Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1093/2021 30.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı (“Ulduz” Elmi-İstehsalat Birliyi 3-cü şəxs qismində cəlb edilməklə) mənzilə dair “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibatı mübahisəyə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(112)-4994/2020 saylı qərardadı ilə “Ulduz” Elmi-İstehsalat Birliyi inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci il 17 iyul tarixdən 1996-cı il 27 avqust tarixə kimi “Ulduz” zavodunda işləmişdir. 1987-ci ildə zavodun yataqxanası tikilib istismara veriləndə yataqxanada ona da otaq verilmişdir. Həmin vaxtdan indiyə kimi yataqxanada 519 saylı mənzildə yaşayır və qeydiyyatdadır. Yataqxana 2019-cu ildən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin tabeçiliyindədir. 2020-cı ilin fevral ayında yaşadığı mənzilə kirayə müqaviləsinin onun adına bağlanması üçün Departamentə ərizə ilə müraciət etmişdir. Ərizəsi etiraz məktubu ilə cavablandırılmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X5 imtina məktubunun əsaslı olduğunu, iddiaçının 1996-cı ildən “Ulduz” Elmi-İstehsalat Birliyində işləmədiyini, verilmiş orderin isə 2006-cı il tarixli olduğunu qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən “Ulduz” Elmi-İstehsalat Birliyinin direktoru X2 iddianın əsaslı olduğunu bildirərək, izahatında İddiaçı 1985-ci ildən 10 ildən çox birlikdə işlədiyini, 1988-ci il tarixindən yataqxananın həmin mənzilində yaşadığını, həmin mənzildə qeydiyyatda olduğunu, lakin ona verilmiş xx xxxxxx 1987-ci il tarixli HİK-nin və zavod rəhbərliyinin 39 saylı birgə qərarının protokolu naməlum şəraitdə itdiyindən, iddiaçıya HİKnin və birliyin rəhbərliyinin birgə qərar ilə verilmiş xx xxxxxx 2006-cı il 17 saylı dublikat orderi əsas olaraq götürülərək iddiaçıya birliyin rəhbərliyinin birgə qərarı ilə protokolu verildiyini bildirmişdir. Şifahi məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları Azərbaycan Respubikası İPM-nin 58.7-ci maddəsinin tələblərinə müvafiq tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir kı, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, İ-15/1 saylı imtina məktubuna əsasən “Ulduz” X3 xx.xx.1996-cı il tarixli, 39 nömrəli əmrinə əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Təqdim edilmiş order isə qeyd edilən müəssisə ilə əmək münasibətlərində olmadığı halda, yəni qanunvericiliyin tələbləri pozulmaqla xx.xx.2006-cı il tarixdə verildiyindən qaldırılmış məsələnin müsbət həlli mümkün olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş sənədlər: -Azərbaycan Respublikası “Ulduz” Elm-İstehsalat Birliyinin № 04.xx.xx/2020-ci il saylı arxiv arayışından görünür ki, arayış verilib 1961-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən 1985-ci ildən Bakı “Ulduz” zavodunda işləmişdir. Zavodun müdriyyəti və HİK-nın birgə qərarı ilə Bakı “Ulduz” zavodunun tabeçiliyində olan 2 saylı yataqxananın mənzil fondundan ona 1 (bir) otaqlı 519 saylı mənzil verilmişdir. İddiaçı 1987-ci ildən 519 saylı mənzildə bu günə kimi qeydiyyatda olmaqla yaşayır. Birliyin xx.xx.1987-ci il birgə qərarı ilə 39 saylı protokolunda qeydiyyata alınmışdır. Əsas: arxiv sənədləri, mənzilə görə ödəniş qəbzləri və forma A əsas olaraq götürülmüşdür. -xx xxxxxx 2006-cı il tarixli 17 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1 (bir) nəfərdən ibarət ailə üzvləri Cavanşir küçəsindəki 21 a saylı evdə yerləşən 2 saylı yataqxananın İX mərtəbəli binasındakı V mərtəbədə yaşayış sahəsi 12 kv.m olan 1 (bir) otaqlı 519 №-li mənzilində yaşamaq hüququna malikdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 018/39-862 №-li arayışından görünür ki, xx.xx.1961-ci il tarixdə Gürcüstan Respublikasının, Bolnisi rayonunda anadan olmuş İddiaçı xx xxx 2000-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A, mənzil 519-da qeydiyyatdadır. - 118 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfinden verilmiş qeydiyyat kartockasından görünür ki, İddiaçı xx.xx.1987-ci ildən Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, ev 21a yataqxana, 519 nömrəli mənzildə qeydiyyatdadır. - xx xxxxxx 2012-ci il tarixli № 05 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi “Ulduz” Elm İstehsalat birliyi ilə İddiaçı arasında Azərbaycan Respublikası “Ulduz” EİB-nin baş diektorunun 02 saylı xx xxxxxxx 2012-ci il tarixli əmrinə əsasən Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, ev 21a yataqxana, mənzil № 519 dair kirayə müqaviləsi bağlanmışdır. - xx xxxxxxxx 2008-ci il tarixli “Ulduz” EİB-nın Həmkarlar Komitəsinin birgə iclasının 6 saylı protokolundan görünür ki, xx xxxxxx 2006-cı il 17 saylı orderə əsaslanaraq 519 saylı mənzilin sahibi İddiaçı yeni (dublikat) HİK-nin protokolu verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən 1996-cı ildən sözügedən mənzilə dair ödənilmiş mənzil haqqlarının, kommunal xərclərin kassa mədaxil orderinin qəbzləri, həmin mənzilə telefon rabitəsi xidmətlərinin göstərilməsinə dair xx xxxxxx 1990-cı ildə bağlanmış müqavilə iş materiallarına əlavə edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edlməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Bakı ŞİH Başçısının xx.xx.2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi”nin 2.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentin vəzifələri sırasına daxildir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı adına müvafiq order verildiyindən, yaşayış sahəsində başqa şəxslər yaşamadığından, MKİS-nin qeydiyyat kartockasına əsasən 1987-ci ildən həmin mənzildə yaşadığından, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən həmin ünvanda qeydiyyatda olduğundan habelə onun həmin mənzildə yaşaması üçüncü şəxslərin hüquqlarını pozmadlğından (bu barədə məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir), cavabdeh Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin “mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi”dən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə Məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı X1 ilə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 27, 19B saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı ŞİH MKT Departamentinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsının 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 a, 519 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1093/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1093/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver