş tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışına, Binəqədi MKTB 108 saylı MKİS-in 08 saylı 26.05.2021-ci il tarixli arayışına və kommunal xidmətlərin arayışlarına əsasən vətəndaş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 4, 17 saylı mənzildən 2007-ci ildən qeydiyyatda olmaqla daimi istifadə etmişdir. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 4, 17 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 22 iyun 2021-ci il tarixli 122 nömrəli sərəncamı ilə, İddiaçı ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 4, 17 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanmış hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 4, 17 saylı mənzilin vətəndaş İddiaçı daimi istifadəsinə verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 2-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir; 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Məhkəmə qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının 01 oktyabr 2009-cu il tarixdən sonrakı vaxtda verilməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, yuxarıda istinad olunan məhkəmə qərarlarına əsasən, iddiaçı əvvəlki icarədarla birgə təsərrüfat aparan şəxs kimi hesab edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti isə həmin qərarlar ilə müəyyən edilmiş, iddiaçının 01 oktyabr 2009-cu ilədək mövcud olan hüququna əsaslanaraq onunla kirayə müqaviləsinin bağlanmış hesab edilməsi barədə sərəncam vermişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Həmzə Babaşov küçəsi, 4 saylı evin, 17 saylı mənzilinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Həmzə Babaşov küçəsi, 4 saylı evin, 17 saylı mənzilinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-10927/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10927/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver