Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10945/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü ildən 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. xx.xx.2024cü ildə 65 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası huququnun yaranmasını zəruri edən 65 yaşı tamam olduğundan tələb olunan sənədləri AR ƏƏSMN DSMF SÖMT üzrə Mərkəzi Filialına “DOST” mərkəzi vasitəsi ilə təqdim etmişdir. Adıçəkilən pensiya təyinatı üzrə məsul Mərkəzi Filial təqdim etdiyi sənədləri tam araşdırmadan xx.xx.2024-cü il tarixdə 3-17-1/11-133359/2024 saylı rəsmi cavabla ona ümumi iş stajının 25 ildən az olması səbəbi ilə əmək pensiyası təyinatından imtina etmişdir. Halbuki, iddiaçının xx.xx.2006-cı ilədək xx.xx.1974-xx.xx.1977-ci ilədək əyani təhsil üzrə, xx.xx.1977xx.xx.1979-cu illər ərzində Sovet ordusu sıralarında qulluq etdiyinə dair Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində 16 №-li qeydlə verilmiş arayışla və işlədiyi Tramvay-Troleybus İdarəsinin Troleybus Parkına aid AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan sənədlər əsasında xx.xx.1977-xx.xx.2007-ci illəri əhatə edən dövrlər üzrə iş stajı barədə xx.xx.2024-cü il tarixli Md-58№-li arayışdakı qeydlər əsasında ümumi iş stajı 25 ildən çoxdur. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-133359/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bır il azaldılmaqla hesablanır. Təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil illəri, xx.xx.1977-ci il tarixindən 01,12.1979-cu il tarixınədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla iddiaçının sığorta stajı 21 il 1 ay təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 5 ay sığorta stajına uyğun olaraq 20572,80 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək (8 ay sığorta stajına uyğun olaraq) 558,16 manat olmaqla, ümumilikdə 21130,96 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli МА-58, МА-59, MA-60 və MA-61 nömrəli arxiv arayışlarının araşdırılması zərurəti yaranmışdır. X1 İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi arxivi ilə xx.xx.2024-cü il tarixində birgə tərtib etdiyi akta əsasən Bakı şəhəri Tramvay-Trolleybus İdarəsində xx.xx.1977-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə iddiaçıya bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi olduğu üçün (VÖEN: **********) iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmayıb. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli 3- 17-1/2-166181/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı təqdim etdiyi sənədlərə baxiş keçirilərkən onun qanunvericilikdə müəyyənləşdirilmiş 25 il sosial sığorta stajının mövcud olmadığı aşkar edilmişdir. Filial etirazında imtinanın əsaslarından çıxış edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959cü ildə anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən 65 yaş həddinə xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçıya məxsus A seriyalı 317067 nömrəli diploma əsasən müəyyən edilir ki, iddiaçı 1974-1977-ci illərdə avtomobillərin təmiri üzrə çilingər ixtisası üzrə təhsil almış, ona xx.xx.1977-ci il tarixdə təhsilini bitirməsi ilə əlaqədar diplom verimişdir. Cavabdeh tərəfindən sözügedən təhsil müddəti mübahisələndirilmədən iddiaçının sosila sığorta stajına daxil edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 16 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü istefada olan əsgər İddiaçı 1977-ci ilin noyabr ayından 1979-cu ilin dekabr ayınadək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024cü il tarixli 3-72/2-H-661-1/2024 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışında qeyd olunmuşdur ki, xx.xx.1959-cu ildə anadan olmuş İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1977-ci il tarixdən Bakı şəhəri Tramvay-Trolleybus İdarəsininTrolleybus Parkına qaynaqçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1997-ci il tarixdən (xx.xx.1997-ci il tarixli, kş/40 №-li əmr) tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdən (xx.xx.1997-ci il tarixli, kş/69 №-li əmr) 7-ci dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2002-ci il tarixdən (xx.xx.2002-ci il tarixli, kş/44 №-li əmr) tutduğu vəzifəsindən azad edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-72/2-5507/2024 nömrəli məktubu ilə İddiaçı şəxsi kartoçkası və əmək haqqı cədvəlləri 207 vərəqdə məhkəməyə göndərilmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: Bakı şəhəri Tramvay-Trolleybus İdarəsində Trolleybus parkı üzrə verilmiş 07 may 1997-ci il tarixli 40 nömrəli əmrin T/M 4674 2-ci hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ƏQM-nin 38 –ci maddəsinin 4-cü bəndinə əsasən uzunmüddətli işburaxmaya görə xx.xx.1997-ci ildən işdən azad edilmişdir. Əsas qismində Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1997-ci il tarixli iclas protokolundan çıxarış və direktorun darkənarı göstərilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı iki aya yaxın müddət keçdikdən sonra keçirilmiş iclasın qərarı ilə iş buraxdığı dövrün başlanğıcından işdən azad edilmişdir. Bakı şəhəri Tramvay-Trolleybus İdarəsində Trolleybus parkı üzrə verilmiş 16 iyul 1997-ci il tarixli 69 nömrəli əmrin T/M 4674 D/İ 1959 saylı 2-ci hissəsində qeyd olunmuşdur ki, İddiaçı əmək haqqı ştat vahidləri cədəvəlinə uyğun olaraq ödənilməklə xx.xx.1997-ci il tarixli 3 ay müddətinə T/S-nə 7-ci dərəcəli rəngsaz işinə qəbul edilmişdir. MA-221 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən İddiaçı 1977-ci ildə sentyabr və oktyabr ayları, 1980-1983-cü illər üzrə əmək haqqı almışdır. MA-222 nömrəli xx.xx.2024-cü il tarixl arxiv arayışına əsasən İddiaçı 1984-cü ilin yanvar-oktyabr ayları, 1985-1988-ci illər üzrə əmək haqqı almışdır. MA-223 nömrəl xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən İddiaçı 1989-cu iin yanvar ayından 1995-ci ilin may ayı da daxil olmaqla, 1997-ci ilin fevral, may, iyul-dekabr ayları üzrə əmək haqqı almışdır. MA-224 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən İddiaçı 1998-ci ilin yanvar ayından – 2002-ci ilin iyun ayı da daxil olmaqla əmək haqqı almışdır. Beləliklə məhkəmə araşdırması ilə arxiv arayışlarına əsasən müəyyən edilmişdir ki, müəyyən illər üzrə bir aylıq məzuniyyət hüququ nəzərə alınarsa iddiaçıya 1980-1991-ci, 1998-200-ci ilərdə 14 tam il üzrə, 1977-ci ildə 2 ay, 1984-cü idə 9 ay, 1995-ci ildə 5 ay, 1997-ci ildə 8 ay, 2002-ci ildə 6 ay əmək haqqı ödənilmişdir, qeyd olunan müddətlərdə (16 il 6 ay), həmçinin təhsil (2 il 10 ay 29 gün) və hərbi xidmət dövründə (2 il 1 ay) iddiaçının sosial sığorta stajına malik olması iş materialları ilə üz təsdiqini tapmışdır. Həmçinin iddiaçının diplomu, 1977-cu ilin sentyabr-oktyabr ayları üzrə əmək haqqı almasına dair arayış və hərbi xidmətinə dair məlumat barədə arayışlar əsasında müddətlərin ardıcıllığının təmin olunduğu müəyyən edilmiş, bu müddətlərə dair şübhələr aradan qaldırılmışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən iddiaçıya təqdim edilmiş MA-281 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1977-ci il tarixdən Bakı şəhəri Tramvay-Trolleybus İdarəsinin Trolleybus parkına qaynaqçı vəzifəsinə işə qəbul olunmuşdur. Müəssisənin işi ilə əlaqədar olaraq 21 mart Novruz bayramı günündə (xx.xx.1991-ci il tarixli, kş/29 nömrəli əmr) işə çağırılmışdır. xx.xx.1995-ci il tarixdən əmək intizamını pozduğuna görə (xx.xx.1995, kş/66 nömrəli əmr) şiddətli töhmət verilmişdir. xx.xx.1996-cı il tarixdən (xx.xx.1996-cı il tarixli, kş13B nömrəli əmr) üzürlü səbəb olmadan işə çıxmadığına görə iki ay müddətinə köməkçi təsərrüfat sahəsinə fəhlə keçirilmişdir. xx.xx.1996-cı il tarixdən (xx.xx.1996-cı il tarixli, kş/41 nömrəli əmr) verilən tapşırıqları layiqincə yerinə yetirdiyinə görə cari və orta təmir briqadasına 7-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci il tarixdən (xx.xx.1997-ci il tarixli, kş/40 nömrəli əmr) tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdən (xx.xx.1997-ci il tarixli, kş/69 nömrəli əmr) 7-ci dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunmuşdur. Park daxilində qaydanı pozduğuna görə xx.xx.1998-ci il tarixli, kş/76 nömrəli əmr) şidətli töhmət elan edilmişdir. İyul 2002-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd olunan məlumatları təsdiq edən məlumat, əmr və şəxsi kartoçkanın surəti arayışa əlavə edilmişdir. Təqdim edilən məlumata əsasən mart 1992-ci il tarixdə və xx.xx.1994-cü il tarixdə (xx.xx.1990-cı il tarixli sərəncam əsasında) iddiaçıya münasibətdə əmrlərin verildiyi müəyyən edilmişdir. İddiaçıya verilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına əsasən (MA-284 xx.xx.2024) iddiaçı: Müəssisənin işi ilə əlaqədar olaraq xx.xx.1991-ci il Novruz bayramı günündə (xx.xx.1991- ci il tarixli, kş/29 №-li əmr) işə çağırılmışdır. Müəssisənin işi ilə əlaqədar olaraq xx.xx.1992-ci il İstiqlal günü münasibəti ilə (xx.xx.1992- ci il tarixli, kş/34 №-li əmr) işə çağırılmışdır. xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci ilə qədər (xx.xx.1992-ci il tarixli, kş/41 №-li əmr) əmək məzuniyyəti verilmişdir. Parkın fasiləsiz işini təmin etmək üçün bayram günləri xx.xx.1992-ci il və xx.xx.1993-cü il tarixlərdə (xx.xx.1993-cü il tarixli, kş/2 №-li əmr) işə çağırılmışdır. Müəssisənin işirilə əlaqədar olaraq xx.xx.1993-cü il Novruz bayramı günündə (xx.xx.1993- cü il tarixli, kş/49 №-li əmr) işə çağırılmışdır... Park daxilində qaydanı pozduğuna görə (xx.xx.1998-ci il tarixli, kş/ 76 №-li əmr) şiddətli töhmət elan edilmişdir. xx.xx.2002-ci il tarixdən (xx.xx.2002-ci il tarixli, kş/44 №-li əmr) tutduğu vəzifəsindən azad edilmişdir. MA-279 nömrəli xx.xx.2024-cü il tarixli arayışa əsasən 1996-cı ilin yanvar-iyun (6 ay) aylarında iddiaçıya əmək haqqı ödənilmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2-ci hissəsinin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasiyyətnamələr yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1959-cu il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina və iddiaya etiraz ərizəsində iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 illə xx.xx.2024-cü il tarixdə yaranması halı mübahisələndirilməmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən mübahisələndirilən illərə dair iddiaçının əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixədək onun sığorta stajına daxil edildiyi zaman ikinci şərt ödəniləcəkdir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1977-xx.xx.2002-ci illər üzrə Bakı şəhəri Tramvay Trolleybus İdarəsində işlədiyi dövrlər şübhə altına alınmaqla mübahisələndirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrünün göstərilən şəkildə mübahisələndirilməsi məhkəmə araşdırması ilə arxiv arayışları, əmrlər, iş materiallarına əlavə edilmiş sənəd və məhkəmə sorğuları ilə əldə olunmuş məlumatlara əsasən təkzib edilmişdir. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh təkrar qiymətləndirmə aparılması zamanı Tramvay-Trolleybus İdarəsinin Trolleybus parkında iddiaçının sözügedən müəssisədə işləməsini şübhə altına almışdır ki, bu hal məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Tramvay-Trolleybus İdarəsinin Trolleybus parkı tərəfindən verilmiş əmrlərə əsasən müəyyənləşdirilir ki, İddiaçı mübahisələndirilən dövrlərdə də həmin müəssisədə işləmişdir. Cavabdeh iddiaçının əmək iddiaçının mübahisələndirilən dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təkzib edəcək mötəbər dəlil təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehin əmək haqqı almaması əsası ilə iddiaçının 1992-1994-cü illərdə işləməməsini iddia etməsindən ibarət dəlili əsassızdır. Müəssisənin işi ilə əlaqədar olaraq iddiaçı 1992-ci ilin may ayında İstiqlal günü ilə əlaqədar işə çağırılmış, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixə qədər əmək məzuniyyətində olmuşdur, xx.xx.1992-ci il və xx.xx.1993-cü il tarixlərdə bayram günlərində işə çağırılmışdır. Bu isə qeyd olunan dövrlərdə onun həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. İddiaçı qeyd olunan müəssisədə işləmədiyi təqdirdə xx.xx.1995-ci il tarixli əmrlə ona əmək intizamını pozduğuna götə şiddətli töhmət verilə biməzdi. Bununla yanaşı əmrlərə əsasən iddiaçının 1996-cı il tarixli əmrlərlə aşağı vəzifəyə, daha sonra çilingər vəzifəsinə keçirilməsi xx.xx.1997-ci il tarixli əmr əsasında işdən azad edilməsi, xx.xx.1997-ci il tarixli əmr əsasənda isə işə qəbul olunması öz təsdiqini tapır. Bütün bunlar onu deməyə əsas verir ki, əmək haqqı arayışlarının mövcud olmamasına baxmayaraq arxivədə mövcud olan məlumatlar əsasında iddiaçının 1992- 1994-cü illərdə, həmçinin 1996-cı ildə qeyd edilən müəssisədə işləməsi öz təsdiqini tapır. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, məhkəmə sorğularına cavab olaraq təqdim edilən, həmçinin iş materiallarına əlavə olunmuş arayışlarda əmək haqqı cədvəllərinin iddiaçıya münasibətdə deyil, ümumiyyətlə Nazirliyin mərkəzi arxivinə təqdim edilmədiyi bildirilmişdir. Bu isə məhkəmə tərəfindən arayış və cədvəllər təqdim edilməyən dövlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmamasını iddia etmək üçün əsas vermir və həmin dövrlər (1992-1994, 1996) iddiaçının sosial sığorta stajına nəzərə alınmalıdır. Bununla da iddiaçının arayışlar əsasında əmək haqqı ödənilməklə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən dövr (1996-cı ilin yanvar-iyun ayları nəzərə alınmaqla), təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla (16 il 6 ay+6 ay+2 il 10 ay 29 gün+2il 1 ay) 21 il 11 ay 29 gün, 1992-1994, 1996-cı illərdə işlədiyi dövr 4 il (əmək haqqı arayışı olan 1996-cı il üzrə 6 ay nəzərə alınmaqla) olmaqla onun ümumi sığorta stajı 25il 5 ay 29 gün (21il 11 ay 29 gün + 3 il 6 ay (1996-cı il üzrə əmək haqqı cədvəlləri mövcud olan 6 ay nəzərə alınmaqla)) təşkil edir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.1977-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyəti məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. İş materiallarına əlavə edilmiş sənədlərə və məhkəmə sorğusuna əsasən təqdim edilmiş sənədlərə əsasən əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək haqqı cədvəlinin arxiv arayışı, əmrlərdən çıxarışlar və arxiv məlumatlarını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-10945/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10945/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver