Məhkəmə qərarları › İş №2-1(112)-10938/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10938/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10938/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), onun nümayəndəsi və vəkili Vəkil (ünvan 2 ünvanda qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 (ünvan 3 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, yer 227 ünvanda yerləşən və iddiaçının istifadəsinə ayrılmış 0,072 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsinin 06 iyun 2005-ci il tarixli, 1/223 saylı sərəncamına əsasən sahə 5, yer 227 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının istifadəsinə ayrılmışdır. Respublikada bələdiyyə orqanlarının təşkil olunduğu dövrdə Nardaran qəsəbəsində müəyyən səbəblərdən bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmamaqla bələdiyyə yaradılmadığndan və qəsəbənin ərazisində yerləşən torpaq sahələri bələdiyyənin mülkiyyətinə keçmədiyindən göstərilən torpaq sahəsi üzərində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran Qəsəbəsi üzrə nümayəndəsi tərəfindən sərəncam verilmişdir. Həmin torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə sərəncam verilərkən Bakı şəhər XDS İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarı (fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara torpaq sahəsinin ayrılması barədə), “Yerli icra hakimiyyətləri haqqında“ Əsasnamənin və “Torpaq İslahatı haqqında“ Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli qanununun müvafiq müddəaları əsas götürülmüşdür. Qəsəbə nümayəndəsinin 06 oktyabr 2005-ci il tarixli sərəncamı ilə bir çox şəxslərə eyni qaydada torpaq sahələri ayrılmış və iddiaçı da onlardan biridir. 2010-cu ildə Nardaran qəsəbəsində bələdiyyə təşkil olunduqdan sonra iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sənədləri ərizə ilə müraciət etməklə rəsmi qaydada bələdiyyəyə təqdim etmiş və həmin torpaq sahəsinin iddiaçının istifadəsində olan sahə kimi qeydiyyata alınmışdır. Həmin vaxtdan başlayaraq istifadədə olan torpaq sahəsinə görə torpaq vergilərini bələdiyyəyə ödəmişdir. 2010-cu ildə Bakı Dairəvi Yolunun tikintisi ilə əlaqədar istifadəsində olan 1200 kv.metr torpaq sahəsinin 480 kv.metr hissəsi alınmış və bununla əlaqədar dövlət tərəfindən iddiaçıya kompensasiya ödənilmişdir. Hazırda iddiaçının istifadəsində 0,072 ha ölçüdə torpaq sahəsi qalmaqla həmin sahə Nardaran Bələdiyyəsinin qeydiyyatındadır və bu hal bələdiyyənin 10 iyun 2022-ci il tarixli arayışı ilə təsdiq olunur. Torpaq sahəsinin iddiaçının istifadəsinə ayrıldığı vaxtdan artıq 17 il keçmiş, lakin bu müddət ərzində barəsində olan sərəncam heç kim tərəfindən mübahisələndirilməmiş və indiyə kimi qüvvədədir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına dəfələrlə cəhd göstərsə də, heç bir nəticə əldə etməmişdir. Cavabdeh tərəfindən verilən 16 iyun 2022-ci il tarixli imtina məktubunda “Daşınmaz Əmlakın dövlət reyestri haqqında “ Azərbaycan Respublikası qanununun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci ilin yanvarın 1-dək verilmiş qərarlarla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə 3 ay müddətinə yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunduqdan sonra iddiaçının ərizəsinə qanunamüvafiq qaydada baxılacağı barədə cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yaradıldığına görə cavabdehin adının dəyişdirilməsini nəzərə almışdır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, 227 ünvanında yerləşən və iddiaçının istifadəsinə ayrılan 0,072 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamından çıxarışın tarixi isə xx.xx.2005-ci ildir və xx.xx.2001ci il tarixindən sonra ayrılmış torpaq sahələrinin qeydiyyatının aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Ləhiş bağ massivinin ərazisidir. Qonşu ərazilər bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ərizəyə əlavə edilmiş torpaq sahəsinə dair yerləşmə cizgisində göstərilən mövqe ilə faktiki sahənin mövqeyi tamamilə uyğunsuzluq təşkil edir. İddia olunan torpaq sahəsi yol kənarında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 1655 nömrəli Fərmanın 3-cü və 4-cü hissələrində həmin bəndinində qeyd olunan sənədlərlə bağlı ayrıca tənzimləmə müəyyən edilmişdir. Belə ki, Fərmanın 3cü hissəsinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları 3 ay müddətində aşağıdakı sənəd və məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər: yerli icra hakimiyyəti başçısının səlahiyyət qərarının surəti; yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin torpaqayırma qərarının surəti; torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı barədə məlumatı. Odur ki, yerli icra nümayəndələrinin qərarları əsasında hüquqların qeydiyyatı məsələsinə yalnız yuxarıda qeyd edilən sənədlər yerli icra hakimiyyəti orqanları tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra sözügedən məsələyə baxılması mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı, habelə onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 5 saylı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı ərizəsinə cavabdeh tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixli, **********71 saylı məktubla Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2001-ci il tarixindən sonra ayrılmış torpaq sahələrinin qeydiyyatının aparılması qanunvericilikdə nəzərdə tutulmadığı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsi əsas gətirilməklə torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina edilmişdir. - “Ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli, 1/223 saylı Sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri XDS İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarına istinad olunaraq iddiaçıya Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, yer 227 ünvanda 1200 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi 06 oktyabr 2005-ci il tarixli Aktla rəsmiləşdirilmiş, torpaq sahəsinin yerləşmə sxemi tərtib olunaraq rayon icra hakimiyyəti Nardaran Qəsəbə üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. - İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilən Nardaran Bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Nardaran qəsəbəsində bələdiyyə orqanının 2010-cu ilin yanvar ayından etibarən fəaliyyətə başladığı bildirilmişdir. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, əraziyə baxış keçirilmiş və yuxarıda qeyd olunan ünvanda torpaq sahəsinin sərhədlərinin mişar daşı ilə hasarlandığı qeyd olunmuşdur. Məhkəmə müəyyən edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı iddia tələbinin yeganə əsası olaraq Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli, 1/223 saylı “ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” sərəncamından çıxarışa istinad etməklə Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, yer 227 ünvanda yerləşən 0,072 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Qeyd olunan tələblə bağlı iddiaçı inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə və həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli Fərmanının 2.7-ci bəndinə istinad etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daxil edilmişdir (2.7). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinəəsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (...) Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Sadalanan maddi hüquq normalarını hazırkı mübahisəyə tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun gəlmir. Belə ki, hazırkı halda iddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim olunan Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı xx.xx.2005-ci il tarixdə qəbul edilmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Mövcud halda isə qeyd olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin halları ilə müəyyən edilməmişdir. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə iddiaçının istinad etdiyi digər arqumentlərə (2010-cu ildə Bakı Dairəvi Yolunun çəkilməsi ilə əlaqədar ona kompensasiya verilməsi və həmin dövrdə Nardaran qəsəbəsində bələdiyyənin fəaliyyət göstərmədiyinə görə bir çox şəxsə eyni qaydada torpaq sahəsinin ayrılması) münasibətdə qeyd edir ki, həmin əsasların mövcudluğu belə iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edə bilməz. Məhkəmənin qənaətinə görə, hazırkı halda iddaçı hüquqlarının rəsmiləşdirilməsini iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanunazidd sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsinin 06 iyun 2005-ci il tarixli, 1/223 saylı sərəncamına əsasən Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, yer 227 ünvanda yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yaranmır. İddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar