Məhkəmə qərarları › İş №2-1(112)-10964/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10964/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10964/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X4 və X5) “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, X4 və X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 7 evindən pasport qeydiyyatdan çıxarılması və qəbul olunmuş qərarın icra edilməsi üçün cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 7 ev xx.xx.2003 cü ildən alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətindədir. Buna dair ƏMDK yanında DƏDRX-dən iddiaçının çıxarışı var. İddiaçı sözügedən qeydiyyat vəsiqəsinin surətini ərizəyə əlavə etmişdir. Yaranmış zərurətlə əlaqədar mülkiyətində olan Şüvəlan qəsəbəsi, Yusif Qasımov küçəsi, ev 20”a”-da keçmiş gəlini və nəvəsi qeydiyyatda qalmaqdadır. Hansı ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2508/2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən oğlu X6 ilə gəlininin nikahları pozulmuşdur. Artıq gəlini X4 və nəvəsi X5 2 ildir iddiaçının mülkiyyətində olan evdən istifadə etmirlər. Onlar özlərinə məxsus evdə qalırlar. Onlara aid iddiaçının mülkiyyətində olan evdə heç bir əşya, geyim yoxdur. Onların sözügedən evdə formal olaraq qeydiyyatlarının qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun hüquqlarından tam istifadə etmək imkanını məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət edərək, üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir.

3. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən FM seriyalı 023542 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Z.Qasımov küçəsindəki 1(bir) otaq 17,16 kv.m, yaşayış sahəsi 36,14 kv.m torpaq sahəsindən ibarət 20 “a” saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2003-cü il tarixli qeydiyyat aparılmışdır.

4. Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair müraciətinə baxılmış, “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununun 9-cu maddəsinə istinad edilərək, müraciətinin təmin edilməsindən imtina edilmiş və göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 (xx.xx.2007-ci il təvəllüdlü) və X4 (xx.xx.1989-cu il təvəllüdlü) ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

6. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “ünvan 3 ünvanı üzərində sorğuda qeyd olunan fiziki şəxslərin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, qeyd olunan fərdi yaşayış evi ilə bağlı sonradan dövlət reyestrində bir sıra əməliyyatlar aparılmışdır. Belə ki, hazırda sözügedən ərazidə X1 adına qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ev 20 və Heydər-zadə Nicat Vahid oğlunun adına rəsmləşdirilmiş ünvan 4 ünvanı mövcuddur”.

7. Cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Tərəflərə şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

12. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

13. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri, ünvan 7 evin mülkiyyətində olduğunu və buna dair çıxarışın mövcud olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilən qeydiyyat vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə fərqli ünvana dair verilmişdir (Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Z.Qasımov küçəsindəki 20 “a” saylı fərdi yaşayış evi).

15. Eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 və X4 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

16. Bundan başqa iddiaçı Bakı şəhəri, ünvan 7 ünvandan İddiaçı Nurlan qızını qeydiyyatdan çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışında X2 qeyd edilmişdir.

17. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, iddia tələbi və onun əsaslandırılması aydın deyil, tələb qeyri-müəyyəndir.

18. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım məktubu göndərərək iddia tələbinin dəqiqləşdirilməsini təklif etməsinə və bununla bağlı ağlabatan müddət təyin etməsinə baxmayaraq qeyd edilən müddətdə iddia tələbi dəqiqləşdirilməmişdir.

19. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddia tələbinin lazımi qaydada qaldırılmaması nəticəsində mümkün sayılmaması həmin hüququn məhdudlaşdırılması üçün legitim əsasdır. Odur ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar