Məhkəmə qərarları › İş №2-1(112)-1094/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1094/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1094/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin satılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 95 ünvanında yerləşən və mülkiyyətində olan obyektin altında olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 95 ünvanında yerləşən və mülkiyyətində olan obyektin altında olan torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Cavabdeh ona 23 aprel 2021-ci il tarixli imtina məktubu göndərərək qeyd etmişdir ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsi birmərtəbəli binanın hissəsi olduğuna görə həmin binanın yerləşdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada birgə hüquqlar yarandığından müraciətinin icrası mümkün deyildir. Həmin məktub ona 28 aprel 2021-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı 02 sentyabr 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Nəsimi rayonu, Ə.Hüseynzadə 95 ünvanında yerləşən obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini göstərilməklə iddia tələbinin “mülkiyyətimdə olan ünvan 2 ünvanda yerləşən obyektin yerləşdiyi torpaq sahəsinin mənə satılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsi, iddia tələbinin “mülkiyyətimdə olan ünvan 2 ünvanda yerləşən obyektin yerləşdiyi torpaq sahəsinin mənə satılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 28.50 kv/metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur; **********51-06101-083001 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi bir mərtəbəli binanın birinci mərtəbəsinin bir hissəsidir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi bir mərtəbəli binanın hissəsi olduğuna görə həmin binanın yerləşdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada birgə hüquqlar yarandığından müraciətinin icrası mümkün deyildir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 95 ünvanında yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindn təqdim edilmiş 5820/3135 №-li, 12 iyul 2007-ci il tarixli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi xx.xx.2007-ci il tarixli, 01 saylı Əmrinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 95 (registr № ***-*******1-001) ünvanında yerləşən, ümumi sahəsi 27.3 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon MKT-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “icarəçi” “Vüqar- 7” kiçik müəssisəsinin (direktoru İddiaçı) müddətli (xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək) istifadəsinə vermişdir; 3885 №-li, xx.xx.2018-ci il tarixli “Müəssisənin (Obyektin) Alqı-Satqı Müqaviləsi”ndən görünür ki, satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 95 ünvanında yerləşən 28,5 kv/metr qeyriyaşayış sahəsini hərracdan satış qiyməti ilə 26250,00 –iyirmi altı min iki yüz əlli manata alıcı X1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 60-cı maddəsinin birinci hissəsinə əsasən, dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın preambulasına əsasən, İİ Dövlət Proqramı ... özəlləşdirilən müəssisə və obyektlərin, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılmasını, ...dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Proqramın 9-cu bəndinin müddəalarına görə, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir (9.2). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 №-li Fərmanı (2006-cı il 6 iyul tarixli, 426 №-li Fərmanla edilmiş əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra mətndə Əsasnamə) 1-ci bəndinə əsasən, bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir. Əsasnamənin müddəalarına görə, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur (2). Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır (4). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər (11). Bundan əlavə, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 6-cı bəndində qeyd edilir ki, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Dövlət Proqramının 2-ci bəndinə əsasən, özəlləşdirilməsi qadağan olunan əmlakın siyahısı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Özəlləşdirmə haqqında qanunvericilik aktlarında göstərilən hallardan başqa, özəlləşdirmə sahəsində məhdudiyyətlərin qoyulmasına yol verilmir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2.1-6.2.20-ci maddəsində Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan edilən əmlak növlərinin təsnifatı dəqiq olaraq qeyd edilmişdir. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Göründüyü kimi, cavabdeh inzibati orqan dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, vahid kadastrının aparılması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirilən orqan olmaqla, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin satılması onun müstəsna səlahiyyətlərinə aiddir. İPM-in: 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda, cavabdeh diskresion səlahiyyətə malik olmuş və qəbul etdiyi qərar həmin səlahiyyətlərin məqsədinə uyğun olmuşdur. Cavabdeh dsikresion səlahiyyətini həyata keçirərkən iddiaçının hüququnun məhdudlaşdırılmasına yönəlik hərəkətə yol verməmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin satılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar