Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10928/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Təhsildə X1rşı kvalifikasiyanın tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək magistr diplomunun “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” (nostrifikasiyası) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 Dənizçilik Universiteti tərəfindən verilmiş diplomun tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasında ali təhsil müəssisəsinin 2018-2019-cu illərdə akkreditasiya olunmamasına istinad etsə də, bu hal iddiaçının iradə ifadəsindən asılı olmamışdır. Həmçinin, hazırda həmin təhsil müəssisəsi aidiyyəti qurum tərəfindən də akkreditasiya olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun təhsil hüququnun pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini etirazla qarşılayaraq bildirmişdir ki, iddiaçı diplom üzrə aldığı ixtisasların ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq X5 Dənizçilik Universitetinin İsveç Krallığının Milli Akademik Tanınma Mərkəzinin təqdim etdiyi məlumata, eyni zamanda www.eric-naric.net saytının İsveç bölməsində yer almadığından iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə xx.xx.2021-ci il tarixində imtina etmişdir və bu barədə ərizəçinin elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh hesab edir ki, inzibati orqanın imtinası qanuni və əsaslıdır. Sonrada iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Dünya Dəniz Universiteti tərəfindən iddiaçıya verilmiş 03 noyabr 2019-cu il tarixli magistratura təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: -Dünya Dəniz Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli diplomun surətindən görünür ki, iddiaçı “Dənizçilik İşi üzrə” ixtisası müvəffəqiyyətlə bitirmiş və ona magistr ixtisas dərəcəsi verilmişdir. İddiaçı magistratura təhsilinə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə ali təhsil müəssisəsinin 2018-2019-cu illərdə akkreditasiya olmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə qeyd etmək istəyir ki, doğrudur ki, xarici diplom üzrə kvalifikasiyanın tanınması ilə bağlı mənfi rəyin verilməsinə əsas olan hallar qüvvədə olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” ilə tənzimlənir ki, ali təhsil müəssisəsinin akkreditasiya olunmaması bu əsasların əhatə dairəsinə düşmür. Ümumməlum olan arqumentdir ki, təhsil fəalliyəti ilə məşğul olunması üçün təhsil müəssisəsi dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedurdan keçməli, dövlət akkreditasiyası haqqında sənədə malik olmalıdır. Ali təhsil müəssisəsinin akkreditasiya şəhadətnaməsinə malik olması təhsil müəssisəsinin təhsil fəaliyyəti ilə qanuni əsaslar ilə məşğul olduğunun göstəricisi hesab olunur. Hazırki mübahisədən görünür ki, cavabdeh iddiaçının magistr pilləsi üzrə təhsil aldığı X5 Dənizçilik Universitetin (2018-2019-cu illərdə akkreditasiya şəhadətnaməsinə malik olmadığına istinad edir. Məhkəmə ilk növbədə qeyd edir ki, İsveçrədə ali və orta ixtisas təhsili A və B səviyyələrinə bölünür. A səviyyəsində 2 növ ali təhsil müəssisələri fəaliyyət göstərir. Birincisi, ənənəvi universitetlər, dairə universitetləri və federal texnologiya institutları. Bu müəssisələrdə təlim, əsasən elmi tədqiqatlar üzərində qurulur. İkincisi, tətbiqi elmlər universitetləri. Bu ali məktəblərdə təlim tətbiqi tədqiqatlara əsaslanır. Ali peşə təhsili və təlimi isə B səviyyəsinə aiddir. Bu təhsil pilləsi ali peşə təhsili və təlimi kolleclərində həyata keçirilir. Bu təhsil pilləsini bitirən tələbələrə peşə sertifikatları və diplomlar verilir. Abituriyentin akademik qabiliyyət sertifikatı və ona müvafiq olan sənədə malik olması universitetə qəbul üçün əsas tələb hesab edilir. İsveçrədə dövlət ali təhsil müəssisələri ilə yanaşı çoxlu sayda özəl ali məktəblər də fəaliyyət göstərir. Özəl təhsil müəssisələrinin bəziləri yalnız ölkə vətəndaşlarına xidmət etdiyi üçün onlar dövlətdən subsidiyalar alır. Digər özəl təhsil müəssisələrində isə həm yerli, həm də əcnəbi tələbələr oxuya bilərlər. Belə özəl ali məktəblərə dövlət maliyyə vəsaiti ayırmır. Ona görə də, ali təhsil kursları, imtahanlar təşkil etmək və özəl dərəcələr vermək üçün dövlətdən subsidiyalar alan özəl ali təhsil müəssisələrindən xüsusi icazə tələb olunmur. Təhsilin keyfiyyətini daim yüksək səviyyədə saxlamaq üçün dövlət və özəl ali təhsil müəssisələri vaxtaşırı akkreditasiyadan keçirilir. İsveçin Malmo şəhərindəki Dünya Dəniz Universiteti (WMU) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan X4 (İMO) çərçivəsində 1983-cü ildə yaradılmış universitetdir. WMU beynəlxalq universitet hesab olunur və ona ev sahibliyi edən ölkə İsveç hökuməti tərəfindən BMT qurumu statusu verilmişdir. Bir çox millətdən olan insanların tədris və öyrənmədə iştirak etmələri üçün bir mərkəz kimi xidmət edən WMU, beynəlxalq dəniz problemlərini həll etmək və beynəlxalq fəaliyyəti əlaqələndirmək üçün beynəlxalq əməkdaşlığı təşviq edir. Nəzərə alınmalıdır ki, Dünya Dəniz Universitetinin magistr pilləsi üzrə proqramlar Central Evaluation and X2 (ZEva) tərəfindən akkreditə olunmuş, ali təhsildə keyfiyyətin təmin edilməsi Avropa assosiasiya filialında (ENQA) qeydiyyata alınmışdır. Bu barədə İsveçin Malmo şəhərindəki Dünya Dəniz Universitetinin https://www.wmu.se/about/documents saytından geniş məlumat əldə etmək mümkündür. (Magistr pilləsi üzrə proqramların akkreditasiya olmasını təsdiq edən sənədlər iş materiallarına əlavə olunur). Göründüyü kimi Dünya Dəniz Universiteti İsveçrədə müstəqil özəl ali təhsil müəssisəsi olduğuna görə və dövlətdən subsidiya almadığına görə ali təhsil kursları, imtahanlar təşkil etmək və özəl dərəcələr vermək üçün dövlətdən xüsusi icazə tələb olunmur. Lakin təhsilin keyfiyyətini daim yüksək səviyyədə saxlamaq üçün dövlət və özəl ali təhsil müəssisələri vaxtaşırı akkreditasiyadan keçirilir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi 2018- 2019-cu illərdə institutsional akkreditasiyadan keçməsə də, hazırda ali təhsil müəssisənin təkcə proqramları deyil, ümumiyyətlə universitetin özü də akkreditasiyadan keçmişdir. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, Dünya Dəniz Universiteti özəl ali təhsil müəssisəsi olsa da, universitet Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan X4 (İMO) çərçivəsində yaradılmışdır. Məhkəmə hesab edir ki, hazırki halda Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilat tərəfindən yardılmış universitet tərəfindən verilmiş diplom üzrə kvalifikasiyasının tanınmasıdan imtina qanuni hesab edilə bilməz. Belə ki, hər bir halda iddiaçının oxudğu dövrdə universitet dövlət tərəfindən akkreditasiya olunmasa belə X4 (BDT) tərəfindən yaradılmış və fəaliyyət göstərmişdir ki, həmin dövr ərzində üzv olduğumuz beynəlxalq təşkilatının nəznində aparılmış tədris fəaliyyətinin qanunsuzluğundan söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, həmin universitet müvafiq ixtisas üzrə təhsil almış şəxslərin istisasının dövlət maraqları baxımından zəruriliyi də nəzərə alınmaqla tanınmasından imtina istər şəxs, istər ictimai, istərsə də dövlət maraqları baxımından məqbul hesab edilmir. Hazırki halda söhbət hər hansı spesifik özəl universitetinin verdiyi diplomun tanınmasından yox, dəniz hüququ üzrə ən ixtisaslı kadrlar hazırlayan və məhz bu sahədə müstəsna fəaliyyəti həyata keçirən X4nın yaratdığı universitetin verdiyi diplomun tanınmasından gedir ki, adıçəkilən ixtisas üzrə təhsil almış kadrların ixtisası üzrə fəaliyyətə cəlb edilməsinə maneə kimi cavabdehin imtina əsası formal qiymətləndirilir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının ixtisası üzrə kvalifikasiyasının tanınmasından ali təhsil müəssisəsinin 2018-2019-cu illərdə akkreditasiya şəhadətnaməsinə malik olmaması əsası ilə imtina olunarsa, bu zaman iddiaçının ali təhsil müəssisəsini bitirən digər tələblər ilə müqayisədə bərabərlik hüquqları pozula bilər. Necə ki, ali təhsil müəssisəsini 2022-ci ildən sonra (universitetin akkreditasiya şəhadətnaməsinə malik olduğu vaxtda) bitirən tələbəyə münasibətdə ölkə ərazisində kvalifikasiya tanınırsa, 2022-ci ildən əvvəlki dövrdə bitirən tələbələrə münasibətdə də eyni mövqeyi nümayiş etdirilməlidir. Əks halda, eyni ali təhsil müəssisəsini bitirən eyni hüquqlara malik olan tələbələrin arasında ayrı-seçkiləyə yol verilmiş olur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, cavabdeh inzibati orqan yazılı etirazda qeyd etmişdir ki, Dünya Dəniz Universiteti https://www.eric-naric.net saytının İsveç bölməsində yer almamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, doğrudur ki, ENİC-NARİC X3-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləridir. Bu mərkəzlər vasitəsi ilə müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür. Lakin, nəzərə alınmalıdır ki, Central Evaluation and X2 (ZEva) 1995-ci ildən Almaniya, Avropa və onun hüdudlarından kənarda ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq etdiyi ali təhsildə keyfiyyətin təminatı sahəsində fəaliyyət göstərən, 2000-ci ildən ZEvA universitetlərdə, tətbiqi elmlər universitetlərində və kooperativ təhsil universitetlərində 3000-dən çox təhsil proqramını akkreditə edən qurumdur. Dünya Dəniz Universitetinin magistr pilləsi üzrə proqramların akreditə olunması ilə bağlı məlumatın həm ali təhsil müəssisəsinin rəsmi internet saytından, həmçinin Central Evaluation and X2 (ZEva) https://www.zeva.org. saytından əldə etmək mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddə-sinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) nota-rial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, tərəfindən iddiaçıya verilmiş diplom həmin ölkənin səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Məhkəmə bəhs edilənlərə əsasən Dünya Dəniz Universiteti (WMU) müstəqil özəl ali təhsil müəssisəsi kimi Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan X4 (İMO) tərəfində 1983-cü ildə yaradıldığından, həmçinin ali təhsil müəssisəsinin magistr pilləsi üzrə proqramları 2014-cü ildən akkreditasiya olunduğundan, o cümlədən hazırki mərhələdə universitetin özü də akkreditasiya olduğundan, ddiaçıya verilmiş diplom həmin ölkənin səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanıdığından, diplomun tanınmasından imtina üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda nəzərdə tutulan əsasların hər hansı biri olmadığından, cavabdehin imtinası əsassız hesab olunur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-563/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Göründüyü kimi İsveçrə Konfederasiyasının Birləşmiş Beynəlxalq Biznes Məktəbləri İsveçrədə müstəqil özəl ali təhsil müəssisəsi olduğuna görə və dövlətdən subsidiya almadığına görə ali təhsil kursları, imtahanlar təşkil etmək və özəl dərəcələr vermək üçün dövlətdən xüsusi icazə tələb olunmur. Lakin təhsilin keyfiyyətini daim yüksək səviyyədə saxlamaq üçün dövlət və özəl ali təhsil müəssisələri vaxtaşırı akkreditasiyadan keçirilir.” Kassasiya instansiya məhkəməsinin yuxarıda adı çəkilən qərarda nümayiş etdirdiyi mövqeyi məhz o istiqamətdə olmuşdur ki, özəl ali təhsil müəssisəsi dövlətdən subsidiya almadığına görə ali təhsil kursları, imtahanlar təşkil etmək və özəl dərəcələr vermək üçün dövlətdən xüsusi icazə tələb olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Dünya Dəniz Universiteti tərəfindən İddiaçı verilmiş 03 noyabr 2019-cu il tarixli magistratura təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10928/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10928/2022
21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver