Məhkəmə qərarları › İş №2-1(112)-10953/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10953/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10953/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərcinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Rusiya Federasiyasının Saratov şəhərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyətdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə bu ərizədə qeyd olunan problem ilə bağlı üç dəfə müraciət olunub, lakin müsbət nəticə əldə etmək mümkün olmayıb. İddiaçıya Rusiya Federasiyasının Saratov şəhərində 2020-ci ildə 21 gün dövr üçün hərbi xidməti ezamiyyətə görə ezamiyyə xərci ödənilmişdir. O, hərbi xidmət yerini tərk edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərində hərbi xidməti ezamiyyətdə olmuşdur. Müvafiq əmrə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə hərbi xidməti ezamiyyətə göndərilmə ilə bağlı hərbi xidmət yerini tərk etdiyi dövr 45 gün təşkil edir, ona həmin tarixlərdə xarici dövlətə hərbi xidməti ezamiyyə ilə əlaqədar hərbi xidmət yerini tərk etməli olduğu 45 günlük dövrün 21 gün dövrü üzrə ezamiyyə xərci ödənilmişdir. Nəticədə, hərbi xidmət yerini xarici dövlətə hərbi xidməti ezamiyyət müddəti ərzində tərk etməli olduğu müddət 45 gün təşkil edir, hərbi xidmət yerini xarici dövlətə xidməti ezamiyyətə göndərilmə ilə bağlı tərk etdiyi həmin müddət üzrə cəmi 21 gün dövr üçün ezamiyyə xərci ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən, müvafiq əmr əsasında Rusiya Federasiyasının Saratov şəhərinə hərbi xidməti ezamiyyətə göndərilmə ilə bağlı ona, hərbi xidmət yerini tərk etməli olduğu 45 gün dövr üzrə ödənilməli olan ezamiyyə xərcindən cəmi 21 gün dövr üzrə ezamiyyə xərci ödənildiyini nəzərə alaraq, 45 gün dövr üzrə ezamiyyə xərcinin ödənilməli olan qalıq məbləğinin hesablanıb ödənilməsini xahiş etmişdir. İddiaçıya 45 gün dövr üzrə ezamiyyə xərcinin ödənilməli olan qalıq məbləğinin hesablanıb ödənilməsi üçün müvafiq əmr verilmədiyi əsas göstərilərək imtina verilmişdir. O, hərbi xidmət yerini xarici dövlətə ezam edildiyi üçün xx.xx.2020-ci ilədək tərk etmişdir, bununla bağlı rəsmi cavab var, lakin ezamiyyə xərclərinin ödənilməsi üçün müvafiq əmr yoxdur. Hərbi qulluqçu xarici dövlətdə müvafiq əmr olmadan 45 gün qala bilməzdi, çünki Rusiyaya hərbi vəzifə borcunu yerinə yetirmək məqsədi ilə göndərilmişdir və orada 45 gün ərzində iddiaçıya rəsmi tapşırıq verildiyi üçün qalmalı olmuşdur. İddiaçı isə öz şəxsi vəsaiti hesabına 25 gün Rusiya Federasiyasının ərazisində yaşamalı olmuşdur, halbuki o, ezamiyyətə xx.xx.2020-ci il tarixədək getməli idi, xx.xx.2020-ci il tarixdən sonra xx.xx.2020-ci il tarixədək isə Rusiya Federasiyasının ərazisində hərbi vəzifə borcunu davam etdirmək əmri verilmişdir, buna görə də, Rusiyada qalmalı olmuşdur, lakin qaldığı müddət ərzində bütün xərcləri öz şəxsi vəsaiti hesabına ödəmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ona ezamiyyə xərci ödənilmədiyi verilən cavab məktubundan aşkar görünür. Görünən odur ki, məsul şəxslərin diqqətsizliyi nəticəsində təşkilati məsələlər düzgün qurulmayıb. Rəsmi cavab məktubundan görünür ki, həqiqətən həmin ezamiyyə 21 gün yox, 45 gün davam edib. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına dail olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “Mənə, İddiaçı, 2020-ci ildə Rusiya Federasiyasının Saratov şəhərinə hərbi xidməti ezamiyyətə göndərilmə ilə bağlı hərbi xidmət yerini tərk etməli olduğu 45 gün dövr üzrə ödənilməli olan ezamiyyə xərcindən cəmi 21 gün dövr üzrə ezamiyyə xərci ödənildiyini nəzərə alaraq 45 gün dövr üzrə ezamiyyə xərcinin ödənilməli olan qalıq məbləğinin hesablanıb ödənilməsini xahiş edirəm.” -İddiaçıya xx.xx.2025-ci il tarixdə ünvanlanmış elektron məktubda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli müvafiq əmrində İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə xidməti ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. Lakin İddiaçı xx.xx.2020-ci il tarixdən Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyətə getdiyini nəzərə alaraq ona xx.xx.2020-ci il tarixədək iyirmi bir gün üçün ezamiyyət xərci hesablanaraq ödənilmişdir. -Saratov Vilayətində yerləşən “ВОЛГА” (ЗАО «Веста») qonaq evi tərəfindən verilən hesab vərəqindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək “ВОЛГА” (ЗАО «Веста») qonaq evində qaldığına (yaşadığına) görə günü 2500 rubl olmaqla 17 sutka üçün 42.500,00 rubl pul vəsait ödəmişdir. -Saratov Vilayətində yerləşən “ВОЛГА” (ЗАО «Веста») qonaq evi tərəfindən verilən hesab vərəqindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək “ВОЛГА” (ЗАО «Веста») qonaq evində qaldığına (yaşadığına) görə günü 2500 rubl olmaqla 19 sutka üçün 47.500,00 rubl pul vəsait ödəmişdir. -Saratov Vilayətində yerləşən “ВОЛГА” (ЗАО «Веста») qonaq evi tərəfindən verilən hesab vərəqindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək “ВОЛГА” (ЗАО «Веста») qonaq evində qaldığına (yaşadığına) görə günü 2500 rubl olmaqla 7 sutka üçün 17.500,00 rubl pul vəsait ödəmişdir. -Elektron məhkəmə informasiya sisteminin sərhədkeçmə məlumatlarından görünür ki, İddiaçı 21 avqust 2020-ci il tarixdə (Samur DSBM) ölkədən çıxış etmiş, 05 oktyabr 2020-ci il tarixdə Rusiyadan (Saratov) ölkəyə giriş etmişdir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə görə, hərbi hissə komandirlərinin əmri ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən edilmiş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Ezamiyyə xərclərinin ödənilmə qaydaları və məbləğləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən həyata keçirilir. Həmin Qərarın 2-ci bəndinə əsasən, “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilmişdir (1 nömrəli əlavə). Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının (1 nömrəli əlavə) 1-ci bəndindən görünür ki, Rusiya Federasiyasına ezamiyyə xərclərinin bir günlük norması 150 ABŞ dolları təşkil etmişdir (4 aprel 2024-cü il tarixədək qüvvədə olan redaksiya). Həmin Qərarın 8-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 ay müddətində “İşçilərin ezamiyyə qaydaları”nı hazırlayıb müvafiq qaydada təsdiq edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə Qaydaları”ndan:

1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonratəşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.

7. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür. İİİ. Xarici ölkələrə ezamiyyələr

1. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi şəxsə ezamiyyətdə olduğu müddət ərzində ezamiyyə xərclərinin ödənilməsi inzibati orqanın öhdəliyi olaraq müəyyən edilmişdir. Hazırkı işin hallarından müəyyən edilən odur ki, cavabdeh tərəfindən iddiaçıya sözügedən ödənişlər ezamiyyədə olduğu bütün dövr üçün həyata keçirilməmişdir. Cavabdehin dəlili ondan ibarət olmuşdur ki, Dövlət Sərhəd Xidməti rəisinin 12 avqust 2020-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyət müddəti 14 avqust 2020-ci il tarixdən 10 sentyabr 2020-ci il tarixədək olan müddəti əhatə etdiyindən, ona sonuncu dövr ərzində, yəni 21 günlük ezamiyyət xərci hesablanaraq ödənilmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyədə olmuşdur. Cavabdeh isə öz mövqeyini iddiaçının ezamiyyətinin 10 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixə qədər uzadılmaması ilə əsaslandırmağa çalışmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, ezamiyyət günlərinin uzadılmaması iddiaçı tərəfindən həll edilən məsələ olmadığından, qeyd olunan hal onun ezamiyyə xərcləri ilə təmin edilməsi hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının 10 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixə qədər Rusiya Federasiyasının Saratov şəhərində ezamiyyədə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, iddia təmin edilməli, İddiaçı Rusiya Federasiyasının Saratov şəhərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyətdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı 2020-ci ildə ezamiyyətə göndərildiyindən ezamiyyətlə bağlı ödənişlər “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarın həmin dövrdə qüvvədə olan redaksiyası əsasında həmin tarixdə göstərilən məbləğlər üzrə hesablanıb ödənilməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Rusiya Federasiyasının Saratov şəhərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyətdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar