Məhkəmə qərarları › İş №2-1(112)-10956/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10956/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10956/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filiala qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filiala qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, iddiaçı xx.xx.1984-cü il tarixdə X1 işə qəbul edilmiş və xx.xx.1985-ci il tarixdə hərbi xidmətə çağırılmaqla bağlı işdən azad edilmişdir. İddiaçı 23 iyul 1985-ci il tarixdən 23 iyul 1987-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş; xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 86 saylı Peşə Məktəbində oxumuş; xx.xx.1988-ci il tarixdə "Azelektroterm" İstehsalat Birliyinə İİ dərəcəli tokar kimi işə qəbul edilmiş və xx.xx.1999-cu il tarixdə öz xahişimlə işdən azad edilmiş; xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-nə betonçu peşəsinə işə qəbul edilmiş və xx.xx.2012-ci il tarixədə öz xahişimlə işdən azad edilmiş; xx.xx.2016-cı il tarixdə H.Əliyev adına Beynəlxalq Aeroportuna 2-ci dərəcəli yardımçı fəhlə kimi işə qəbul edilmiş və xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinin qurtarması ilə bağlı işdən azad edilmişdir. İddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı hesab edir ki, o, 13 ildən çox sığorta stajına malik olduğundan, onun əlilləyə görə əmək pensiyası almaq hüququ yaranır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya əlillik təyin olunarkən 53 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün 12 il 8 ay sosial sığorta stajı və 21888.00 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi əmək kitabçasına və hərbi biletinin surətinə əsasən, iddiaçının sığorta stajı 13 il 10 av 20 gün olmaqla qanunvericiliklə tələb olunan sığorta stajını (12 il 8 ay) ödəyəcək lakin buna baxmayaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10583,67 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan pensiya kapitalını (21888,00 manat) ödəmədiyindən və minimum pensiya təminatına imkan vermədiyindən iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmayacaqdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının sığorta stajı 13 il 10 ay 20 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (12 il 08 aydan) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10.583,07 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan mələğdən (21.888 manatdan) azdır. Göründüyü kimi cavabdehin imtinasının əsasında duran hal iddiaçının pensiya kapitalına malik olmamasıdır. Məhkəmə iddianın mahiyyəti ilə bağlı bildirir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ikinci dərəcəli əlillik xx.xx.2020-ci il tarixdə təyin olduğundan, onun bu əlilliklə bağlı pensiya hüququnun yaranıb-yaranmaması faktına həmin tarixdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə müqaviq qaydada qiymət verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək qüvvədə olan redaksiya) əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hal-hazırda qüvvədə olan 12.1-ci maddəyə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hüquq münasibətləri yarandığı dövrdə (əlilliyin təyin edilməsi zamanı) qüvvədə olan qanunvericiliyin müddəalarına görə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün şəxs: 1) İ qrup əlil olmalı və ən azı 5 il sığorta stajına malik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı; 2) İİ və İİİ qrup əlil olmalı, ən azı 5 il sığorta stajına malik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan qeydə alınmış pensiya kapitalına malik olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının İİ qrup əlil kimi qanunla tələb olunan sosial sığorta stajına və pensiya kapitalına malik olub-olmamasının müəyyən edilməsi üçün mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun aşağıdaki müddəaları tətbiq olunmalıdır. Qanunun: 1.0.8.Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 6-1. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. (24 dekabr 2021-ci il tarixədək olan redaksiyada) 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilir. (29 dekabr 2020-ci il tarixədək olan redaksiyada, həmin tarixdən sonra 192 – 200-ə əvəz edilmişdir.) 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan (13 may 2022-ci il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın Misal 15. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir. İndeksləşdirmə nəzərə İstehlak qiymətləri İllər alınmaqla ilin əvvəlinə pensiya indeksinin illik səviyyəsi kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4 Misal 24. 62 yaşı və 24 il sığorta stajı olan kişiyə 18 avqust 2017-ci il tarixdə İİ dərəcə əlillik müəyyən olunmuşdur. Qaydaların 4.3.3-cü yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun 15 il 8 ay (62 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 47) x 4 ay = 188 ay = 15 il 8 ay) sığorta stajı olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün əlilliyə görə əmək pensiyası hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2021-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Bəhs edilən qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin mahiyyəti üzrə həlli, tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, iddiaçıya ikinci qrup əlillik xx.xx.2020-ci il tarixdə təyin olunduğundan, onun əlilliyə görə əmək pensiyası almaq hüququnun olub-olmaması məhz həmin dövrdə qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələbləri çərçivəsində yoxlanılır. Qeyd edilənlərə uyğun olaraq, xx.xx.1967-ci il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı sonraki qaydada hesablanır: ona əlillik təyin olunan 53 yaşı – 15 yaşa əmək qabiliyyəti olmayan yaş dövrü = 38 yaş x 4ay = 152 ay : 12 ay = 12 il 06 ay iş stajına malik olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının iş stajının 12 il 06 aydan çox olması işin mübahisələndirilməyən hallarına aiddir. Hətta, cavabdehin özü də əmək kitabçasında olan qeydləri nəzərə alaraq iddiaçının sığorta stajının ümumilikdə 13 il 10 ay 20 gün olmasını qəbul etmişdir. Göründüyü kimi iddiaçının əlilliyə görə əmək pensiyasının təyini üçün sığorta stajı ilə bağlı şərt ödənilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının cəmi sosial sığorta stajının 13 il 10 ay 20 gün olduğu nəzərə alınsa, o halda onun fərdi hesanın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi faktı sonraki qaydada yoxlanılır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin tələbinə görə, iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla, 10.583,67 manat (13 x 306 +306:12x10+306/365x20=3978+255+16,77=4250+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9 %+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7%+3%+2,6%+2,8%)təşkil edir ki, bu da, xx.xx.2020ci il tarixə əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalından azdır. Belə ki, 53 yaşı – 15 yaşa əmək qabiliyyəti olmayan yaş dövrü = 38 yaş x 4ay =152 ay tələb olunan sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən 192-yə bölünməklə, onun sığorta davamiyyəti əmsalı tapılır: 152 ay :192 = 0,792. Bundan sonra sığortaolunan sığorta davamiyyəti əmsalı (0,792) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) vurulur (0,792x144 ay= 114) və pensiya kapitalının məbləği (10.583,67 manat) alınmış rəqəmə (114-ə) bölünərək pensiyanın məbləği (92 manat) müəyyən edilir. Alınan bu məbləğ (92 manat) “Əmək pensiyaları haqqında” Qanunun 24 dekabr 2021-ci il tarixədək qüvvədə olan redaksiyada 6-1-ci maddəsində nəzərdə tutulan məbləğdən (200 manatdan) azdır ki, bu da iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmadığına dəlalət edir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının əlilliyinə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-nin 14.3-cü maddəsi), cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-nin 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddəsi) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1462/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “xx.xx.2017-ci il tarixdən sonra İİ və ya İİİ qrup əlillik təyin olunmuş şəxslərə pensiya kapitalından asılı olmayaraq əlilliyə görə pensiya təyin olunmasına yol verən hüquq norması yoxdur. Həmin tarixdən sonra əlillik təyin olunmuş şəxslərə əlilliyə görə pensiya təyinatı zamanı, sosial sığorta stajının qazanıldığı müddətdən asılı olmayaraq, pensiya kapitalının olması mütləqdir.” Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar