Məhkəmə qərarları › İş №2-1(112)-1097/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1097/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1097/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının vəkili Nümayəndə, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X9) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı şəhər sakinlərinə bağ sahələrinin ayrılmasına dair Bakı şəhər XDS-nin İK-nın xx.xx.1988-ci il tarixli, 9/549 nömrəli qərarına əlavə edilmiş siyahıda 23 saylı X1 üzvləri sırasında X4 adına Vişnyovka- 2 bağ massivindən torpaq sahəsinin ayrılması barədə qeydin etibarsız hesab edilməsi, X4 adına olan 07 saylı orderin, həmin order əsasında üçüncü şəxsin adına verilmiş 03 saylı orderin etibarsız hesab olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmuş, iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2135/2019 nömrəli, 22 avqust 2019-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-186/2019 nömrəli iş üzrə 12 iyun 20l9-cu il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 adına verilmiş 07 saylı orderin, həmin order əsasında verilmiş xx.xx.2004-cü il tarixli, 03 saylı orderin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(112)-57/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməsi və X4 adına verilmiş 7 nömrəli orderin, həmin order əsasında üçüncü şəxs X3 adına verilmiş xx.xx.2004-cü il tarixli, 3 nömrəli orderin etibazrsız sayılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva-sədrlik edən, S.Bektaşi və A.Hüseyn) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2293/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1600/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1124/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1124/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən X4 adına verilmiş 07 nömrəli order, həm də həmin order əsasında üçüncü şəxs X3 adına verilmiş 15 dekabr 2004-cü il tarixli 03 nömrəli orderin mötəbər hesab edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Üçüncü şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1124/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2293/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli, 2-1(103)- 1124/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər X11 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı əsasında 23 saylı kooperativ tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli orderə əsasən, Vişnyovka-2 bağ massivində 248A nömrəli bağ sahəsi X10 verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha olan 248A nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 11 avqust 2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “...idarənin arxivində saxlanılan 23 nömrəli X2 (BTK) üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar olunmamışdır. Həmçinin tərəfinizdən göstərilən torpaq sahəsi digər bağın ərazisinə uyğun gəlir. Bundan əlavə, torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin baza məlumatı ilə üst-üstə düşür. Həmçinin torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd olunsa da; faktiki 1096 kv.m təşkil edir.”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X11 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha olan 248A nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının mərhum atası X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən iddiaçının mərhum atası X10 Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha olan 248A nömrəli bağ sahəsi ayrılmışdır. Həmin bağa dair iddiaçının mərhum atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən arayışın verilməsi üçün cavabdehə müraciət olunmuş, idarə tərəfindən imtina olunmuşdur. İmtina əsasında Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, eyni bağ sahəsinə 3-cü şəxs X3 atası X4 adına, ondan sonra isə X3 adına saxta sənədlərlə order verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı Bakı şəhər İcra hakimiyyətinə qarşı iddia qaldıraraq X4 adına olan 07 saylı orderin, həmin order əsasında üçüncü şəxsin adına verilmiş 03 saylı orderin etibarsız hesab olunmasını Bakı İnzibati Məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2-1(112)- 57/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti və 3cü şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1124/2022 saylı qərarı ilə şikayətlər təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-57/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 3-cü şəxs Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1124/2022 saylı qərarından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1 (102)-1884/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1124/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Mərhum atasının vərəsəsi kimi iddiaçı bağın atasının adına mülkiyyət hüququ ilə tanınmaqla arayışın verilməsi üçün ərizə ilə müraciət etmiş, lakin imtina məktubu ilə bildirilmişdir ki, həmin bağ sahəsinə dair X3 adına xx.xx.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçü” Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilərək, qeydiyyata alınmışdır. Daha sonra cavabdeh orqana həmin plan və ölçünün ləğv edilməsi barədə müraciət olunmuş, lakin ərizəyə cavab verilməmişdir. Həmin plan və ölçünün verilməsinə əsasən olmuş hüquqmüəyyənedici sənədlər yuxarıda sadaladığım məhkəmə qərarları əsasında ləğv edilmişdir. Ona görə də, X3 adına xx.xx.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçü”nün ləğv edilməsini Sizdən xahiş edirəm. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “...23 saylı Bağ Tikinti Kooperativinə dair İdarənin arxiv əsaslarında saxlanılan sənədlər qovluğunda X10 torpaq sahəsi ayrılması, həmçinin təqdim edilmiş order barədə məlumat aşkar olunmamışdır.” Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırki iddia tələbində iddiaçı Bakı şəhər X11 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına və X7 adına tərtib edilmiş nömrəsiz orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında yerləşən 248A saylı bağ sahəsinə hüququnun mərhum atasına məxsus olmasına dair arayışın verilməsini tələb edir. Cavabdeh isə aşağıdakı dəlillərə istinad edərək iddiaya etiraz edir: 1) idarənin arxivində saxlanılan 23 nömrəli X2 (BTK) üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar olunmamışdır. 2) göstərilən torpaq sahəsi digər bağın ərazisinə uyğun gəlir. 3) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin baza məlumatı ilə üst-üstə düşür. 4) Torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki 1096 kv.m təşkil edir. 5) 23 saylı Bağ Tikinti Kooperativinə dair İdarənin arxiv əsaslarında saxlanılan sənədlər qovluğunda X10 torpaq sahəsi ayrılması, həmçinin təqdim edilmiş order barədə məlumat aşkar olunmamışdır. Məhkəmə cavabdehin imtina dəlillərini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı torpaq sahəsinə dair mərhum atasının adına olan iki sənədə təqdim edir: 1) Bakı şəhər X11 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı; 2) X7 adına tərtib edilmiş nömrəsiz order. 1-ci sənədlə bağlı iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Siyahının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. 2-ci sənədlə bağlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139- 1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslılığının yoxlanılması üçün ilk növbədə iddiaçının qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlanılmalıdır. Cavabdehin də etirazının dəlilləri kimi istinad etdiyi hallardan ikisi ondan ibarətdir ki, (1-ci və 5-ci dəlil) 23 saylı Bağ Tikinti Kooperativinə dair İdarənin arxiv əsaslarında saxlanılan sənədlər qovluğunda X10 torpaq sahəsi ayrılması, həmçinin təqdim edilmiş order barədə məlumat aşkar olunmamışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla 23 nömrəli BTK-ya dair arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd edilən siyahıda (Bakı şəhər X11 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən tərtib edilmiş) iddiaçının mərhum atasının adı yoxdur. İddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi X7 adına tərtib edilmiş nömrəsiz order isə İdarənin arxivində mövcud deyil. Həmin sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. Notarius sənədin surətini (orderin əslini) deyil, fotosurtin düzgünlüyü təsdiq etmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli, 444 saylı Fərmanı ilə, Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanlarında dəyişiklik edilmişdir. Fərmanın 1.2-ci bəndinə görə, aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin: “7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.” Beləliklə məhkəmə tərəfindən iddiaçının mötəbər hüquqmüəyyənedici sənədə malik olması müəyyən edilmir. İddiaçı yuxaırda sadanan hüquqmüəyyənedici sənədlərə malik olmadığından məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Ona görə də, cavabdehin digər dəlilləri, yəni torpağın yerləşməsi, faktiki vəziyyəti və digər hallar barədə əlavə araşdırılma aparılmasına məhkəmə zərurət görmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar