Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1095/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu ray, Ramana qəs, Yeni Yaşayış massivində yerləşən 16 saylı mənzilin iddiaçının adına rəsmiləşdirilərək çıxarış verilməsinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu ray, Ramana qəs, Yeni Yaşayış massivində yerləşən 16 saylı mənzil iddiaçının anasına məxsusdur. Həmin mülkiyyət anasına Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının 476 saylı, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən tikintisi başa çatmış fərdi yaşayış sahəsi olaraq ayrılmışdır. Anası vəfat etdikdən sonra qeyd edilən mülkiyyətə dair onun adına vərəsəlik haqqında şəhadətnamə əldə edilmiş və digər vərəsələr onun xeyrinə imtina etmişlər. Həmin vaxt üçün bu barədə Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 249 saylı, xx.xx.2002-ci il tarixli sərəncamı qəbul olunmuşdur. Göstərilən əmlaka dair həmin vaxt üçün texniki pasportun alınması və qeydiyyat vəsiqəsinin əldə edilməsi də müəyyən olunmuşdur. Hər iki sənəd mülkiyyət hüququnu realizə edir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında İİ dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 16 saylı mənzilin adına rəsmiləşdirilməsi və çıxarışın verilməsinə dair İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etsəm də, həmin idarə tələbimin qanunauyğun olmadığını əsas gətirərək müraciətini icra etməmişdir. Göstərilən hallar mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Mənzil üzərində sərəncam hüquqlarını realizə edə bilmir. Bu səbəbdən dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuş olur. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 16 saylı mənzilin adına rəsmiləşdirərək çıxarış verilməsi İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsi və üzərində 129.4 kv.m olan 16 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, fərdi yaşayış evinə dair təqdim olunmuş Sabunçu rayon İcra Hakimiyyəti başçısının 476 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamında göstərlən texniki göstəricilərlə fərdi yaşayış evinin faktiki ölçüləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən fərdi yaşayış evinin tikintialtı sahəsi 129.4 kv.m təşkil edir. Həmçinin elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi S.Əliyev adına Südçülük Maldarlıq üzrə Damazlıq Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, idarəçiliyə qaytarılma Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı əsasında həyata keçirilmiş, həmin sərəncam qüvvəyə minənədək Sabunçu Rayon İcra Hakimiyyəti başçısının torpaq sahəsi ayırma səlahiyyəti olmamışdır. Bundan başqa, faktiki göstərilən torpaq sahəsinə dair torpaqayırma sənədi və yerləşmə cizgisi təqdim edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, təqdim edilən sərəncam mərhum X4 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus sənədlər əsasında vərəsəsinə çıxarış verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 17 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 159 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 17 saylı notariat ofisinə qızı X10 müraciət etmişdir. X5 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən X10 miras qoyanın vərəsəsi olması barədə sizə məlumat verilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1003/2024 nömrəli məktubu ilə göndərilmiş Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.2003-cü il tarixli, 476 saylı sərəncamına əsasən “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 sayiı xx.xx.2002-ci il tarixli sərəncamı ilə Bakı şəhəri ərazisində qeydə alınmış, lakin məskunlaşmamış Ermənistan qaçqınlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış ərazidə fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmış və Ermənistan Respublikasından olan məskunlaşmamış qaçqınlar həmin evlərə köçürülmüşlər. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı Fərmanını rəhbər – tutaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamını və Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin ƏŞ-3797 saylı xx.xx.2003-cü il tarixli məktubunu nəzərə alaraq Ramana qəsəbəsi, Yeni yaşayış massivində 1 otaqlı tikinti sahəsi 73.2 m2, ümumi sahəsi 56,6 m2, yaşayış sahəsi 22.08 m2, təsərrüfat otağının sahəsi 18.24 m2, açıq eyvan sahəsi 7.83 m2 olan 1200.0 kv.m. torpaq sahəsində tikilmiş 16 saylı evə vətəndaş X4 adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən fərdi yaşayış evinin ümumi sahəsi faktiki 37.9 kv.m, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki 0.12 ha təşkil edir. Ərazidə əvvəllər bir ədəd bir mərtəbəli fərdi yaşayış evi və bir ədəd həyət tikilisi inşa edilmişdir. Fərdi yaşayış evi bir otaqdan və köməkçi sahələrdən ibarətdir (ümumi sahəsi 37.9 m2). Sonradan ərazidəki həyət tikilisi və ümumi Sta sahəsi 55.0 m2 olan köməkçi otaq inşa edilmiş tikililər fərdi yaşayış evinə birləşdirilmişdir.Fərdi yaşayış evinin ümumilikdə Sta sahəsi 129.4m2-dır. Fərdi yaşayış evinin texniki göstəriciləri Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 16 avqust 2003-cü il tarixli 476 saylı sərəncamında göstərilən fərdi yaşayış evi ilə uyğunsuzdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçı tərəfindən iddia olunan Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 16 saylı fərdi yaşayış evi və qonşuluğundakı daşınmaz əmlakın dövlət reyestində qeydiyyatdan keçmiş **********75-10301, **********74-10301, **********35-10301, **********74-10301, **********44-10301 reyestr nömrəli əmlakların əks olunduğu sahəyə dair ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, məktubu ilə göndərilmiş sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 590 saylı sərəncamına əsasən “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 sayiı xx.xx.2002-ci il tarixli sərəncamı ilə Bakı şəhəri ərazisində qeydə alınmış, lakin məskunlaşmamış Ermənistan qaçqınlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış ərazidə fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmış və Ermənistan Respublikasından olan məskunlaşmamış qaçqınlar həmin evlərə köçürülmüşlər. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı Fərmanını rəhbər – tutaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamını və Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin ƏŞ-3797 saylı xx.xx.2003-cü il tarixli məktubunu nəzərə alaraq Ramana qəsəbəsi Yeni yaşayış massivində 2 otaqlı, tikinti sahəsi 101,80 m2, ümumi sahəsi 78,01 m2, yaşayış sahəsi 34,96 m2, təsərrüfat otağının sahəsi 18,24 m2, açıq eyvan sahəsi 17,01 m2 olan 1200,0 kv.m. torpaq sahəsində tikilmiş 74 saylı evə vətəndaş X7 adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 590 saylı Sərəncamı əsasında X9 ayrılmış 1200 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 590 saylı sərəncamına əsasən “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 sayiı xx.xx.2002-ci il tarixli sərəncamı ilə Bakı şəhəri ərazisində qeydə alınmış, lakin məskunlaşmamış Ermənistan qaçqınlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış ərazidə fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmış və Ermənistan Respublikasından olan məskunlaşmamış qaçqınlar həmin evlərə köçürülmüşlər. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı Fərmanını rəhbər – tutaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamını və Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin ƏŞ-3797 saylı xx.xx.2003-cü il tarixli məktubunu nəzərə alaraq Ramana qəsəbəsi Yeni yaşayış massivində 3 otaqlı, tikinti sahəsi 134,72 m2, ümumi sahəsi 105,86 m2, yaşayış sahəsi 46,36 m2, təsərrüfat otağının sahəsi 18,24 m2, açıq eyvan sahəsi 31,35 m2 olan 1200,0 kv.m. toropaq sahəsində tikilmiş 120 saylı evə vətəndaş X1 adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ il X1 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********36 nömrəli məktubunda bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman fərdi yaşayış evinə dair təqdim olunmuş Sabunçu rayon İcra Hakimiyyəti başçısının 476 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamında göstərlən texniki göstəricilərlə fərdi yaşayış evinin faktiki ölçüləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən fərdi yaşayış evinin tikintialtı sahəsi 129.4 kv.m təşkil edir. Həmçinin elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi S.Əliyev adına Südçülük Maldarlıq üzrə Damazlıq Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, idarəçiliyə qaytarılma Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı əsasında həyata keçirilmiş, həmin sərəncam qüvvəyə minənədək Sabunçu Rayon İcra Hakimiyyəti başçısının torpaq sahəsi ayırma səlahiyyəti olmamışdır. Bundan başqa, faktiki göstərilən torpaq sahəsinə dair torpaqayırma sənədi və yerləşmə cizgisi təqdim edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi olmaqla Bakı şəhəri Sabunçu rayon İHB tərəfindən xx.xx.20037-cü il tarixli, 476 nömrəli sərəncamına əsasən, Ramana qəsəbəsində 1200 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan fərdi yaşayış evinə dair təqdim olunmuş Sabunçu rayon İcra Hakimiyyəti başçısının 476 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamında göstərilən texniki göstəricilərlə fərdi yaşayış evinin faktiki ölçüləri arasında uyğunsuzluğun olmasını, yəni göstərilən fərdi yaşayış evinin tikintialtı sahəsi 129.4 kv.m təşkil etməsini, həmçinin elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin S.Əliyev adına Südçülük Maldarlıq üzrə Damazlıq Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsini əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən fərdi yaşayış evi və torpaq sahəsinə hüquqların mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamı ilə Bakı şəhəri ərazisində qeydə alınmış, lakin məskunlaşmamış Ermənistan qaçqınlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd edilən Fərman və sərəncam nəzərə alınmaqla Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.2003-cü il tarixli, 476 saylı sərəncamı ilə Ramana qəsəbəsində X8 1200,0 kv.m ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmişdir. Cavabdeh hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin S.Əliyev adına Südçülük Maldarlıq üzrə Damazlıq Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində olduğunu imtina və etirazda bildirmişdir. Dolayısı ilə cavabdeh torpaq sahəsinin S.Əliyev adına Südçülük Maldarlıq üzrə Damazlıq Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində olmasını qeyd etməklə həmin torpaq sahəsinin naturada sovxoz torpağı deyil, məhz icra hakimiyyətinin idarəçiliyində olmuş torpaq sahəsi olduğunu qəbul etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evinin yaxınlığında ən yaxın məsafədə qeydiyyatdan keçmiş daşınmaz əmlaklara dair reyestr məlumatlarından məlum olur ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının iddiaçının əsaslandığı xx.xx.2003-cü il tarixi 476 nömrəli sərəncamla eyni məzmunda olan eyni tarixli müvafiq nömrəli sərəncamlar əsasında fərdi yaşayış evləri və yerləşdikləri torpaq sahələrinə dair ayrı-ayrı fiziki şəxslərin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı ilə qonşu olan daşınmaz əmlaklar da yerli icra hakimiyyətinin oxşar sərəncamları ilə ayrılmış və cavabdeh orqan həmin qonşu fərdi evlərin yerləşdiyi torpaq sahələrinin sovxoz ərazisinə aid olması ilə bağlı dəlil irəli sürmədən təqdim olunan yerli icra hakimiyyətinin sənədlərinə əsasən əmlaka mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədləri qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötəbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. Cavabdeh orqan fərdi yaşayış evinə dair təqdim olunmuş Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 476 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamında göstərilən texniki göstəricilərlə hazırkı iddia olunan fərdi yaşayış evinin faktiki ölçüləri arasında uyğunsuzluğun olmasını qeyd etmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək fərdi yaşayış evinin faktiki ölçüləri, yerləşmə vəziyyəti və yerləşmə koordinatları müəyyən edilmişdir. İddiaçı faktiki vəziyyətə uyğun fərdi yaşayış evinə dair memarlıq və planlaşdırma bölməsi təqdim etmiş və təqdim edilən layihədəki ölçü cavabdeh tərəfindən yerli müayinədə müəyyən edilən ümumi sahəsi 129.4 kv.m ölçüyə və vəziyyətə uyğun olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən ümumi sahəsi 129.4 kv.m olan 16 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş layihədə göstərilən ölçülərdə inşa edilən tikiliyə dair mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı tətbiq edilir, iddiaçının belə bir icraatın başlanılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciətinin etməsi öz təsdiqini tapmış və yerli icra hakimiyyəti orqanı tərəfindən qeyd edilən layihəyə dair hər hansı etiraz edildiyi iş üzrə müəyyən olunmur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur -80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. -80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. -80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 1200 kv.m torpaq sahəsi və üzərində 129.4 kv.m olan 16 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 1200 kv.m torpaq sahəsi və üzərində 129.4 kv.m olan 16 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1095/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1095/2025
21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver