Məhkəmə qərarları › İş №2-1(112)-10958/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10958/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10958/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 06 mart 2024-cü il tarixdən xərçəng xəstəliyi ilə əlaqədar orqanizminin funksiyasının pozulmasına görə xəstəliyinə uyğun olaraq əlilliyin təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 may 2022-ci il tarixdə qalxanvari vəzin bədxassəli törəməsi (Tiroiddə papillar karsinoma) diaqnozu ilə “EGE Hospital” Tibb Mərkəzində lobektomiya əməliyyatı keçirmiş, həmçinin, 2-ci tip Şəkərli diabet xəstəsidir. 2022-ci ilin oktyabr ayında 39 saylı poliklinikaya onkoloji xəstə kimi qeydiyyata düşmüş və əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı müraciət etmişdir. Bununla bağlı müxtəlif vaxtlarda təşkil edilmiş çoxsaylı komissiya və əyani müayinələrdən keçmiş, diaqnozu orada da təsdiqlənmiş və ona sənədlərinin qaydasında olduğu bildirilmişdir. Lakin 12 iyun 2023-cü il tarixdə yekun qərar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı iddiaçının müraciətinə mənfi cavab verilmişdir. 12 iyun 2023-cü il tarixdə mənfi cavabın açıqlanması ilə bağlı müraciət etdiyi 1 saylı Dost Mərkəzindən onu Respublika Əlillərin Bərpa Mərkəzinə yönləndirmişlər. 14 iyun tarixdə Respublika Əlillərin Bərpa Mərkəzi aidiyyəti dövlət tibb müəssisəsi tərəfindən onun adının onkoloji xəstələrin dövlət reyestrinə salınmaması və müvafiq olaraq oradan rəyinin olmaması bildirmişdir. Lakin iddiaçı 39 saylı poliklinikada qeydiyyatda olduğunu və həmin poliklinikanın dövlət tibb müəssisəsi olduğunu, buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu Milli Onkologiya Mərkəzinə yönəldərək orada qeydiyyata düşməli olduğunu bildirmişdir. Bununla bağlı dəfələrlə Milli Onkologiya Mərkəzində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Səhiyyə Nazirliyində qəbullarda olmuş, ərizə ilə müraciət etsə də, bu günə qədər heç bir nəticəsinin olmadığı və ona əlillik dərəcəsinin verilmədiyini bildirmişlər. İddiaçıqeyd etmişdir ki, ona göndərilən cavab məktublarından belə məlum olur ki, o, onkoloji xəstəliyə görə əlillik dərəcəsi almaq üçün məhz Milli Onkologiya Mərkəzində müayinə və müalicə olunmalı imiş, çünki Milli Onkologiya Mərkəzi orada müayinə və müaliyə (əməliyyat) olunmamış xəstələri qeydiyyata almaqdan imtina edir. Lakin o, Azərbaycan Respublikasında qanuni lisenziya ilə, Azərbaycan qanunlarına uyğun fəaliyyət göstərən “EGE Hospital” Tibb Mərkəzində əməliyyat olunmuş, nəticə olaraq onun dövlət yox, özəl tibb müəssisəsində müayinə və müalicə edildiyi üçün əlillik dərəcəsi almaqdan məhrum edilmişdir. İddiaçı bildirir ki, heç bir qanun, qayda və yaxud vəzifəli şəxs vətəndaşa harada müayinə və müalicə edilməli olduğu məcburiyyət gətirə bilməz. Hazırda xərçəng xəstəsi kimi qeydiyyatdadır və buna görə daimi müayinə və müalicə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən ona əlillik verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik təyin edilməsindən imtina edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanvari vəzin papilyar karsinoması pT1bN0M0 mərhələ 1.Cərrahi əməliyyatdan sonrakı vəziyyət. İnsulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, Şəkərli diabet 2 tip. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması- Səbəb: İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış (iddia müddətinin ötürülməsi və cavabdehin əsl cavabdelə əvəz edilməsi ilə bağlı) və iddiaçının fikri dinlənilmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia tələbini olduğu kimi müdafiə etmiş və iddia müddətini ötürdüyünü qəbul edərək, bunu məhkəməyədək ötən dövrdə yuxarı orqanlara şikayətlər etməsi ilə əsaslandırmış, lakin həmin şikayətlərdən nəticə hasil olmadığından məhkəməyə müraciət etməli olduğunu bildirərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda aşağıdakılar bildirilmişdir: “Əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Sizin əlillik vəziyyətiniz dövlət tibb müəssisəsinin P00100993QJX nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sonra Siz müraciətinizə əsasən xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən sənədlər və ətraflı müayinənin nəticəsi olaraq Sizə təyin edilmiş diaqnozu (Səbəb: İxtisaslaşmış əlavə müayinə və müalicəyə ehtiyac var) təsdiq edən ixtisaslaşmış müalicə müddəti yetərli olmadığından əalvə müalicəyə ehtiyacın olması barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. Bununla əlaqədar, Dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra sağlamlıq vəziyyətinizi tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.” -AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə dair müraciətinə baxılaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarla oxşarməzmunlu cavablar verilmişdir. -TSEK müayinələrindən əldə edilən məlumatlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdə “Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanvari vəzin papilyar karsinoması pT1bN0M0 mərhələ 1.Cərrahi əməliyyatdan sonrakı vəziyyət. İnsulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, Şəkərli diabet 2 tip. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması- Səbəb: İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3582/2023 №-li Qərara əsasən Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülərək əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları bildirir. Belə ki, İPM-in: -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, işin hallarına görə iddiaçının hüquqi marağı və məqsədi ona Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş P00100993QJX nömrəli tibbi göndəriş (Forma 88) üzrə xx.xx.2024-cü il tarixdən əlilliyinin müəyyən edilməsinə yönəlmişdir. Qeyd olunan tibbi göndəriş əsasında müvafiq tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş, ixtisaslaşdırılmış əlavə müalicəyə ehtiyacının olması səbəbindən imtina edilmiş, bu barədə iddiaçıya məlumat verilmişdir. Belə ki, həmin imtina qərarından sonra iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuş, ona aid tibbi sənədlər və müayinənin nəticəsində təyin edilmiş diaqnoz üzrə təsdiq edən ixtisaslaşmış müalicə müddəti yetərli olmadığından əlavə müalicəyə ehtiyacın olması barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. Bundan sonra iddiaçı müxtəlif dövlət orqanlarına, Milli Onkologiya Mərkəzinə müraciətlər etmiş, qəbullarda olmuş, yalnız xx.xx.2024-cü il tarixdə, yəni əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərardan (xx.xx.2023-cü il tarixli) və təkrar əyani müayinəsinin nəticələri üzrə qəbul edilmiş qərardan (xx.xx.2023-cü il tarixli) təxminən 1 il 02 aydan (bir il iki ay) artıq müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı özü də iş üzrə keçirilən məhkəmə iclaslarında xx.xx.2023-cü il tarixli qərardan şəxsi elektron kabineti vasitəsilə məlumatlı olduğunu təkzib etməmiş, qərarın mahiyyətindən xəbərdar olduğunu bildirmişdir. İPM-in 38.2-ci maddəsi şəxsə tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmaq imkanı verir. Göründüyü kimi, İddiaçı arzuladığı inzibati aktın qəbul edilməsindən lazımi qaydada və təkzibolunmaz şəkildə məlumatlı olduğu halda, məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə icmal məktubundan: “15. Eyni zamanda, işlərin təhlili ilə müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə mübahisələrə baxılarkən bəzi hallarda şəxsin sağlamlıq vəziyyətinin tibbi göndərişlərin verildiyi vaxta uyğun qiymətləndirilməli olması baxımından, əlilliyin müəyyən olunmasından imtina edildikdən uzun müddət sonra qaldırılan iddialar mümkün sayılmamış, bəzi hallarda isə iddianın mümkünlük şərtlərinin ödənildiyi hesab edilməklə, işlərə mahiyyəti üzrə baxılmışdır.

16. Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.” Məhkəmə həmçinin müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı qeyd edir ki, İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Hazırkı iş üzrə iddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur. Bundan başqa iddia düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. Belə ki, iddia tələbi üzrə cavabdeh qismində tələbə cavab verməli olan inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 1.1-ci bəndinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra- Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.7-ci bəndinə əsasən, Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər (1.7-ci bənd). Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi sahəsində səlahiyyətli olmaqla, müstəqil qaydada məhkəmədə tərəf qismində bilavasitə təmsil oluna bilən inzibati orqandır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə istinad olunan müddəaların tələblərinə uyğun olaraq iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddianın dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı ötən müddət ərzində iddianın dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmiş, əksinə hazırkı iddianı olduğu kimi müdafiə etmişdir. Məhkəmə baxılan iddianın mümkün sayılmaması nəticəsinə gələrkən o halı da nəzərə alır ki, iddiaçı barəsində xx.xx.2023-cü il il tarixli P00100993QJX saylı tibbi göndərişin üzərindən 1 (bir) ildən artıq müddət keçdikdən sonra hazırkı halda qiymətləndirilməsi də mümkün deyildir. Çünki tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi tələb olunur. İddiaçı barəsində sonuncu tibbi göndəriş 2023-cü ilin may ayında tərtib olunmuş, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla artıq etibarlılıq müddəti keçmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı yeni tibbi göndəriş isə əlillik alt sisteminə daxil edilməmişdir. Hazırkı halda etibarlı hesab edilməyən tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı xx.xx.2023-cü il tarixli imtinasının əsaslı olub-olmamasının 2024-cü ildə hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz. Məhkəmə eyni zamanda iddiaçının əlillik dərəcəsinin təyinatı ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət edərək yeni tibbi göndəriş almaq, yeni tibbi göndəriş əsasında əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirildikdən və inzibati orqandan müvafiq imtina cavabını aldıqdan sonra inzibati məhkəmədə iddia qaldırmaq hüququnun saxlanıldığını da izah edir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia qanunla tələb olunan mümkünlük şərtlərini ödəmir. Odur ki, mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar