Məhkəmə qərarları › İş №2-1(112)-10968/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10968/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10968/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh X2 publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 publik hüquqi şəxsə qarşı “öhdəliyin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 22 avqust 2022-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 publik hüquqi şəxsə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və aidiyyət üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmənin iclasında iddiaçı və cavabdeh iştirak etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, mübahisənin ərazi aidiyyətinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı işin ərazi aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş edərək, bildirdi ki, iddia tələbini cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar irəli sürməmişdir. Onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi cavabdehin onunla hər iki tərəfin razılığı ilə bağlanmış müqavilə və imzalanmış qanuni akta uyğun olaraq öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində dəymiş zərərin hesablanması və ödənilməsidir. Hazırda səhhətində olan nasazlıq səbəbindən qolunu hərəkət etdirə bilmədiyi üçün bu barədə müvafiq ərizə ilə yazılı qaydada məhkəməyə müraciət edə bilmir. Məhkəmədən xahiş edir ki, onun işi ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Növbəti məhkəmə iclaslarında, onun üçün ərazisi daha yaxın olan Sumqayıt İnzibati Məhkəməsinə ona dəymiş zərərin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə vəsatətlər də hazırlayıb təqdim edəcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin ərazi aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə uyğun olaraq həll edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə iş materiallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Çünki, iddiaçı faktiki olaraq tərəflər arasındakı razılaşmada nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən pozulması nəticəsində vurulmuş ziyanı tələb. Belə olan halda məhkəmənin qənaətinə görə işə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin müddəası tətbiq edilməklə iddiaçının olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. İddiaçının izahatına və iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı Şabran rayonu Ağbaş ərazi dairəsi Ağbaş kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri—tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Şabran rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə hazırki mübahisəyə baxmaqda özünü səlahiyyətli saymadığından iddianın mümkünlüyü ilə bağlı məsələyə toxunmadan işə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 8, 23.1, 34.1 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X2 publik hüquqi şəxsə qarşı “öhdəliyin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar