Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1096/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinin gəlirindən çıxılması tələbi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinin gəlirindən çıxılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, inzibati orqanın İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair nəzarət – kassa aparatı çeklərinin (qəbzlərini) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd kimi qəbul etməməsinin qanunazidd olmasının müəyyən edilməsi; İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair nəzarət-kassa aparatı çeklərinin (qəbzlərinin) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd olduğunun müəyyən edilməsi, İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair dəqiqləşmiş ərizədə göstərilən nəzarət – kassa aparatı çeklərinin (qəbzlərinin) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd olduğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğuldur. Bu zaman istifadə etdikləri nəqliyyat vasitələrinə respublika daxilində yanacaq doldurulmasının ödənişi nağdsız qaydada həyata keçirilir. Xarici ölkələrə yük daşınması zamanı, nəqliyyat vasitəsindəki yanacaq kifayət etmir və nəqliyyat vasitəsi olduğu xarici ölkədə yenidən yanacaqla təmin edilir. Orada yanacağın alınmasının xərc sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilə bilinmir (elektron qaimə və s.). Çünki oranın qanunvericiliyi tətbiq edilir. O, yanacağın alınması üçün çəkilən xərc gəlirin əldə edilməsi üçün çəkilən xərc olmasına və gəlirdən çıxılmalı olmasına baxmayaraq, vergi orqanı (Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi) həmin xərcləri mövcud sənədlər əsasında gəlirdən çıxılan xərc kimi qəbul etmir. Bu isə onların hüquqlarını pozur. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi orqanına buna dair müraciət edilsə də, nəzərə alınmamışdır. Nəticədə, 2019-cu il üçün vergi bəyannaməsinin həmin xərclər göstərilmədən verilməsinə məcbur olunmuş və buna uyğun vergi hesabalanaraq ödənilmişdir. Həmçinin vergi orqanının mövqeyi onu deməyə əsas verir ki, bu istər cari il (2020), istərsə də, gələcək illər üzrə belə olacaqdır. Hesab edirlər ki, artıq vergi hesablanması, onların hüquqlarının pozulmasıdır və bunun qarşısı alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırlıq icraatı üzrə məhkəmə iclasında iddia tələblərinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən edilmədiyindən, bununla da, iddia tələblərinin təmin edilməsinə dair iddia tələbi irəli sürülsə də, bu iddia tələbləri ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələbləri ilə yekun məhkəmə aktı ilə hansı hüquq və vəzifələrin müəyyən edilməsinin ifadə edilməsini aydınlaşdırmaq mümkün olmadığından, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlıq icraatında iddia tələblərini konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələblərinin mövcud vəziyyətdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyinin müəyyən edilmədiyini, cavabdeh vergi orqanı tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırılması izah edilmiş, iddiaçının nümayəndəsi iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildirirək, iddia tələblərinə olduğu kimi baxılmasını israrla xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi ələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin məzmununun tərkib elementi kimi iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbinin göstərilməsi qəti hal kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə də iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti “məqsədyönlü və lüzumlu olan” prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyri-mümkün mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqan kimi göstərilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı konkret tələbi göstərilmədiyindən, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələrək pozulması) tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1096/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1096/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver