Məhkəmə qərarları › İş №2-1(112)-10945/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10945/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10945/2025 09.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sağlamlıq imkanları məhdud şəxsə qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sağlamlıq imkanları məhdud şəxsə qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 08 iyul 1987-ci il tarixdən 15 iyul 2020-ci il tarixədək mərhum əri X3 qulluq etdiyinin qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X5 ilə 8 iyul 1987-ci ildə Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. N.M.İsmayılov 15 iyul 2020-ci il tarixdə ölmüşdür. N.M.İsmayılovla nikaha daxil olarkən sonuncu 1-ci qrup gözdən əlil idi. O, mərhum ərinə 08 iyul 1987-ci ildən sonuncunun vəfat etdiyi 15 iyul 2020-ci il tarixədək qulluq etmişdir. Sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu tərəfindən ondan həqiqətən mərhum ərinə qulluq etməsini təsdiq edən qətnamə tələb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, № 3-17-1/2-182898/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Cavabdehin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək mərhum əri X3 qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməklə ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı İ.X1 daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2025-ci il tarixli 3-17-1/2-İ- 16332/2025 nömrəli məktubla bildirilmişdir ki, X3 qulluq etməyi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarını DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciəti əsasında iddiaçının uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1ci maddəsinin tələblərinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. Sözügedən Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın (qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyən şəxslər) sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədlərin surətinə əsasən xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1988-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrü, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslər üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənildiyi dövr nəzərə alınmaqla onun ümumilikdə 18 il 11 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə məsul şəxsin adı və imzası olmadığı üçün həmin dövr sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə və ya “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən daxil edilir, qulluqolunan vəfat etmişdirsə, qeyd edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən sığorta stajına daxil edilir. Belə ki, daha əvvəl İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.2020ci il tarixinədək mərhum əri X3 qulluq etdiyi müddətin hüquqi əhəmiyyətli fakt qaydasında təsdiq edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı Dost Mərkəzinə qarşı “mərhum ərinə qulluq edilməsi müddətinin nəzərə alınması” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında “Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi iddiaçının xx.xx.1987-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək mərhum əri X3 qulluq etmə faktının mülki məhkəmə qaydasında təsdiqi yolverilməz olduğundan həmin dövr iddiaçının sığorta stajına daxil edilə bilməz. Həmçinin onu da bildiririk ki, iddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək mərhum əri X3 qulluq etməyi ilə bağlı başqa hər hansı rəsmi sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2030-cu il tarixinədək sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş analara təyin olunan yaşa görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının vəzifəsidir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajının 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Yuxarıda qeyd olunanlara iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılmaqla, təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: .... 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:

1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; Göründüyü kimi, əlilliyi müəyyən edilmiş şəxsə (və ya sağlamlıq imkanları məhdud uşağa) qulluqetmə müddətinin qulluq edənin sosial sığorta stajına daxil edilməsi əgər qulluqolunan vəfat etmişdirsə, adı çəkilən Qaydaların 4.1. yarımbəndinin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən həyata keçirilir. Hazırki işdə də iddiaçının Qaydaların 4.1. yarımbəndinin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlərə malik olduğu müəyyən olunmur. Belə olan halda iddiaçı sağlamlıq imkanları məhdud olan mərhum ərinə sağlığında onun tərəfindən qulluq edilməsi faktının yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilməsindən sonra həmin müddətin onun sığorta stajına daxil edilməsi iddiasını irəli sürə bilər. İndiki vəziyyətdə isə iddiaçının sağlamlıq imkanları məhdud olan mərhum ərinə sağlığında onun tərəfindən qulluq edilməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmadığı üçün, yəni belə qərar mövcud olmadığından iddiaçının hazırki iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(007)-2032/2025 №li qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh 3 saylı Bakı DOST Mərkəzinə qarşı “mərhum ərinə qulluq etdiyinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, onun xx.xx.1987-ci ildən xx.xx.2020-ci il tarixədək mərhum əri X3 qulluq etdiyinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, onun xx.xx.1987-ci ildən xx.xx.2020-ci il tarixdək mərhum həyat yoldaşı X3 qulluq etdiyinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs 3 saylı Bakı DOST mərkəzinə qarşı “həyat yoldaşına qulluq etdiyinin müəyyən edilməsi” haqqında ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılması qərara alınmışdır. Həmin ərizə üzrə iddiaçıya izah edilmişdir ki, xəstəyə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2032/2025 №li qərardadı ilə İddiaçı cavabdeh 3 saylı Bakı DOST Mərkəzinə qarşı “mərhum ərinə qulluq etdiyinin müəyyən edilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Belə ki, iddiaçı tələbi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 2032/2025 №li qərardadında ifadə olunmuş hüquqi mövqeyin məntiqi davamı kimi qeyd edir ki, xəstəyə qulluq etmə faktı məhkəmələr tərəfindən müəyyən edilməsi mümkün olan faktlara aid deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində də məhkəmələrə izah edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan ... əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, ... kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi istər əlil olma faktı, istər xəstəyə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə iddiaçının məhkəmə müdafiəsi hüququnun səmərəliliyi baxımından baxılan işin hallarına işıq tutmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli qərarın 13.3-cü bəndinə əsasən iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, pensiya təyinatı mövcud olmadan, yaxud da təyin edildiyi təqdirdə onun yenidən hesablanması üzrə zəruri olan hər hansı bir dövrün sığorta stajına həmin təyinat aparılmadan və ya təyinatın aparılması tələb edilmədən daxil edilməsinin cavabdehə həvalə edilməsi formasında iddia üzrə hüquqi marağın mövcudluğundan söhbət gedə bilməz. Plenum Qərarının açıq tələbindən də göründüyü kimi iddianın təmin edilməsinin nəticəsi, hüquqi müdafiəyə ehtiyac, düzgün hüquqi müdafiə vasitəsi, əlverişli iddia növü, onun çatmaq istədiyi məqsədlə əlaqədardır. Əgər verilmiş iddianın uğurlu olması halında belə iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq mümkün olmursa, iddia uğurlu olsa belə düzgün hüquqi müdafiə vasitəsi, o cümlədən əlverişli iddia növü hesab edilmirsə, həmin iddianın mahiyyəti üzrə qiymətləndirilməsi istisna edilməlidir. Hazırkı halda da, göstərilən müddətin sığorta stajına daxil edilməsi iddiaçı üçün nə pensiya təyinatı, nə də əmək pensiyasının yenidən hesablanması ilə nəticələnmir. Hazırkı halda iddianın təmin edilməsi demək, hər hansı pensiya işi olmadan mövcud olmayan pensiya işinə adıçəkilən dövrün sosial sığorta stajına daxil edilməsi kimi bir hal yaranır ki, məhkəmə hesab edir ki, göstərilən hal nəzərə alınmaqla faktiki maraq və hüquqi maraq arasında fərqləndirmənin aparılması zəruridir. Təbii haldır ki, pensiya təyinatı üzrə müraciət etdiyi təqdirdə iddiaçı adıçəkilən dövrün sığorta stajına daxil edilməsi və ya əmək pensiyasının işin hallarından asılı olaraq yenidən hesablanması üçün staja daxil edilmə barədə müraciət edə bilər. Aydın məsələdir ki, iddiaçının pensiya təyinatı və ya pensiyanın yenidən hesablanması ilə əlaqədar hüquqi marağına uyğun həmin dövrün daxil edilərək təyin edilmə və ya yenidən hesablama mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olan iddiadır. Hazırkı halda isə, iddiaçı pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati icraatın gedişində yoxlanılmalı olan hər hansı halın ayrıca inzibati və ya inzibati məhkəmə icraatı qaydasında həll edilməsinə nail olmağa çalışır ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati və ya inzibati məhkəmə icraatının predmetini təşkil edən ayrı-ayrı hallarla əlaqədar əlavə inzibati akt və ya məhkəmə qərarının qəbul edilməsi zərurəti mövcud deyildir. Əks yanaşma odur ki, əmək pensiyası təyinatını gələcəkdə arzu edən şəxslər hər gün, hər ay, hər il üzrə mübahisəli dövrlərin sığorta stajına daxil edilməsi formasında iddialarla müraciət etməsi istisna olunmamalıdır. Halbuki, həmin mübahisəli hal son nəticədə mahiyyəti üzrə qiymətləndirilməli olan, indiki halda pensiya təyinatı və ya yenidən hesablanması çərçivəsində öz həllini tapa bilən məsələdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddianın düzgün olub-olmaması qiymətləndirilməməlidir. Bu zaman cavabdehin mahiyyəti üzrə vermiş olduğu imtina da məhkəmə hesab edir ki, pensiya təyinatı və ya yenidən hesablanması barədə müraciətində həmin halın yenidən qiymətləndirilməsini istisna etməməkdədir. Əks halda, cavabdeh həmin halı qəbul etdiyi təqdirdə onun rəsmiləşdirilməsini də həyata keçirməyə borcludur ki, gələcəyə yönəlmiş hazırkı növ iddianın və ya müraciətin müsbət həlli demək, pensiya təyin edilməsə belə, hər hansı pensiya işi olmasa belə, müraciətin müsbət həlli baxımından hər hansı hərəkətin edilməli olması deməkdir. Başqa sözlə, deyək ki, hər hansı dövr üzrə sosial sığorta stajına daxil edilmə müraciəti və ya iddiası təmin edilir, lakin, gələcəkdə pensiya yaşına çatdıqdan sonra müraciət nəticəsində müəyyən edilir ki, iddiaçı son nəticədə əmək pensiyası təyinatı aparılmalı olmayan şəxsdir. Bu halda həmin dövr çatmadan gələcək təminata yönəlmiş hazırkı növ iddialar üzrə məhkəmə qərarlarının hüquqi nəticəsi, onun rəsmiləşdirmə, olmayan pensiya işinə daxil edilə bilmirsə, harda saxlanılmalı, hansı qaydada nəzərə alınmalı olması kimi suallar meydana çıxır ki, göstərilən hallar hazırkı iddianın mümkünlük şərtlərini ödəməməsi qənaətindədir. Təbii haldır ki, sosial sığorta stajına hər hansı dövrün daxil edilməli olması iddiası müstəsna hallarda mahiyyəti üzrə də qiymətləndirilə bilər. Misal, hər hansı sahə üzrə təcrübə tələb edən, staj tələb edən dövlət orqanına qarşı göstərilən dövrün təcrübə göstərilən dövr kimi və ya ümumi staj, dövlət qulluğu stajı kimi götürülməsi və s. Bu zaman da, iddia pensiya təyinatını və ya müavinətini yox, məhz həmin dövrü qəbul etməyən inzibati orqana qarşı qaldırılmalıdır ki, hər bir halda hazırkı müraciət üzrə dövrün daxil edilməsi gələcək pensiya təminatına yönəldiyindən göstərilən misalda göstərildiyi kimi müraicətin hər bir halda mahiyyəti üzrə qiymətləndirilməsini istisna edir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək iddiaçıya “mərhum əri X4 qulluq etdiyi xx.xx.1987- xx.xx.2020-ci il tarixə kimi dövrü onun sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin olunması” kimi iddia tələbini dəqiqləşdirmədiyi təklif etmiş, iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçı ilə müzakirə etmiş, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən formada təmin edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin həvalə edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi təqdirdə, onun eyni tələblə məhkəməyə müraciət etmək hüququ istisna edilmir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sağlamlıq imkanları məhdud şəxsə qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar