Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10935/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahını Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimidir. Hərbi vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi əsasında Sanaviasiya xətti ilə 10 dekabr 1991-ci ildə Şuşa Mərkəzi Rayon Xəstəxanasına 05 (beş) gün müddətinə, 29 iyun 1992-ci ildə Sanitar vertalyot vasitəsilə yaralılara yardım göstərmək üçün Tərtər Mərkəzi Rayon Xəstəxanasına, 22 may 1992-ci ildə Sanitar vertalyot vasitəsilə yaralılara tibbi yardım göstərmək məqsədi ilə 10 (on) gün müddətinə Qubadlı rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. Sonradan 2-ci Qarabağ Müharibəsi ilə əlaqədar yaralılara tibbi xidmət göstərmək məqsədi ilə xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “Ucar rayon Mərkəzi Xəstəxanası” X4ə ezam olunmuşdur. Qeyd olunan hal ilə əlaqədar iddiaçı müharibə veteranı adı verilməsi üçün müraciətlər etsə də, Müdafiə Nazirliyi 29 aprel 2025-ci il tarixli məktubla cavab verərək, müraciətə 24 fevral 2025-ci il tarixli iclasda baxılması və müsbət qərar qəbul edilmədiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. “Müharibə veteranı” adı və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının siyahısında Müdafiə Nazirliyindən başqa digər qurumlar da göstərilmişdir, yəni bu o deməkdir ki, həmin vəzifə xidmət, qulluq yerindən asılı olaraq oranın müvafiq Komissiyası tərəfindən verilir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların həmin işçilərin ezam olunduqları qurumlardan (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarında adları göstərilmişdir) asılı olaraq (məsələn: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Komissiyasına, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) və ya regionlar üzrə ezam olunmuş şəxslərin hansı güc strukturunun istiqaməti üzrə xəstə, yaralı, həlak olanları daşımaq məqsədi ilə ezam edilmiş şəxslərin siyahıların göndərilməsi əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127s №-li Sərəncamının 3-cü hissəsinə əsasən: “Azərbaycan Respublikası Prezidentinin yaratdığı X4lər ... ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə (hərbi biletlərin surətləri, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir. şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etsinlər. Həmin Sərəncamının 1-ci hissəsində göstərilmiş tədbirlərin görülməsi “Müharibə veteranı” adının verilməsi ilə bağlı olmuşdur və orada Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamın icrası göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd”ə əsasən: bu Əsasnamənin 1- ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir”. Məhkəmə iclasında iddiaçı ilə iddianın mümkünlüyü məsələsi müzakirə edildi. İddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəlmişdir. İddia tələbinin predmeti iddiaçıya müharibə statusunun verilməsi təşkil edir. Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, məhkəmə sorğusuna “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Ucar Rayon Mərkəzi Xəstəxanası” X3 5 sentyabr 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, 2-ci Qarabağ müharibəsi dövründə yaralı əsgərlərə tibbi xidmət göstərmək üçün Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasının həkim-reanimatoloq və anestezioloq İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “Ucar Rayon Mərkəzi Xəstəxanası” X4ə ezam olunmuşdur. Ümumiyyətlə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı hərbi qulluqçu deyil. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “Ucar Rayon Mərkəzi Xəstəxanası” X4ə ezam olunmuşdur.. İddiaçı hesab edir ki, o, 2-ci Qarabağ müharibəsi dövründə yaralı əsgərlərə tibbi xidmət göstərmək üçün ezam olunduğundan ona vəsiqə də, Azərbaycan Respbulikası Müdafiə Nazirliyi tərəfindən verilməlidir. Müharibə veteranı statusu verilməsi, qaydası, şərtləri və proseduru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə (bundan sonra – Əsasnamə) ilə tənzimlənir. Həmin Əsasnamədə müxtəlif dövrlərdə döyüşlərdə iştirak etmiş müxtəlif kateqoriyadan olan şəxslərə bu statusun hansı qurumlar tərəfindən verilməli olması sadalanmışdır. Əsasnamənin 1-8-ci hissələri ikinci dünya müharibəsi və keçmiş SSRİ dövrünü, 9-cü hissəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək olan dövrü, 10-11-ci hissələri isə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək oln dövləri əhatə edir. İddiaçının döyüşlərdə iştirak etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək olan dövr, Əsasnamənin 9-cu bəndinə düşür. Əsasnamənin 9-cu bəndinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd edilən bənddə 3 kateqoriyadan olan şəxslər qeyd edilmişdir: 1) döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; 2) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 3) döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs və hərbi qulluqçu olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən şəxslərə müharibə veteranı statusunun hansı qurum tərəfindən və hansı qaydada verilməsi isə Əsasnamənin qeyd hissəsində təsbit edilmişdir. Əsasnamənin qeyd hissələrinə görə, Əsasnamənin 1-8-ci bəndlərindən göstərilən şəxslərə, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə bu status Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Qeyd edilən şəxslərə bu statusun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməsi ilə bağlı qanunvericiliyin məntiqi ondan ibarətdir ki, həmin şəxslər hərbi qulluqçu və ya hərbi xidmət keçmiş şəxs statusu olmadığından onlara bu status Xidmət tərəfindən verilir. Digər hallarda isə, Əsasnamənin tələbinə əsasən bu statusun verilməsinin qaydası aşağıdakı kimi müəyyən edilmişdir: Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin bəndin tələbinə əsasən; 1) əgər şəxs hazırda həmin bəndə qeyd edilən qurumların hər hansı birində xidmət keçirsə - həmin qurum tərəfindən (misal üçün şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət keçirsə - şəxsəstatus da həmin Xidmət tərəfindən veriləcək); 2) əgər şəxs həmin bəndə qeyd edilən qurumların hər hansı birindən əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmişdirsə, sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) həmin qurum tərəfindən (misal üçün əgər şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mülki işçisi və ya hərbi qulluqçusudursa şəxsə status həmin Xidmət tərəfindən veriləcək); 3) hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq - həmin bənddə göstərilən qurumlar tərəfindən (misal üçün əgər şəxs həkim kimi Müdafiə Nazirliyinin hərbi hissəsinə ezam olunursa ona vəsiqə Müdafiə Nazirliyi tərəfindən və ya digər hərbi hissə və ya orqanlara (misal üçün sürücü olan mülki şəxs Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsinə ezam olunursa həmin qurum tərəfindən veriləcək). Baxılan işdə iddiaçının hərbi qulluqçu və ya hərbi xidmət keçən şəxs olmaması işin mübahisələndirilməyən halıdır. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun Müdafiə Nazirliyinin hərbi hissə və ya bölmələrinə ezam olunması da işdən müəyyən edilmir. Əsasnamənin tələblərinə əsasən iddiaçıya müharibə veteranı statusunun Müdafiə Nazirliyi tərəfindən verilməsi üçün, o ya Müdafiə Nazirliyinin hərbi qulluqççusu olmalı, ya döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs olmalı və ya Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrə) və ya orqanlarına ezam olunmuş mülki şəxs olmalıdır. İddiaçı isə göstərilən kateqoriyadan olan şəxslərin heç birinə aid deyildir. Belə olan halda, iddia tələbinə cavab verməli olan qurum da Müdafiə Nazirliyi ola bilməz. İddiaçı həmin Əsasnamədə göstərilən heç bir kateqoriyaya aid olmadığından onun belə bir iddia vermək kimi subyektiv hüququ ümumiyyətlə yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-10935/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10935/2025
20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver