Məhkəmə qərarları › İş №2-1(112)-10950/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10950/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10950/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrdən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21a, mənzil 124-ə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21A, mənzil 124-də yaşayır. İddiaçının yaşadığı bina əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuşdur. İddiaçı “Azneft” İB-nin ”28 May” Neft və Qazçıxarma İdarəsində işləyir. Onun yaşayış yeri olmadığı üçün 1989-cu ildə mənzil növbəsinə dayanmışdır. ARDNŞ-nin rəhbərliyinin xx.xx.2010-cu il tarixli 2 nömrəli protokolunun çıxarışı əsasında uzun müddət mənzilin alınmasını gözləmiş, nəhayət, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 9 mərtəbəli 21a saylı binada ona 7-ci giriş 8-ci mərtəbədə 3 otaqlı sahəsi 53,04 kv.metr olan 124 saylı mənzil verilmişdir. İddiaçının adına Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 97 nömrəli sərəncamı verilmişdir. İddiaçı yaşadığı mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinə imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş və **********02 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, qeyd edilən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 97 saylı sərəncamı xx.xx.2012-ci il tarixində verilmişdir. İdarənin mütəxəsissləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsinin 91.5 kv.m olduğu məlum olmuşdur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respubikası Dövlət Neft Şirkətinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı mənzil uçotunda olmasını təsdiq edən məlumatlar SOCAR-ın rəhbərliyinin, Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin birgə iclasının xx.xx.2011 -ci il tarixli 2 nömrəli Protokolunda göstərilmişdir (təsdiq edilmiş surəti əlavə olunur). Protokolda qeyd edilmişdir ki, “Azneft” İB-nin “28 May” NQÇİ üzrə ümumi əsaslarla mənzil almaq hüququ olanların siyahısı üzrə İddiaçı xx.xx.1989-cu ildə mənzil uçotuna götürülmüşdür. ünvan 1 ünvandan giriş 7, mərtəbə 8, 3 otaqdan ibarət 53,04 kv.metr yaşayış sahəsi olan 124 nömrəli mənzil xx.xx.2011-ci il tarixində ona 4 nəfərdən ibarət ailə tərkibi ilə verilmiş və mənzil uçotundan çıxarılmışdır. Mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Sözügedən mənzilin SOCAR-ın balansında olub-olmamasına münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s nömrəli Sərəncamı ilə SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, eləcə də məktubda qeyd olunan mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2011-ci il tarixli 2 nömrəli protokolunda göstərilmişdir ki, “Azneft” İB-nin “28 May” NQÇİ üzrə ümumi əsaslarla mənzil almaq hüququ olanların siyahısı üzrə İddiaçı xx.xx.1989-cu ildə mənzil uçotuna götürülüb. 4 nəfərdən ibarət ailə tərkibi var (özü, arvadı, oğlu, qızı). Özü Çilov adası, Bünyadzadə küçəsində yerləşən 13 saylı yataqxanaya, arvadı və uşaqları Bakı şəhəri, Xanlar küçəsi, ev 27, mənzil 1-ə qeydiyyatdadırlar. Mənzil özəldir və Matveyeva Zinaidaya məxsusdur. Bu ailə faktiki Çilov adasında yerləşən Bünyadzadə küçəsi, ev 30-da müvəqqəti verilmiş mənzildə yaşayırlar. İddiaçı bölgüsü aparılan mənzillərdən seçim təklif edildi və o, ünvan 2 ünvandan giriş 7, mərtəbə 8, 3 otaqdan ibarət 53,04 kv.m. yaşayış sahəsi olan 124 nömrəli mənzili seçdi və seçimini imzası ilə təsdiq etdi. Göstərilənlərə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi - 21a nömrəli evin, giriş 7, mərtəbə 8, mənzil 124, yaşayış sahəsi 53,04 kv.m. olan 3 otaqlı mənzilin İddiaçı 4 nəfərdən ibarət ailə tərkibinə verilməsi, İddiaçı mənzil uçotundan çıxarılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 11 iyul 2024-cü il tarixli məktubu ilə İddiaçı barəsində Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.2012-ci il tarixli, 97 saylı sərəncamından arxiv çıxarışı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Səbail rayonu İcra Hakimiyyətinin Başçısının 97 nömrəli, 20 aprel 2012-ci il tarixli Sərəncamına əsasən İddiaçı 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu, qızı) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21 a saylı evin, giriş 7, mərtəbə 8, yaşayış sahəsi 53,04 kv.m. olan 3 otaqlı, 124 saylı mənzili verilmiş və onlar mənzil növbəsindən çıxarılmışlar. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubu iddia ərizəsinə yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21a, mənzil 124-ün qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 16 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanında yerləşən yaşayış binası balansa qəbul edilmişdir. Halhazırda qeyd edilən bina və orada yerləşən 124 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.11.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (5). İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2011-ci il tarixli qərarı ilə ünvan 2, mənzil 124 iddiaçıya verilmişdir. Səbail rayonu İcra Hakimiyyətinin Başçısının 97 nömrəli, 20 aprel 2012-ci il tarixli Sərəncamına iddiaçıya ünvan 2, mənzil 124 verildiyi üçün o, mənzil növbəsindən çıxarılmışdır. Eyni zamanda müəyyən edilir ki, həmin mənzil Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd edilməlidir ki, həmin mənzil Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya verilmiş olsa da, sonradan mənzilin balanssaxlayıcısı dəyişilmiş, mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Lakin, hazırkı balns saxlayıcı ilə iddiaçı arasında mənzil kirayə müqaviləsi bağlanmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. İddiaçının mənzil üzərində hüquqlarının təsdiqi kimi əsaslandığı sənəd, daşınmaz əmlakın dövlət reyestrində təsbit edilmiş daşınmaz əmlak üzərində hüquqların yaranmasına əsas verən sənədlər sırasına aid olmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Belə ki, iddiaçı öncə mənzilin hazırkı balanssaxlayıcısı ilə mənzil kirayə müqaviləsi bağlamalı, bundan sonra isə mənzil üzərində mülkiyyət hüququn qeydə alınması üçün cavabdehə müraciət etməli idi. Lakin, iddiaçı belə bir müqavilə bağlamadan mənzil üzərində mülkiyyət hüqyuqunun qeydə alınmasını tələb edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21a, mənzil 124-ə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar