Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10948/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və onun vəkili X4 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində anadan olmuş İddiaçı Rafıqoviçin - doğum faktının Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə 393 nömrəli akt qeydi əsasında qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində anadan olmuşdur. Onun doğumunun Dağıstan Respublikasının Kaspiysk şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə 393 nömrəli aktla qeydə alınmışdır və o Vİ-BD (B/f) seriyalı, 330926 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Anası X9 xx.xx.1972-ci il tarixdə anadan olub (doğum yerini bilmir). Hazırda anasının hansı ölkənin vətəndaşı olması və harada yaşaması barədə məlumatı yoxdur. X5 xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. Atası Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Valideynlərinin nə vaxt və harada nikaha daxil olması barədə məlumatı yoxdur. Onun təxminən bir yaşı olanda 1992-ci ildə atası anası, onu və bacısını Azərbaycana gətirib və onlar Neftçala rayonu, Həsənabad qəsəbəsində məskunlaşmışlar. Elə həmin ildə də valideynləri ayrılıb. Bundan sonra anası bacısı X8 da götürüb Rusiya Federasiyasına gedib. Anası gedərkən bacısının doğum haqqında şəhadətnaməsinin əvəzinə onun doğum haqqında şəhadətnaməsini özü ilə aparıb. Həmin vaxtdan sonra atası onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi üçün heç bir səlahiyyətli orqana müraciət etməyib. Anası getdikdən sonra o atasının və analığının himayəsində yaşamışdır. 1992-ci ildən təxminən 1993-94-cü ilə kimi Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşamışlar. Daha sonra onlar Cəlilabad rayonunun Sarxanlı kəndinə köçmüşlər və 1995-1996-cı ilə kimi orada yaşamışlar. 1996-cı ildə Bakı şəhəri, Yasamal rayonu, keçmiş Alatava küçəsində (dəqiq ünvanı bilmir) kirayə evə köçmüş və 1997-ci ilə kimi orada yaşamışlar. 1997-ci ildən hazırkı vaxta kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, ünvan 2 ünvanında yaşayır. Sağlamlığı ilə bağlı problemi olduğu üçün (ayağında problem var) yaşadıqları Bakı şəhəri Binəqədi rayonunun ərazisində fəaliyyət göstərən 299, 284 və 100 nömrəli orta məktəblərdən heç biri onu qəbul etmədi. 1997-ci ilin üç ayı ərzində qonşuluğunda yaşayan bir müəllim evdə ona dərs keçib. Daha sonra ona yazıb-oxumaq, saymaq kimi ilkin bilikləri bacısı X10 öyrədib. Onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün isə heç vaxt rəsmi iş yeri olmayıb. Hazırda fəhləliklə məşğul olur. 2018-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1996-cı il təvəllüdlü X11 ilə ailə qurmuşdur. Onların ailə münasibətindən bir qızları doğulub. Lakin şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün nə onunla nikaha daxil ola bilmiş, nə də ki, qızının atalığı müəyyən edilib. Həyat yoldaşı hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Yeni yaşayış massivi. ünvan 2 ünvanında yaşayır. X6 xx.xx.2019-cu il tarixdə Cəlilabad rayonunda anadan olub. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda onlarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, ünvan 2 ünvanında yaşayır. Bacısı X12 xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasının Saratov vilayətinin Saratov şəhərində anadan olub. 2012-ci ildə bacısı ona məktub göndərmişdi. Həmin vaxt bacısı Rusiya Federasiyasının Stavropol vilayətində yaşadığını bildirmişdi. 2012-ci ildən sonra onunla əlaqəsi olmayıb. Hazırda onun hansı ölkənin vətəndaşı olması və harada yaşaması barədə məlumatı yoxdur. Atası anası ilə ailəli olarkən eyni vaxtda başqa qadınla da ailə qurub, onların evliliyindən 3 uşaq doğulub. Bacısı Muradova (nikahdan əvvəlki soyadı: Əhmədova) Tünzalə Rafiq qızı xx.xx.1990-cı il tarixdə Cəlilabad rayonunda anadan olub. Bacısı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində yaşayır (dəqiq ünvanı bilmir). X1 xx.xx.1994-cü il tarixdə Neftçala rayonunda anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, ünvan 2 ünvanında yaşayır. X2 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, ünvan 2 ünvanında yaşayır. Hazırda iddiaçının 31 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Şəxsiyyətini və vətəndaşlığımı təsdiq edən sənədi olmadığı üçün heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Rusiya Federasiyasına gedib həmin sənədi ala bilmir. O hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, ünvan 2 ünvanında yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Buna görə də o xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında onun Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə 393 nömrəli akt qeydi əsasında doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini təmin etmələrini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/q-2069/13 nömrəli məktubla (həmin cavab məktubu rəsmi şəkildə onlara xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir) müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: "Bildirilir ki, xx.xx.1993-cü il tarixli "Mülki, cinayət və ailə məsələləri üzrə hüquqi yardım və hüquqi münasibətlərə dair" Minsk Konvensiyasına əsasən Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsi ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhər VVAQ Şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1991-ci il tarixli 393 saylı doğum haqqında şəhadətnamənin gətirilməsi barədə köməklik göstərə bilərik. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamləri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatması səbəbindən və şəxsiyyətini təsdiq edən sənəd olmadığından ərizəsini təmin edə bilmirik”. Hesab edir ki, Bakı şəhəri, Cavabdeh bu cavabı tamamilə əsassızdır. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərimişdir ki, iddiaçının iddiasına etiraz edirlər və işin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Nəzərə çatdırırlar ki, vətəndaşın doğumu Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhər VVAQ şöbəsi tərəfindən verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 17315372 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1960-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. - Saratov şəhəri, Frunze rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, V-PY 394223 №-li doğum haqqında şəhadətnamənin tərcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5, anası X3 X12 xx.xx.1989-cu ildə RSFSR, Saratov şəhərində anadan olmuş, bu barədə 1989-cu ilin noyabr ayının 01-ci günündə 732 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Dağıstan SSR Kaspiyski rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 19 aprel 1991-ci il tarixli, Vİ-BD 330926 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5, anası X3 İddiaçı 25 yanvar 1991-ci ildə Dağıstan Respublikasının Kaspiysk şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1991-ci ilin 04-cü ayının 19-cu günündə 393 № ilə qeyd edilmişdir. - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2022-ci il tarixli, ***-*******1 №-li himayə sənədinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı BMT QAK-ın mandatı altında olan şəxs (və ya şəxslər)-dir. Sənəd xx.xx.2023-cü il tarixədək etibarlıdır. - Azərbaycan Respublikasi Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 15/50 №-li arayışın notarial qayda da təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan X18 (himayə sənədi № ***-*******1) Dövlət Miqrasiya Xidməti tərəfindən 21 may 2022-cı il tarixindən 17 may 2023-cü il tarixinədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Y/Y massivi, ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/9-2069/13 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1993-cü il tarixli “Mülki,cinayət və ailə məsələləri üzrə hüquqi yardım və hüquqi münasibətlərə dair Minsk Konvesiyasına” əsasən Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsi ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhər WAQ şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1991-ci il tarixli, 393 saylı doğum haqqında təkrar şəhadətnamənin gətirilməsi barədə köməklik göstərə bilərlər. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və faəliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatması səbəbindən və şəxsiyyətini təsdiq edən sənəd olmadığından ərizəni təmin edə bilmədiklərini qeyd etmişlər. Məhkəmə işdə iştirak edən iddiaçının və onun vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 160.1-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitabdakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətlərı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. - 162.1-ci maddəsinə əsəsasn vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. - 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. - 9.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. - 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. - 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. - 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; dövlət rüsumunun ödənilməsi barədə sənəd; ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı doğum aktı qeydi Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhər VVAQ Şöbəsi tərəfindən qeydə alınmışdır. İddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. Sonuncu Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə malik olmasa da Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, ***-*******1 №-li himayə sənədinə malikdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı bilavasitə “Himayə sənədi” əsasında həmin inzibati orqan tərəfindən qeydiyyata alınmışdır və bununla bağlı müvafiq sənədlərin təqdim edilməsinin mümkünlüyü barədə bildirmişdir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Göründüyü kimi Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş "şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Məhkəmənin qənaətinə görə hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasını “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmaması ilə əsaslandırsa da Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş xx.xx.2022-ci il tarixli, ***-*******1 №-li himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın: - 4-cü maddəsinə əsasən razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, bu maddənin 1 -ci bəndində göstərilən işlər üzrə hüquqi yardımı Razılığa gələn Tərəflərin digər müəssisələrinə də göstərirlər. Hüquqi yardım, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər müraciətlər əsasında həyata keçirilir. - 5-ci maddəsinin birinci bəndinə əsasən, hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. - 6-cı maddəsinə görə, razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə İddiaçı Rafıqoviçdən şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1991-ci il tarixdə doğumunun Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə 393 nömrəli akt qeydi əsasında qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Rafıqoviçdən şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1991-ci il tarixdə doğumunun Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə 393 nömrəli akt qeydi əsasında qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq İddiaçı Rafıqoviçə təqdim edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-10948/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10948/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver