Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10959/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektinin hərbi qulluqçusu kimi həyatı və sağlamlığı qanunla təsbit olunmuş 5 illik pul təminatı məbləğində sığorta edilmədiyinə görə 46284 (qırx altı min iki yüz səksən dörd) manat məbləğində dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabitidir və ikinci dərəcəli müharibə əlilidir. Belə ki, 04 avqust 2001-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixədək Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyətinin” hərbi qulluqçusu olaraq 11 (on bir) il xüsusi təyinatlı hərbi hissədə xidmət keçmişdir. Son nəticədə Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli, 0699 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən, kəşfiyyat subyektinin əməkdaşı olaraq ordu sıralarından tərxis olunmuşdur. Hazırda isə Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli Qərarı ilə ikinci dərəcəli müharibə əlilidir və kəşfiyyat subyektinin əməkdaşı kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti” haqqında Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilirlər. Bütün bunlara baxmayaraq, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən 11000 manat məbləğində sığorta olunduğu üçün, Dövlət Sığorta Şirkəti tərəfindən digər hərbi qulluqçular kimi ona, cəmisi 6600 manat məbləğində sığorta haqqı ödənilmişdir. Əslində isə kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı idi. Sığorta hadisəsi kimi də ikinci dərəcəli əlillik qazandığına görə, 5 illik pul təminatının 60 faizi miqdarında sığorta ödənişi ödənilməli idi. Belə ki, Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsində kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu olmağı barəsində dəqiq məlumatların olmasına baxmayaraq, o, digər hərbi qulluqçular kimi 11000 manat miqdarında sığorta edilmişdir. Bu da ‘'Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə tamamilə ziddir. Nəticə etibarı ilə Müdafiə Nazirliyi tərəfindən 5 illik pul təminatı məbləğində (aylıq pul təminatı 1469 manat x 60 ay = 88140 manat) 88140 manat miqdarında sığorta olunmadığı və yekun mərhələdə isə sığorta hadisəsi olaraq 2-ci qrup müharibə əlilliyi qazanılan zaman dövlət sığorta şirkəti tərəfindən ona 5 illik pul təminatının 60 faizi miqdarında, 6600 manat aldığı sığorta pulu çıxılmaqla (88140 manat x 60 faiz/100 = 52884 manat - 6600 manat) 46284 manat sığorta ödənişi ödənilməmişdir. Bu da Azərbaycan Respublikası Qanunvericiliyindən irəli gələn hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu günə kimi də dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir ödəniş olunmamışdır. Bu səbəb ilə cavabdeh olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə xx.xx.2023-cü il tarixində rəsmi şəkildə müraciət edərək sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə sığorta müqaviləsi bağladıqlarına görə, dəymiş maddi ziyan olaraq 46284 manat məbləğinin ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Ərizəsinə verilmiş xx.xx.2023-cü il tarixli operativ cavab məktubuna əsasən, imtina edilmişdir. Cavabdehin mövqeyi qanunvericiliyə zidd olduğundan və onu tamamilə qane etmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərmişdir ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində isə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü yarımbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqalarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin Qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan 11000 manat məbləğində sığorta edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nın 7.1.3-cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarında müəyyən edilmişdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun 20.11-ci maddəsi ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 296-İQ Qanunu və Nazirlər Kabinetinin xx.xx.2023cü il tarixli 62 nömrəli Qərarı ilə sığorta olunurlar. Qeyd edilənlərdən göründüyü kimi, Müdafiə Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq İddiaçı hüquqları pozulmamış, o, 11000 manat məbləğində sığortalanmışdır. Sonradan cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş 3-25- 19/2-3643/2023 №li xx.xx.2023-cü il tarixli etiraza əlavədə göstərilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ nömrəli Qanunu xx.xx.1997-ci il tarixdə qəbul edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 711- İİQ nömrəli Qanunu xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 3 dekabr 2021-ci il tarixli 418-VİQD nömrəli Qanun qəbul edilmişdir. 3 dekabr 2021-ci il tarixli Qanunda göstərilmişdir: 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.3-cü yanmbənd: "sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər"; Maddə 4: Sığorta məbləğinin və sığorta haqqının miqdarı: Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular, o cümlədən kəşfiyyat və əks - kəşfiyyat subyektlərinin əməkdaşları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarına sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. Qeyd edilən qurumlar tərəfindən sığorta hadisəsinə görə İddiaçı 6600 (11000 x 60%=6600) manat məbləğində sığorta pulu ödənilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun tələblərinə uyğun olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Müdafiə Nazirliyi arasında hər il müqavilələr bağlanmış və bu qurumlara hərbi qulluqçuların (kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşları daxil olmaqla) ümumi sayına uyğun olaraq sığorta haqqı köçürülmüşdür və hal-hazırda köçürülür. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində isə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt, eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, İddiaçı münasibətdə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanunu tətbiq edilə bilməzdi. Belə ki, sözügedən Qanun 2004-cü ildə qəbul olunsa da, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 418- VİQD nömrəli Qanun 3 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik yeni (sonra) qəbul olunduğundan daha üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, AR Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçı ona maddi zərərin vurulmasını sübut edə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəməyə təqdim olunmuş yazılı etiraza uyğun verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Bilcəri qəsəbəsi, Ordubadi küçəsi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra mətndə SHXÇDX) Yasamal rayon İdarəsi tərəfindən verilmiş EZ seriyalı, ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixində hərbi and içmişdir. xx.xx.2019-cu ildə Müdafiə nazirinin 0699 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Region” X4 tərəfindən verilmiş 663 №-li, xx.xx.2018-ci il tarixli arayışda qeyd olunmuşdur ki, “Region” X2 hərbi qulluqçusu mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin subyektidir. Xəstəliyi ilə əlaqədar olaraq, 2015-ci ildən etibarən Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalında bir neçə dəfə stasionar müalicə almışdır. Xəstəliyi hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. 5282 №-li, xx.xx.2019-cu il tarixli Xəstəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 15/1115 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Tez-tez boğulma tutulmaları və ventiliyasiya pozulması ilə müşayiət olunan bronxial astma, qarışıq forma, orta-ağır dərəcəli, natamam remissiya mərhələsində, Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır (12-ci bənd); HHKnın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 52b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışın surətindən müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 20030446 №-li, xx.xx.2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müharibə əlilliyinə görə 230 (iki yüz otuz) manat Prezident təqaüdü alır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15/1617 №-li, xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı və ailəsi “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsində nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüquqlarına malikdirlər. SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilmiş 536 №-li, xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 1984-cü il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və AR MN-nin 0699 nömrəli, xx.xx.2019-cu il tarixli əmri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata təxris olunub. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq nömrəli əmrinə əsasən, Kəşfiyyat və Əks kəşfiyyat Fəaliyyətinin subyektidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 15/1191 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 2008-2019-cu illərdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı (kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət ödənilir) və 20.7-ci (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məblğində birdəfəlik müavinət ödənilir) maddələrinə uyğun olaraq müavinətlər ödənilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1609/2023 №li xx.xx.2023-cü il tarixli qərarında işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” 01 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qüvvədə olan Qanununa əsasən “Sığorta olunan”ların icbari şəxsi sığortasının həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun olaraq hər bir hərbi qulluqçu 11000 manat məbləğində sığorta edilir, sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında-yəni 110 manat müəyyən edilir və “Sığortalı” tərəfindən "xxxx"nın bankdakı hesabına ödənilir. Müqavilənin 5-ci bəndinin “ç” bəndinə müvafiq olaraq, hərbi xidməti vəzifələrini (yaralanma, travma, kontuziya) almasına baxmayaraq, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək, həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana 2-ci qrup əlillik təyin olunduqda 6 faiz nisbətində sığorta ödənişi verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 3-25- 8/2-M-4xx-xx/2023 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanırıda Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Tərəflərindən onun adına tərtib olunmuş MN-12767 nömrəli “Məlumat vərəqi”ndə onun təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu Qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində isə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir, Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü yarımbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqalarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin Qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan 11000 manat məbləğində sığorta edilir. Bundan əlavə, ərizədə qeyd olunan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatının 60 faizi miqdarında sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Tətbiq edilən hüquq. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: Preambulasında göstərilmişdir ki, Bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir Maddə 2. 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; 2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği; 2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait; 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; 2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir. Maddə 4. 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Maddə 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz Maddə 11. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6. 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Maddə.20. 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.2-ci maddəsinə əsasən sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, Konstitusiyanın 12-ci maddəsinə və 16-cı maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Sosial təminat hüququnun realizə formalarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif kateqoriya şəxslərin xidməti vəzifələrinin icrası ilə bağlı həyat və sağlamlığına dəyən zərərə görə onların dövlət tərəfindən məcburi şəkildə sığorta etdirilməsidir. Dövlət icbari şəxsi sığorta sığortaolunanların həyat və sağlamlığının qanunla müəyyən olunmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir (Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 22 aprel tarixli Qərarı). “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sığorta fəaliyyəti haqqında” Qanun) 1.1.1-ci maddəsində sığorta sığortalının və ya sığortaolunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 928-ci maddəsinə görə, şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. Sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür (Mülki Məcəllənin 926.1-ci və “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.21-ci maddələri). Sığorta hadisəsi kimi isə icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığortaolunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal nəzərdə tutulur (“Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.19-cu maddəsi). Göründüyü kimi, sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsinin baş verməsi ilə şərtləndirilmişdir. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun ilə tənzimlənir. Sığortaolunan kimi barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər çıxış edir (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 2.1.3-cü maddəsi). Qeyd edilməlidir ki, həmin Qanunun 2.1.9 və 4.1-ci maddələrində sığorta ödənişi sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti kimi göstərilmiş və dəyəri on bir min manat məbləğində müəyyən edilmişdir. Qanunun 2.1.6 və 5 (“ç” bəndi)-ci maddələrinə uyğun olaraq sığorta hadisələrindən biri kimi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində 2-ci qrup əlillik təyin olunması çıxış edir və bu hadisəyə görə sığorta məbləğinin 60 faizi nisbətində sığorta ödənişinin verilməsi nəzərdə tutulur. Beləliklə, həm “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrinin, həm də sığorta hüququna dair digər qanunvericilik normalarının təhlili belə nəticəyə gəlməyə imkan verir ki, on bir min manat məbləğində olan birdəfəlik pul vəsaiti icbari sığorta hüquq münasibətləri çərçivəsində ödənilən sığorta ödənişidir. Belə ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı 2019-cu ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən, kəşfiyyat subyektinin əməkdaşı olaraq ordu sıralarından tərxis edildiyi, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən ikinci dərəcəli əlillik təyin olunduğu və cavabdeh inzibati orqan tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunduğu, üçün, Dövlət Sığorta Şirkəti tərəfindən hərbi qulluqçu kimi ona 6600 manat məbləğində sığorta haqqı ödənilmişdir. Hazırda iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı olduğu halda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunması nəticəsində cavabdeh inzibati orqan tərəfindən ona vurulmuş 46284 (88140 manat x 60 faiz/100 = 52884 manat - 6600 manat) manat maddi ziyanın ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.2-ci maddəsinə əsasən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı qanunla ona ona verilən bu hüquqdan istifadə etməmiş, "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə “Sığortalı” Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” 01 yanvar 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən Dövlət Sığorta Şirkəti tərəfindən yuxarıda qeyd olunan əsaslarla hərbi qulluqçu kimi ona ödənilən 6600 manat məbləğində sığorta haqqını qəbul etməklə, qeyd olunan müqavilə şərtləri ilə razı olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hər hansı qanunsuz hərəkətləri nətisəsində iddiaçıya ziyan vurulması sübut olunmadığından, iddiaçının tələbi təmin olunmamalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuşdur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10959/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10959/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver