Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10937/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayonu Əhmədli bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər Cavabdeh xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli bələdiyyəsi ona 17 mart 2025-ci il tarixli 01/133 nömrəli xəbərdarlıq məktubu göndərərək, mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evin 207 kv.m. (əslində 142 kv.m.) əmlak vergisinin 38,22 AZN, torpaq sahəsinə görə 1,92 AZN torpaq vergisi (cəmi 40,14 AZN) təşkil etdiyini, ötən dövrlər üzrə əmlak və torpaq vergisi borcunun 95,67 AZN, vergi məcəlləsinin 59.1-ci maddəsinə əsasən, gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğin (48,68 AZN) təşkil etdiyini, ümumilikdə 184,49 AZN borcunun olduğunu bildirmiş və verginin ödənilməsini tövsiyə etmişdir. Həmin məktubda xx.xx.2025-ci il tarixində sonuncu bələdiyyə bildirişi göndərildiyi bildirilmişdir. Baxmayaraq ki, bu bildiriş ayrıca göndərilməmiş, 17 mart 2025-ci il tarixli məktuba qoşulmuşdur. Sözügedən məktuba eyni tarixli (17 mart) akt da əlavə edilmişdir. Həmin akt ilə o, tanış edilməmişdir. Xəbərdarlıq məktubunda göndərilənlərin həqiqətə uyğun olmamaqla yanaşı aydın da olmadığını nəzərə alaraq, xx.xx.2025-ci il tarixli məktub ilə cavabdehə müraciət etdi. Məktubda 2023-2024-cü illər üzrə torpaq və əmlak vergisinin tərəfindən tam ödənildiyini bildirdi, bütün illər üzrə ayrı-ayrılıqda tədiyə bildirişlərinin ona verilməsini təsdiq edən sübutların ona təqdim edilməsini, 95,67 AZN əmlak və torpaq vergisinin konkret hansı ötən dövrləri (illəri) əhatə etdiyini, hesabat dövrünün hansı il (illər) üzrə götürüldüyünün və sair məlumatların ona bildirilməsini xahiş etmişdir. Cavabdeh isə məktubunu almağına baxmayaraq heç bir cavab vermədi. Əmlak və torpaq vergisini ödəməyini təsdiq edən sənədləri təqdim etməyini nəzərə almayan cavabdeh pul tələbinin ödənilməsi ilə bağlı inzibati akt qəbul edərək tələbin icraya yönəldilməsi haqqında qərarı icra üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərmişdir. Lakin inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxs kimi ona rəsmi məlumat verməyə borclu olduğu halda qanunun tələblərini pozaraq bunu etməmişdir. Məcbur olub özü bələdiyyəyə yaxınlaşıb 12 may 2025-ci il tarixdə inzibati aktı-qərarı əldə etdi. Həmin qərarda yalnız, birtərəfli olaraq, bələdiyyənin maraqlarına uyğun gələn (sərf edən) normativ-hüquqi aktlara istinad edilmişdir. Qərarda Vergi Məcəlləsinin 200.5-ci maddəsinə istinadən göstərilir ki, cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15- dək ödənilir. Cavabdeh özü əsaslandırır ki, hər il vergilər avqust və noyabr aylarında ödənilməlidir. O, Vergi Məcəlləsinin tələblərini pozmamışdır. Bu tələbləri pozmuş olsa idi və 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Yəni bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicisinə hər il avqustun 1-dən gec olmayaraq verməlidir. Cavabdeh isə son beş il ərzində tədiyə bildirişinin ona verilməsini təmin etməmişdir. Yəni, bildirişin ona verilməsi heç bir sübut ilə təsdiq olunmur. Vətəndaşa əvvəlki illər üzrə tədiyə bildirişi avqustun 1-dək verilməmişdirsə və əvvəlki illərə görə tədiyə bildirişi sonradan verilibsə, vətəndaş vergini ödəməkdən imtina edə bilər. Çünki, tədiyə bildirişinin hər il təqdim edilməsinin son tarixi 1 avqustdur. Belə olan halda Əmlak və torpaq vergisinin, faiz məbləğinin, xüsusən də cərimənin, onun tərəfindən ödənilməsinə heç bir hüquqi əsas yoxdur. Cavabdeh qərarın sonunda qeyd edir ki, guya fiziki şəxs borc öhdəliyi haqqında Əhmədli Bələdiyyəsinin vergi agentliyi tərəfindən ona təqdim olunan yazılı xəbərdarlıqları və aktı qəbul etməkdən imtina etmişdir. Bu tamamilə yalandır. Belə ki, o iddia ərizənin əvvəlində göstərmişdir ki, Bələdiyyənin poçt vasitəsilə göndərdiyi 17 mart 2025-ci i! tarixli məktubunu və digər sənədləri almışdır və xx.xx.2025-ci il tarixli cavab məktubu da göndərmişdir. Beləliklə, hesab edir ki, inzibati aktın qəbul edilməsi nəticəsində onun hüquqları və qanuni maraqları pozulmuşdur. Bu səbəbdən də qeyd olunan qərar ləğv (etibarsız hesab) edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE seriyalı ******** nömrəli xx.xx.1990-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri Xətai Rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 01/133 nömrəli Xəbərdarlıq məktubunda göstərilmişdir ki, Əhmədli Bələdiyyəsi nəzərinizə çatdırır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 13 may 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergilərin ödəyiciiəri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait” in 4 saylı əlavəsinə uyğun olaraq mülkiyyətinizdə (istifadənizdə) olan əmlak Əhmədli Bələdiyyəsində qeydiyyatdadır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin vergi anlayışı haqqında 11-ci maddəsi ilə, vergi-dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə, vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli (bələdiyyə) büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 8-ci maddəsinə əsasən fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlak (mənzil) və onların hissələri, torpaq sahələri, su və hava nəqliyyatı vasitələrinə görə hesablanmış vergilər yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. ‘Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən Əhmədli Bələdiyyəsi ərazisində yerləşən yaşayış sahələri üzrə illik əmlak vergisi aşağıdakı düsturla hesablanır. xx.xx.2025-ci il tarixdə sizə sonuncu tədiyə bildirişi göndərilmişdir. Mülkiyyətinizdə olan ünvan 4 ünvanında yerləşən yaşayış evinin 207 kv.m əmlak sahəsinin əmlak vergisi 38.22 AZN (otuz səkkiz manat, iyirmi iki qəpik), torpaq sahəsinə görə 1.92 AZN (bir manat, doxsan iki qəpik) torpaq vergisi, ümumilikdə 1 (bir) illik əmlak və torpaq vergisi 40.14 AZN (qırx manat, on dörd qəpik) təşkil edir. Ötən dövrlər üzrə əmlak və torpaq vergisi borcu 95.67 AZN (doxsan beş manat, altmış yeddi qəpik), Vergi Məcəlləsinin 59.1 -ci maddəsinə əsasən gecikdirilmiş hər bir gün üçün 0.1% (sıfır tam onda bir) faiz məbləği 48.68 AZN (qırx səkkiz manat, altmış səkkiz qəpik) təşkil edir. Ümumilikdə 184.49 AZN (yüz səksən dörd manat, qırx doqquz qəpik) borcunuz vardır. Əmlak vergisini vaxtında ödəmədiyiniz üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə əsasən yerli (bələdiyyə) vergiləri müəyyən olunmuş müddətdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0.1% həcmində faiz hesablanmışdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 85.4-cü maddəsinə əsasən bələdiyyə hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri, maliyyə sanksiyasını hesablamaq hüququna malikdir. Bildiririk ki, “Bələdiyyənin Vergi Xidməti Orqanı” haqqında Əsasnamənin 5-ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən bələdiyyənin vergi xidməti orqanı tərəfindən xəbərdarlıq və tədiyə bildirişi Sizə təqdim olunan gündən 10 (on) gün sonra (könüllü ödəniş istisna olmaqla) yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün Məhkəmə İcra şöbəsinə müraciət edilməsi barədə qərar qəbul edilir. Bu halda əlavə olaraq 100.00 AZN (yüz manat, sıfır qəpik) maliyyə sanksiyası və ümumi məbləğin 7% (yeddi) məbləğində məhkəmə icraçılarının vəsaiti əlavə edilir. Bələdiyyənin Vergi Xidməti Orqanı xəbərdarlığı nəzərə almağınızı, əmlak vergisinin ödənilməsini Sizə tövsiyyə edir. -xx.xx.2025-ci il **********4407 nömrəli Tədiyyə Bildirişindən görünür ki, vergi ödəyicisi İddiaçı 2025-ci il üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 38.22 manat, 206.3-cü maddəsinə əsasən torpaq vergisi 1.92 manat hesablanmışdır. Verginin ödənilmə müddəti xx.xx.2025-ci il tarixinədək 20.07 manat, xx.xx.2025-ci il tarixinədək 20.07 manat, ötən dövrlər üzrə vergi borcu 95.67 manat, faiz məbləği 48.68 manat olmaqla, ödəniləcək məbləğ 184.49 manat məbləğ müəyyən edilmişdir. -xx.xx.2025-ci il tarixli Bakı şəhər X1 əsasən vergi ödəyicisi İddiaçı məxsus, ünvan 5 ünvanında yerləşən sahəsi 207 kv.m olan əmlak üzrə AR Vergi Məcəlləsinin 196,197,198,199,200-cü maddələrinə əsasən 1.92 manat torpaq vergisi, ötən dövrlər üzrə 95.67 manat, vaxtında ödənilmədiyindən AR Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1% məbləğində hesablanmış faiz 48.68 manat olmaqla, 184.49 manat borcu ödənilməmişdir. -xx.xx.2025-ci il tarixli “Xəbərdarlıq məktubuna münasibət bildirilməsi haqqında” Məktubda göstərilmişdir ki, ona, ünvan 4 ünvanında yaşayan İddiaçı ünvanladığı 17 mart 2025-ci il tarixli 01/133 nömrəli xəbərdarlıq məktubu ilə əlaqədar aşağıdakıları bildirir və suallarına cavab verilməsini xahiş edir: 1.xx.xx.2025-ci il tarixində ona tədiyyə bildirişi göndərilməmişdir. Həmin bildiriş 17 mart 2025-ci il tarixli məktubuna əlavə olunmuşdur. 2.Mülkiyyətində olan yaşayış evinin sahəsi 207 kv.m. deyil, 142 kv.m. təşkil edir. Bu sahədən 30 kv.m. çıxılır. 3.95, 67 AZN əmlak və torpaq vergisi konkret hansı ötən dövrləri (illəri) əhatə edir? 4.Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinadən qeyd etdiyiniz hesabat dövrünün mənə aydın olmadığını nəzərə alaraq həmin dövrün hansı il (illər) üzrə götürüldüyünü və hansı müddətdə (il, rüb və s.) qurtarmasını izah edilməsini xahiş edir. 5.Bütün illər üzrə ayrı-ayrılıqda tədiyyə bildirişlərinin ona təqdim edilməsini təsdiq edən sübutları ona təqdim edilməsini xahiş etmişdir. 6.2023 və 2024-cü illər üzrə torpaq və əmlak vergisi tərəfimdən tam ödənilmişdir. 7.Əlavə olaraq 100 manat maliyyə sanksiyası konkret hansı normativ hüquqi akt (qanun, qayda və s.) ilə müəyyən edilmişdir? -xx.xx.2025-ci il tarixli 50 nömrəli Qərarına əsasən Vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinə göndərilməsi; Hesablanmış 146.92 manat və maliyyə sansiyaları üzrə 100 manat olmaqla ümumilikdə 246.92 manat borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Cavabdeh xx.xx.2025-ci il tarixli 01/330 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Bakı şəhər Cavabdeh xx.xx.2025-ci il tarixli 01/200 nömrəli məktubunda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1,6.1.8-ci maddələrinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82, 87-ci maddələrinə əsasən fiziki şəxs İddiaçı (Qərar № 50, FİN xxxxxxx) ötən dövr üçün hesablanmış vergi borcunun, o cümlədən dayanaqsız olaraq hesablanmış bu günə olan faizlərin Əhmədli Bələdiyyəsinin yerli büdcəsinin hesabına məcburi ödənilməsi haqqında qərar icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. -xx.xx.2025-ci il tarixli “Vergi borcu tələbinin icra şöbəsinə göndərilməsinə dair” Təqdimatda göstərilmişdir ki, Vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisinin ödənilməsi üçün ən son xx.xx.2025-cü il tarixli tədiyə bildirişi. Xəbərdarlıq məktubu və tərtib edilmiş Akt ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində ünvan 4 ünvanında yerləşən 142 kv.m əmlak sahəsinə görə 38.22 AZN (otuz səkkiz manat, iyirmi iki qəpik), torpaq sahəsinə görə 1.92 AZN (bir manat, doxsan iki qəpik), ötən dövrlər üzrə 95.67 AZN (doxsna beş manat, altmış yeddi qəpik), o cümlədən faiz üzrə 51.25 AZN (əlli bir manat, iyirmi beş qəpik), ümumilikdə isə 2025-ci il üzrə 1 (bir) illik əmlak və torpaq vergisi də daxil olmaqla 187.06 AZN (yüz səksən yeddi manat, altı qəpik) borcunu ödəməmişdir. Göstərilənlərə əsasən, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı əmlak vergi öhdəliyini yerinə yetirmədiyi üçün, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 53-cü maddəsinə və “Bələdiyyənin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1.2-ci maddəsinə uyğun olaraq vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası tətbiq etməklə barəsində qərar qəbul olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xətai rayon İcra şöbəsinə göndərilməsi xahiş edilmişdir. -xx.xx.2025-ci il tarixli 50 nömrəli Qərara əsasən Vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Bakı şəhəri icra şöbəsinə göndərilməsi; Hesablanmış 146.92 azn və maliyyə sanksiyaları üzrə 100 azn olmaqla, ümumilikdə 246.92 manat, borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi; qəbul edilmiş qərar barədə borclu şəxsə məlumat verilməsi qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli **********4407 nömrəli Tədiyyə Bildirişinə əsasən İddiaçı 2025-ci ili üçün AR Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 38.22 manat, 206.3-cü madəsinə əsasən torpaq vergisi 1.92 manat hesablanmışdır. Verginin ödənilmə müddəti xx.xx.2025-ci il tarixinədək 20.07 manat, xx.xx.2025-ci il tarixinədək 20.07 manat, ötən dövrlər üzrə vergi borcu 95.67 manat, faiz məbləği 51.25 manat, maliyyə sanksiyası 100 manat olmaqla, 287.06 manat ödəniləcək məbləğ hesablanmışdır. -xx.xx.2025-ci il tarixli 01/133 nömrəli Xəbərdarlıq Məktubuna əsasən Əhmədli Bələdiyyəsi nəzərinizə çatdırır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 13 may 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait” in 4 saylı əlavəsinə uyğun olaraq mülkiyyətinizdə (istifadənizdə) olan əmlak Əhmədli Bələdiyyəsində qeydiyyatdadır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin vergi anlayışı haqqında 11-ci maddəsi ilə, vergi-dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə, vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli (bələdiyyə) büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlak (mənzil) və onların hissələri, torpaq sahələri, su və hava nəqliyyatı vasitələrinə görə hesablanmış vergilər yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. ‘Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 198.1.1-ci maddəsinə əsasən Əhmədli Bələdiyyəsi ərazisində yerləşən yaşayış sahələri üzrə illik əmlak vergisi aşağıdakı düsturla hesablanır. xx.xx.2025-ci il tarixdə sizə sonuncu tədiyə bildirişi göndərilmişdir. Mülkiyyətinizdə olan ünvan 4 ünvanında yerləşən yaşayış evinin 207 kv.m əmlak sahəsinin əmlak vergisi 38.22 AZN (otuz səkkiz manat, iyirmi iki qəpik), torpaq sahəsinə görə 1.92 AZN (bir manat, doxsan iki qəpik) torpaq vergisi, ümumilikdə 1 (bir) illik əmlak və torpaq vergisi 40.14 AZN (qırx manat, on dörd qəpik) təşkil edir. Ötən dövrlər üzrə əmlak və torpaq vergisi borcu 95.67 AZN (doxsan beş manat, altmış yeddi qəpik), Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən gecikdirilmiş hər bir gün üçün 0.1% (sıfır tam onda bir) faiz məbləği 48.68 AZN (qırx səkkiz manat, altmış səkkiz qəpik) təşkil edir. Ümumilikdə 184.49 AZN (yüz səksən dörd manat, qırx doqquz qəpik) borcunuz vardır. Əmlak vergisini vaxtında ödəmədiyiniz üçün "Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə əsasən yerli (bələdiyyə) vergiləri müəyyən olunmuş müddətdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0.1% həcmində faiz hesablanmışdır. "Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 85.4-cü maddəsinə əsasən bələdiyyə hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri, maliyyə sanksiyasını hesablamaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən bələdiyyənin vergi xidməti orqanı tərəfindən xəbərdarlıq və tədiyə bildirişi Sizə təqdim olunan gündən 10 (on) gün sonra (könüllü ödəniş istisna olmaqla) yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün Məhkəmə İcra şöbəsinə müraciət edilməsi barədə qərar qəbul edilir. Bu halda əlavə olaraq 100.00 AZN (yüz manat, sıfır qəpik) maliyyə sanksiyası və ümumi məbləğin 7% (yeddi) məbləğində məhkəmə icraçılarının vəsaiti əlavə edilir. Bələdiyyənin Vergi Xidməti Orqanı xəbərdarlığı nəzərə almağını, əmlak vergisinin ödənilməsini tövsiyyə edir. -xx.xx.2025-ci il tarixli Akta əsasən vergi ödəyicisi İddiaçı məxsus, ünvan 5 ünvanında yerləşən sahəsi 207 kv.m olan əmlak üzrə AR Vergi Məcəlləsinin 196,197,198,199,200-cü maddələrinə əsasən 1 illik 38.22 manat əmlak vergisi, torpaq sahəsinə görə Vergi Məcəlləsinin 203,204,206,208-ci maddələrinə əsasən 1.92 manat torpaq vergisi, ötən dövrlər üzrə 95.67 manat, vaxtında ödənilmədiyindən AR Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1% məbləğində hesablanmış faiz 48.68 manat olmaqla, 184.49 manat borcu ödənilməmişdir. -İddiaçı aid 2025-ci il üçün yerli(bələdiyyə) vergilər üzrə fiziki şəxsin X3 əsasən sanksiya 100 manat olmaqla ümumi borc 250.05 manat təşkil edir. -İddiaçı aid 2025-ci il üçün yerli(bələdiyyə) vergilər üzrə fiziki şəxsin X3 əsasən sanksiya 100 manat olmaqla, ümumi borc 272.94 manat təşkil edir. -RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.03212 ha torpaq sahəsi üzərində yerləşən **********37-10301 reyestr nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə A tikilisindən 2 otaq(73.2 kv.m) və B tikilisi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı, A tikilisindən 2 otaq (69.2 kv.m) xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 12256 nömrəli vərəqində qeydiyyata alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərarın iddiaçıya təqdim edilməsini təsdiq edən sənədi təqdim etmədiyindən məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmir və bu halda iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etməklə mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə cavabdeh iddiaçıya mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən əmlaka görə hesabladığı əmlak vergisinin Bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etmək məqsədilə xx.xx.2025-ci il tarixli, 50 nömrəli qərar qəbul etmiş və icra olunması üçün xx.xx.2025-ci il tarixli 01/200 nömrəli məktubla Xətai rayon İcra Şöbəsinə göndərmişdir. İddiaçının mövqeyinə görə sözügedən qərar iddiaçının iştirakı ilə tərtib olunmamış, ona vergi hesablanması ilə bağlı tədiyyə bildirişi göndərilməmiş, qərardan yalnız İcra Şöbəsinin icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra tanış olmuşdur. Məhkəmə hazırkı mübahisə predmeti olan bələdiyyə qərarının qanuniliyini ilk növbədə həmin qərarın “İnzibati icraat haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” ilə nəzərdə tutulmuş prosessual normalarının tələbləri baxımından yoxlayır. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərdən əmlak vergisi; yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aid edilir. Fiziki şəxslərə torpaq və əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0.3-cü maddəsinə əsasən vergi məbləğləri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulur. -8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi. -8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. -196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. -197.1-ci maddəsinə görə aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). -200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. -200.4-cü maddəsiə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. -200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. -200.6-cı maddəsinə əsasən binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. -201.1-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Sadalanan normalardan göründüyü kimi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak və həmin əmlakların yerləşdiyi istifadədə olan dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə görə yerli inzibati ərazinin bələdiyyəsi tərəfindən yerli vergilər hesablanır və büdcəyə ödənilir. Əmlak və torpaq vergisinin bələdiyyələrin ərazi vahidlərinə, torpaq sahələrinin təyinatına uyğun olaraq müvafiq dərəcələr üzrə hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə əsasən bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. - 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. - 5.4-cü bəndinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - 5.6-cı bəndinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. - 5.7-ci bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. - 5.10-cu bəndinin tələbinə görə Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. İş üzrə məhkəmə araşdırılması zamanı bələdiyyə tərəfindən iddiaçıya münasibətdə yerli vergilərin ödənilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmaması müəyyən edilmişdir. Belə ki, iddiaçıdan əmlak vergisi üzrə borcların və həmin borcun vaxtında ödənilməməsi ilə bağlı faizlərin ödənilməsi tələb edilsə də vergi borcu ilə bağlı tədiyyə bildirişinin, eləcə də borcun ödənilməsinə dair tələbnamə, xəbərdarlığın iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçıdan 146.92 manat və maliyyə sanksiyaası üzrə 100 manat olmaqla, ümumilikdə 246.92 manat əmlak vergisi borcu tələb edilsə də cavabdeh keçən dövrü əhatə edən borclar ilə bağlı tədiyyə bildirişini təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş tədiyyə bildirişi xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli olmaqla mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərara münasibətdə biri 3 ay əvvəl, biri isə 17 gün əvvəl tərtib etmişdir. Halbuki, qanunvericilik tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verilməsini, cari il üçün verginin məbləğinin bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsini təsbit etmişdir. Təqdim edilmiş əmlak vergisinə dair şəxsi hesab vərəqəsində isə tələb edilən vergi borcunun 2025-ci il və ondan əvvəl hesablanmış borclar və faizləri üzrə toplanmış vergi borcu olduğu öz əksini tapmışdır. Göründüyü kimi inzibati orqan hər cari il üçün ayrıayrılıqda əmlak vergisi ilə bağlı borcun ödənilməsi barədə tədiyyə bildirişlərini göndərməmiş, bunu təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, tədiyyə bildirişi ilə yanaşı mübahisələndirilən borcla bağlı tələbnamə, xəbərdarlıq məktubu tərtib edilməmişdir. Beləliklə, cavabdeh orqan iddiaçıdan tələb edilən vergi borcunun məbləğinin hansı qaydada hesablandığı, tələb edilən borcun hansı hissəsinin illər üzrə əsas vergi borcu, faiz borcu olduğunu müəyyən etməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, ən əsası hesablanmış vergi borcunun ödənilməsi ilə bağlı istinad etdiyi tələbnamə, tədiyyə bildirişinin iddiaçıya göndərilməsini təsdiq edən sənədi təqdim etməmişdir. Halbuki, inzibati orqan iddiaçını əlavə öhdəliklə yükləyəcək onun üçün əliverişsiz inzibati akt qəbul edəcəyi təqdirdə bunu iddiaçının diqqətinə çatdırmaqla, onun inzibati icraatda dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İnzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların qiymətləndirilməsini təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində vergi öhdəliklərinin tələb edilməsi ilə bağlı inzibati icraat düzgün aparılmadığından, mübahisələndirilən qərarın qəbul edilməsi zamanı isə yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş qərar iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, sözügedən bələdiyyə qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 50 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10937/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10937/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver