Məhkəmə qərarları › İş №2-1(112)-10952/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10952/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10952/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 6 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi X2 (Salyan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsini iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, torpağa dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsini iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, torpağa dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il tarixli 259 nömrəli qərarı ilə və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 489 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0.10 ha hesabı ilə 6 ha və 8.4 ha fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu həmkarlar ittifaqı və ƏKŞ-nın xx.xx.1990-cı il 3 nömrəli protokoluna əsasən və xx.xx.1990cı il tarixli 43 nömrəli protokoluna əsasən iddiaçıya ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi ayrılmışdır. Eyni zamanda torpağın cizgisi də iddiaçının adına təsdiq edilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Torpaq sahəsinin mülkiyyətə verilməklə çıxarışın verilməsi üçün cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən bildirilmişdir ki, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, torpaq sahəsinin bir hissəsi Abşeron rayon inzibati ərazi sərhədlərinə düşür. Eyni zamanda torpaq sahəsinin ayrılması barədə Abşeron rayon Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun direktorunun 17 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinin əsli təqdim edilməmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, qanunla tələb edilən müvafiq sənədlər cavabdeh orqana təqdim edilməsinə baxmayaraq, qanundan kənar sənədlərin təqdim edilməsi əsassızdır. xx.xx.1991-ci il tarixli əmr hər bir vətəndaş üçün ayrı-ayrılıqda verilmədiyi üçün həmin əmrin əslinin iddiaçıda olması qeyrimümkündür. Eyni zamanda Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivi tərəfindən verilən arxiv arayışında da xx.xx.1991-ci il tarixli əmrə istinadən iddiaçıya torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Cavabdeh imtina məktubunda etdiyi halı heç bir sübutla təsdiq etmir. Belə ki, torpaq sahəsinin hər iki tərəfində qonşular vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, faktiki göstərilən 1020 kv.m. torpaq sahəsinin 403 kv.m. hissəsi Abşeron rayonunun inzibati sərhədləri daxilində yerləşir. Həmin hissənin 195 kv.m olan hissəsi 110 kvt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Faktiki sahənin 617 kv.m. hissəsi isə Bakı ərazisi daxilindədir və bu hissənin 210 kv.m. 6 min kvluq elektrik hava xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim edilmiş cizgidə istinadlar, məsafələr və perimetrik ölçülər göstərilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək olmamışdır. Habelə göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən Prezidentin İşlər İdarəsinin X1 balansına ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşir. Eyni zamanda torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun direktorunun 17 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinin əsli təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubuna əsasən bildirilmişdir ki, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi Abşeron rayon inzibati ərazi sərhədlərinə düşür. Eyni zamanda torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun direktorunun 17 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinin əsli təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən Prezidentin İşlər İdarəsinin X1 balansına ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin F-46 nömrəli xx.xx.2021-ci il tarixli iddiaçıya ünvanladığı arxiv çıxarışında qeyd olunmuşdur: Abşeron rayon Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu üzrə əmr; № 17; 05 mart 1991-ci il; Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 259 nömrəli qərarı ilə və Az.SSR Nazirlər Sovetinin 24 oktyabr 1990-cı il 489 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 6 ha və 8,4 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu həmkarlar ittifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 nömrəli protokoluna əsasən və 28 dekabr 1990-cı il 43 nömrəli protokoluna əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Yuxarıdakıları nəzərə alaraq aşağıda adları qeyd olunan fəhlə və qulluqçulara 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılması üçün Əmr edirəm.; ...29 İddiaçı tərəvəzçi; Həmin qərarın təsdiq olunması Abşeron rayon RİK-dən xahiş olunsun.; Əsas: vətəndaşın ərizəsi və RİH-nin sərəncamı.; Sovxozun direktoru: imza A.İmamquliyev; Müdir Q.Kərimzadə. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixli **********70 tarixli məktubu ilə birlikdə tələb olunan sənədlərin, iddiaçının xx.xx.2022-ci il tarixli müraciət ərizəsi və cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunun təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. İddiaçı əlavə olaraq Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar tərəfindən təsdiq edilmiş Buzovna qəsəbəsində vətəndaş İddiaçı ayrılan 0.10 ha olan sahənin sxemini (cizgini) təqdim etmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Abşeron rayon Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 17 nömrəli 05 mart 1991-ci il-ci il tarixli əmrinə əsasən fərdi evin tikintisi 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmış, həmin torpaq sahəsinə dair cizgi tərtib olunaraq verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. İşin faktiki hallarından görünür ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 17 nömrəli 05 mart 1991-ci il-ci il tarixli əmrinə əsasən İddiaçı 0,10 ha ölçüdə fərdi ev tikdirmək üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi ayrılmışdır. İddiaçıya ayrılmış 0,10 ha ölçüdə torpaq sahəsinin cizgi-planı tərtib edilmişdir. Yəni iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə cavabdehin imtinasında göstərilənlərlə bağlı olaraq qeyd edir ki, əvvəla, cavabdeh imtinaya əsas kimi göstərilmiş halları (torpaq sahəsinin bir hissəsinin (210 kv.m) 110 kvt-luq yüksək gərginlik mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin bir hissəsinin (403 kv.m) isə Abşeron rayon inzibati ərazi sərhədlərinə düşməsi) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ondan savayı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının” 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-445/2021 nömrəli inzibati iş üzrə qəbul etdiyi qərarında əks olunmuş mövqeyinə əsasən “elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə Qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər”. Məhkəmə qeyd edilən hallara məcmu qiymət verməklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında əks olunmuş mövqeyinə əsaslanmaqla hesab edir ki, bağın bir hissəsinin yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasına düşməsi, bir hissəsinin Abşeron rayonun inzibati sərhədləri daxilində yerləşməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını heç bir halda məhdudlaşdırmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə və yuxarıda istinad edilən əsasnamə ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mülkiyyətində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsini İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, torpağa dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsini İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, torpağa dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar