Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10955/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydi aparılmaqla doğum haqqında şəhadətnamənin verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydi aparılmaqla doğum haqqında şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının övladı X3 19 sentyabr 1996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Uşağın atası hazırkı iddiaçı (İddiaçı), anası isə X1r. Çinarə Xudaverdiyevanın şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi bu günədək olmamışdır. Hüquqi savadsızlıq nəticəsində bununla bağlı heç vaxt qeydiyyat şöbəsinə müraciət edilməmişdir. İddiaçı 28 sentyabr 2021-ci il tarixdə övladına (Çinarə Xudaverdiyevaya) şəhadətnamənin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, şöbə tibbi şəhadətnamə olmadan ona doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmiş və məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəəllənin 341ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilmıəsi və dəqişdirilmə üçün əsasdır. Göstərilənlərə və İPM-in 1.2, 2.2.2, 2.2.3, 14.3, 33, 34.1, 68, 73.1-ci maddələrinə, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsaslanaraq, cavabdehin hərəkətlərinin qaununsuz sayılması, 19 sentyabr 1996-cü il tarixdə Bakı şəhərində doğulmuş X2 tibbi şəhadətnamə olmadan doğum haqqında akt qeydləri kitabında ata qrafasında İddiaçı, ana qrafasında isə X4 qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. Cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 1 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddia ərizəsində vətəndaş İddiaçı tibbi şəhadətnamə təqdim etmədiyi üçün doğum haqqında şəhadətnamənin verilmədiyini, buna görə də Qeydiyyat Şöbəsinin hərəkətlərinin qanunsuz sayılmasını tələb etmişdir. İddiaya münasibətdə bildirilir ki, AR Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyət aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.3-ci yarımbəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh isə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddiamın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslarlardandır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 25-ci maddəsinə görə inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: (25.0.1) fiziki və ya hüquqi şəxslər, (25.0.2) dövlət orqanları və ya bələdiyyələr. İPM-in 26.1-ci maddəsinə görə inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: (26.1.1) mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; (26.1.2) mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının 1996-cı il təvəllüdlü övladı yetkinlik yaşına çatmış şəxs kimi müvafiq məsələ ilə bağlı inzibati orqana özü ərizə təqdim edə və inzibati mübahisə yarandığı halda da məhkəməyə özü müraciət edə bilər. İddiaçı hazırkı iddianı qaldımağa subyektiv hüququ yoxdur. Formal xəta kimi iddiaçının dəyişdirilməsinə gəldikdə isə, inzibati orqana müvafiq müraciət olmadığından, bu dəyişikliyin iddiaçı tərəfə tövsiyə olunması məqsədəuyğun deyil. Bundan başqa, qeyd olunmalıdır ki, AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 2.5-ci bəndinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: (2.5.1) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, (2.5.2) valideynlərin nikah haqqında şəhadətnaməsi, (2.5.3) doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, (2.5.4) uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, (2.5.5) uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd, (2.5.6) uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Qaydanın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, mövcud qanunvericilik normaları uşağın doğumunun qeydə alınması üçün müvafiq sənədlərin təqdim olunmasını nəzərdə tutur, lakin həmin sənədlər təqdim olunmadıqda, uşağın doğuması faktının məhkəmə qaydasında müəyyən edilməsini mümkün sayır. Hazırkı işin hallarına görə iddiaçının yetkinlik yaşına çatmış övladının doğum doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilmədən, qeydiyyat şöbəsi tərəfindən onun doğumu barədə akt qeydinin aparılması və müvafiq şəhadətnamə verilməsi tələb olunur. Məhkəmə hesab edir ki, bu halda iddiaçının övladının doğumu haqqında akt qeydi mülki məhkəmə icraatı üzrə məhkəmə qərarı (qətnaməsi) əsasında aparıla bilər. Yəni, cavabdeh inzibati orqan bu halda doğum akt qeydinin aparılmasını təmin edə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: - (305.1.1) hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə görə məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: - (307.2.3) doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-10955/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10955/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver