Məhkəmə qərarları › İş №2-1(112)-1093/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1093/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1093/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, istifadəsində olan və faktiki olaraq son illərdə tikintisi bitmiş olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi və mülkiyyət haqqında çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********26 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, “sözügedən torpaq sahəsi ilə bağlı 271 saylı xx.xx.2001-ci il tarixli Nizami Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam təqdim edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19- cu maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001 -ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsinin şərqində, 4085-ci məhəllənin qərbində yerləşən 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair dövlət reyestrindən iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti Başçısının 11 iyun 2001-ci il tarixli, 271 saylı sərəncamında göstərilir ki, həmin İcra Hakimiyyətinin 11 avqust 1999-cu il tarixli sərəncamı ilə vətəndaş E.Ə.Əliyevə fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Daha sonra E.Ə.Əliyevin razılığını və vətəndaş Ə.A.Alxanovun xahişini nəzərə alaraq rayon İcra Hakimiyyətinin 22 sentyabr 1999-cu il tarixli, 713 saylı sərəncamı ilə 600 kv.metr torpaq sahəsi Ə.A.Alxanovun adına rəsmiləşdirilmişdir. Vətəndaş Ə.A.Alxanovun adına rəsmiləşdirilmiş 600 km.metr torpaq sahəsi onun razılığına əsasən rayon İcra Hakimiyyətinin 26 noyabr 1999-cu il tarixli, 844 saylı sərəncamı ilə vətəndaş İ.H.Məmmədovanın adına rəsmiləşdirilmişdir. Bundan sonra İ.H.Məmmədova həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün 15 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 17 yanvar 2001-ci il tarixli razılıq ərizəsilə Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Vətəndaş İ.H.Məmmədovanın həmin razılıq ərizəsi əsasında Nizami rayon İcra Hakimiyyəti Başçısının 11 iyun 2001-ci il tarixli, 271 saylı sərəncamının 1-ci bəndinə əsasən həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi qərara alınmışdır. Göründüyü kimi 600 km.metr ölçüdə torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə və istifadəsinə verilməsinə dair Nizami Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qanunla müəyyən olunmuş qaydada qəbul edilmiş 11 iyun 2001-ci il tarixli akt mövcuddur. 2 saylı İnzibati-İqtisad Məhkəməsinin 16 aprel 2014-cü il tarixli, 2-1(82)-1269/2014 saylı qərarına əsasən keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 600 kv.metr torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş və bu, X12 kitabında 11 iyul 2014-cü il tarixdə 39124 sayla uçota alınmışdır. A510596 nömrəli şəhadətnamədə iddiaçıya verilmiş həmin torpaq sahəsinin göstəriciləri, əsas döngə nöqtələrinin koordinatları, qonşu sərhədləri, baş planı və s. qeyd olunmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş, etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Buna görə də ilkin olaraq iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki mübahisəli əmlak Bakı şəhərində yerləşdiyindən iddiaçı onun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqanla arasında yaranmış inzibati mübahisə ilə bağlı düzgün olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini düzgün cavabdehə qarşı qaldırmışdır. Çünki Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinə hüququnun qeydə alınması ilə bağlı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, o, məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlərə əsasən: - X8 xx.xx.1999-cu il tarixdə ərizə ilə Nizami rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1290 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün onun adına verilmiş torpaq sahəsinin bir hissəsinin (500 kv.metr) ünvan 1 ünvanında yaşayan X6 adına qanuniləşdirmək haqqında sərəncam verilməsini xahiş etmişdir. - Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 607 nömrəli Sərəncamı ilə vətəndaş A.A.Alxanova 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikitisi üçün ayrılmış torpaq sahəsinin 500 kv.metri X6 adına qanuniləşdirilməsi qərara alınmışdır. - X9 xx.xx.1999-cu il tarixdə ərizə ilə Nizami rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək rayon icra hakimiyyətinin xx.xx.1999-cu il tarixli 607 nömrəli Sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün onun adına verilmiş 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən torpaq sahəsini B.Ağayev küçəsi 67, mənzil 15-də yaşayan X4 adına keçirilməsini xahiş etmişdir. - Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 713 nömrəli Sərəncamı ilə vətəndaş E.Ə.Əliyevə 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin Ə.A.Alxanovun adına adına qanuniləşdirilməsi, Rayon icra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 607 nömrəli Sərəncamının öz qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. - X5 xx.xx.1999-cu il tarixdə ərizə ilə Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək, Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 713 nömrəli Sərəncamı ilə X4 adına verilmiş fərdi yaşayış evi tikmək üçün olan torpaq sahəsinin onun adına qanuniləşdirilməsini xahiş etmişdir. - X8 da ərizə ilə Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək, xx.xx.1999-cu il tarixli, 713 nömrəli Sərəncamı ilə 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllədə ona fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin X1 adına qanuniləşdirilməsini xahiş etmişdir. Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 844 nömrəli Sərəncamı ilə vətəndaş X7 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin (600 kv.metr) vətəndaş İ.N.Məmmədovanın adına qanuniləşdirilməsi, Rayon İcra Hakimiyyətinin 713 saylı xx.xx.1999-cu il tarixli sərəncamının öz qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. - X5 xx.xx.2001-ci il tarixdə ərizə ilə Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək, maddi vəziyyəti ilə əlaqədar Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli, 844 nömrəli Sərəncamı ilə 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsindən istifadə edə bilmədiyi üçün həmin torpaq sahəsinin yaxın qohumu İddiaçı adına qanuniləşdirilməsini xahiş etmişdir. - İddiaçı xx.xx.2001-ci il tarixdə ərizə ilə Nizami rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 844 nömrəli sərəncamı ilə X2 ayrılmış fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulmuş torpaq sahəsinin onun adına keçirilməsinə sərəncam verilməsini xahiş etmişdir. - Bakı Şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 271 saylı Sərəncamında qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətinə 9-cu mikrorayon, 20 saylı evin 54-cü mənzilində yaşayan İddiaçı müraciət edərək vətəndaş İ.N.Məmmədovaya 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Göstərilən məsələ ilə əlaqədar İ.N.Məmmədovanın da 15 saylı Dövlət Notariat Kontorunda xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş razılıq ərizəsi rayon icra hakimiyyətinə daxil olmuşdur. Nizami rayon İcra Hakimiyyətinin 607 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə E.Ə.Əliyevə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Daha sonra vətəndaş E.Ə.Əliyein razılığı və vətəndaş Ə.A..Alxanovun xahişini nəzərə alaraq, rayon İcra Hakimiyyətinin 713 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə həmin torpaq sahəsi (600 kv.metr) vətəndaş Ə.A.Alxanovun adına rəsmiləşdirilmişdir. Ə.A.Alxanovun adına rəsmiləşdirilmiş 600 kv.metr torpaq sahəsi onun razılığına əsasən rayon İcra Hakimiyyətinin 844 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə vətəndaş. İ.N.Məməmmədovanın adına rəsmiləşdirilmişdir. Qeyd olunanlar, İ.N.Məmmədovanın razılığı, vətəndaş İ.A.Əliyevin xahişi nəzərə alaraq həmin sərəncamla İ.N.Məmmədovaya 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin vətəndaş İmran Əliyevin adına rəsmiləşdirilməsi qərara alınmış, Rayon İcra Hakimiyyəti Başçısının 844 saylı xx.xx.1999cu il tarixli sərəncam öz qüvvəsini itirmiş hesab edilmişdir. - İddiaçı 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 271 saylı Sərəncamı ilə iddiaçının adına rəsmiləşdirilmiş 600 kv.metr torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2-1(82)-1269/2014-cü il tarixli 16 aprel 2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. - Həmin məhkəmə qərarı qanuni qüvvəsini almış və icra olunaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 600 kv.metr torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixli, A№510596 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. - İddiaçının müraciəti əsasında cavabdehin əməkdaşları tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, xx.xx.2021-ci il tarixdə müayinə (baxış) aktı tərtib edilmiş, aktda göstərilmişdir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600 kv.metr, faktiki sahəsi 680 kv.metrdir. Torpaq sahəsi dörd tərəfdən daş hasarla sərhədlənib, üzərində zirzəmili 2 mərtəbə+mansardlı yaşayış evi və həyət tikilisi vardır. İddiaçı hazırda Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 271 saylı Sərəncamına istinad edərək, həmin sərəncamla ona ayrılmış 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Cavabdehin mövqeyinə görə 1 yanvar 2001-ci ildən sonra yerli icra hakimiyyəti orqanın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmadığından 11 iyun 2001-ci ildə qəbul etdiyi sərəncam hüququn qeydə alınması üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin (6 iyun 2012-ci il tarixli, 648 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir) 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək rayon icra hakimiyyətinin başçılarının səlahiyyətinə aid olmuşdur. İşin yuxarıda qeyd olunan hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilkin olaraq Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 607 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Elçin Əliyevə ayrılmış, daha sonra isə onun razılıq ərizəsinə əsasən yenidən A.Alxanovun adına, sonradan X1 adına, xx.xx.2001-ci il tarixdə isə sonuncu dəfə İddiaçı adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, torpaq sahəsinin birinci dəfə rayon icra hakimiyyəti başçısının 11 avqust 1998-ci il tarixli sərəncamı ilə ayrılması və icra hakimiyyəti başçısının bu zaman səlahiyyətli olması mübahisəsizdir. Həmçinin rayon icra hakimiyyəti başçısı tərəfindən sonuncu dəfə, 11 iyun 2001-ci il tarixli sərəncam verilərkən sərəncamın hər hansı başqa (yeni) torpaq sahəsi ilə bağlı deyil, məhz səlahiyyətli olduğu dövrdə, 11 avqust 1999-cu il tarixdə ayrılmış torpaq sahəsi ilə bağlı olması da mübahisə doğurmur. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarları fiziki şəxslərin torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsas olmuşdur. md “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə hesab edir ki, nə qədər ki, ilkin torpaq ayırma zamanı Nizami rayon icra Hakimiyyətinin sərəncamı qanuni olmuş, qanunvericilik isə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələrinin sonradan bələdiyyələrə qaytarılmasının yolverilməz olmasını və şəxslərin qanuni istifadəyə götürdükləri torpaqların həmin ölçüdə onların mülkiyyətinə verilməsini təsbit etmişdir, belə bir halda cavabdehin xx.xx.2001-ci il tarixli sərəncamı qanuni saymaması əsaslı hesab oluna bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas yalnız aşağıdakılar ola bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsinin şərqində, 4085-ci məhəllənin qərbində yerləşən 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar