Məhkəmə qərarları › İş №2-1(112)-10948/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10948/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10948/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “vəzifəyə təyin edilmə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “vəzifəyə təyin edilmə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, qulluq keçdiyi orqan ləğv edilərək səlahiyyətləri yenidən təşkil olunan cavabdehə verilmiş, o, ehtiyat kadrlar siyahısına daxil edilmişdir. İddiaçı hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq o, dövlət qulluqçusu kimi dövlət orqanının ləğvi ilə əlaqədar olaraq işə düzəlməkdə üstünlük hüququna malikdir ki, cavabdeh həmin halı nəzərə almır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, iddiaçının müraciətlərinə dair dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri ona izah edilmişdir. Belə ki, tutmaq istədiyi vəzifə üzrə hüquqşunaslıq ixtisası tələb edilir ki, iddiaçı həmin ixtisasa malik olmamışdır. Həmçinin, iddiaçı iki illik müddət bitdikdən sonra işə qəbul edilmək üçün müraciətlər edilməsinə başlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddianın müddət ilə bağlı mümkünlük şərtinin ödənilməsinə münasibət bildirir və hesab edir ki, müddət ilə bağlı şərt ödənilmişdir. Belə ki, cavabdehin 15 may 2023-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh iddiaçının oxşar məzmunlu müraciətlərinə dair növbəti dəfə yenidən icraat aparmış, müraciəti baxılmamış saxlamamış, müraciətə cavab məktubunda qeyd etmişdir ki, tutmaq istədiyi vəzifə üzrə hüquqşunaslıq ixtisası tələb mövcuddur. Eyni zamanda, qeyd edilmişdir ki, qərarla razılaşılmadığı təqdirdə inzibati və ya məhkəmə qaydasında müraciət edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən, ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; Hazırkı halda, cavabdeh inzibati orqan “təkrar” hesab etdiyi müraciətin “İnzibati icraat haqqında” Qanunun 34.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanmasına dair hər hansı qərar qəbul etməyib. Cavabdeh iddiaçının sonuncu müraciəti üzrə onun arzuladığı inzibati aktı qəbul etməkdən imtina edib və eyni zamanda hazırkı imtinadan inzibati qaydada məhkəməyə müraciət etmək hüququnu izah etmişdir ki, bu səbəbdən yeni inzibati icraatın nəticələrinə dair iddiaçı müddət ötürülməməklə məhkəməyə müraciət edərək onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymağı tələb edir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, analoji iş üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş 2-1(102)-1373/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından göründüyü kimi, kassasiya instansiya məhkəməsinin müddət ilə bağlı çıxış etdiyi prizma məhz inzibati orqan tərəfindən təkrar müraciətlərə baxılarkən baxılmamış saxlanılma barədə qərarın qəbul edilib-edilməməsindən, həmçinin şəxsin təkrar müraciətinə baxılarkən ilki müraciətdə qeyd olunan imtina əsaslarının göstərilməsindən irəli gəlir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 məktubundan görünür ki, iddiaçının qulluq keçdiyi qurumun ləğvi ilə əlaqədar o, ehtiyat kadrlar siyahısına daxil edilmişdir. Cavabdehin 15 may 2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tutmaq istədiyi inzibati vakant vəzifəsinə dair təlimatlara əsasən qulluq funksiyalarının yerinə yetirilməsi üçün vəzifənin tutulma şərtlərinə hüquqşunaslıq ixtisası üzrə təhsil tələbi nəzərdə tutulmuşdur. X1 qərarında qeyd edilmişdir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işçilərinin dövlət qulluğuna 18 may 2018-ci il tarixdən xitam verilmişdir. Ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətinə X2 ehtiyat kadr kimi saxlanılır. Ləğv etmə Prosesində olan Komitənin əmrinə əsasən iddiaçının dövlət qulluğuna və əmək müqaviləsinə 18 may 2018-ci il tarixdən xitam verilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Dövlət qulluğu haqqında” Qanunun: 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın:

1. Bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir.

2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X3 (bundan sonra – Mərkəz) məlumat verməlidir.

3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər.

5. Ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır.

6. Dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 nömrəli 20 aprel 2018-ci il tarixli Sərəncamının:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) yaradılmışdır.

3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmişdir.

4. Bu Sərəncamın 3-cü hissəsinə əsasən ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 845 nömrəli 23 oktyabr 2019-cu il tarixli Fərmanının:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan müddəaların tələbindən də müəyyən edildiyi kimi dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini tənzimləyən qanunvericiliyin tələbinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə təyin edilmək hüququna malikdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı yuxarıda adıçəkilən Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlük hüququnun realizəsində maraqlıdır ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehdə iddiaçı tərəfindən vəzifə tutulmasına münasibətdə cavabdehin öhdəlik daşıması üçün başlıca şərt kimi həmin müddəaların tələbinə əsasən cavabdehin iddiaçının qulluq etmiş olduğu dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanı olması mütləqdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən isə müəyyən edilir ki, cavabdeh ləğv edilmiş orqanın bazasında yeni yaradılmış qurum olmamış, sadəcə olaraq Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətlərin icrası ona tapşırılmışdır ki, məhkəmə hesab edir ki, həmin səlahiyyətlərin icrasının cavabdehə həvalə edilməsi həmin inzibati orqanın ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bazasında yaradılması anlamına gətirməməklə hazırkı iddianın təminini istisna edir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tutmaq istədiyi vəzifəyə münasibətdə vəzifə təlimatlarına əsasən hüquqşunaslıq ixtisasının tələb olunması barədə şərtin də ödənilməsinə yönəlmiş ixtisasa malik olmadığından, məhz irəli sürmüş olduğu vəzifəyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bazasında cavabdeh yaradılsaydı belə təyin üçün əsasa malik olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar