Məhkəmə qərarları › İş №2-1(112)-10970/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10970/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10970/2025 18.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 İsgəndər qızının sədrliyi, İddiaçı Mekhrabov Rafailin iştirakı ilə, İddiaçı Mekhrabov Rafailin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Mekhrabov Rafail (bundan sonra –İddiaçı) xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdeh Bakı şəhər Qarada Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün yerləşmə cizgisinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli 5-13/1-M-25-091/2025 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün müraciət etdiyi torpaq sahəsi ona 1999-cu ildə ayrılmışdır. Hazırda iddiaçı xarici ölkə (Gürcüstan Respublikası) vətəndaşıdır. Qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) aid ərazidə yerləşir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə və xəritədə müəyyən edilir. Bu isə verilmiş sərəncamın qüvvəyə minməsi üçün əsas hesab olunur. Sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə {naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 1999-cu il tarixli, 546 nömrəli sərəncam ilə ona ayrılmış torpaq sahəsinə dair plancizginin hazırlanması və təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh 20 may 1999-cu il tarixli, 546 nömrəli sərəncamı ilə, iddiaçıya Qaradağ rayonu, ünvan 1 ünvanında torpaq sahəsi ayrılmışdır. Elə həmin tarixdən də torpaq sahəsini istifadə edir, fərdi yaşayış evi tikib həmin evdə də yaşayır. Hazırda, mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədləri toplamaq, qeydiyyata aldırmaq və ən qısa müddətdə Azərbaycan Respublikası vətəndaşı olan yaxın qohumuna bağışlamaq istəyir. Lakin, 03 aprel 2025-ci il tarixli məktubla Cavabdeh iddiaçıya ayrılan torpaq sahəsinin yerləşdiyi yerin cizgisinin verilməsindən imtina etmişdir. İddiaçıya ayrılan torpaq sahəsi yaşayış massivində yerləşir və yerli icra hakimiyyəti orqanı olan Cavabdeh tərəfindən ayrılmışdır. Hazırda isə, torpaq sahəsinə dair cizginin verilməməsinə dair formal əsaslardan biri kimi Dövlət Neft Şirkətinə ayrılmış sahədə yerləşdiyi göstərilir. Lakin, bunun üçün heç bir sənəd təqdim olunmamışdır. Üstəlik iddiaçı, artıq ona ayrılmış torpaq sahəsinə dair plan-cizginin verilməsini xahiş etmişdir, yeni torpaq ayrılmasını deyil. Ayrılmış torpağın plan-cizgisi sərəncam üçün əsasdır və onu əldə etmək hər bir halda iddiaçının hüququdur. Cavabdeh torpaq sahəsinə dair cizginin verilməsindən imtinası formal əsaslara söykənir və heç bir qanuni əsası yoxdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddaya yazılı etirazında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 546 saylı sərəncamında iddiaçının adı və soyadı “Mehrabov Rafail” kimi qeyd olunmuşdur, lakin ümumvətəndaşlıq pasportunda və digər sənədlərində isə “Mekhrabov Rafail” kimi qeyd olunmuşdur. Hazırki məhkəmə təcrübəsində ad, soyad və ya ata adında hərf səhvləri və sair kimi hallar mövcud olan sənədlər rayon məhkəmələrində xüsusi icraat qaydasında ərizələr verilməklə, qeyd olunan şəxslərə məxsus olub-olmaması faktının təsdiqlənməsi zəruri hesab olunur. Hazırki vəziyyətdə subyektiv hüququn kimə məxsus olması qeyrimüəyyəndir. Ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” X2 istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşib- yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində olmasını, hansı inzibati orqanın inzibati ərazisində və idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Həmçinin qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) və xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi- plan, cizgi-sxem ve sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı" adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı ona ayrılmış torpaq sahəsi ilə bağlı yerləşmə cizgisini tələb etdiyindən onun iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - İşdə olan DYİ seriyalı 00***** nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Mekhrabov Rafail xx.xx.1976-cı ildə Gürcüstanda doğulmuşdur, Gürcüstan Respublikasının vətəndaşıdır, yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, ev 4A qeyd olunmuşdur. Daimi yaşama icazəsi xx.xx.2020-ci ildən xx.xx.2025-ci ilədək etibarlıdır. - Bakı şəhəri Cavabdeh başçısının fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.1999-cu il tarixli 546 saylı sərəncamından görünür ki, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 27 , mənzil 12-də yaşayan X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600.0 m2 torpaq sahəsi ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 18 iyul 2025-ci il tarixli, 3-21-3-30/2-30960/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Ə.C.Əmirov adına NQÇİ). Torpaq sahəsi "yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahə Qaradağ rayonu ərazi hüdudları daxilində yerləşir. - Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-13/2-932/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti 5 (beş) ildir. Müvəqqəti mühafizə müddəti bitdikdən sonra Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivinə verilir. Rafail Mekhrabova torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 546 nömrəli sərəncamı və bu sərəncamın verilməsinə əsas olan sənədlər barədə rayon icra hakimiyyətində heç bir məlumat olmadığından göstərilən məsələnin icrası imkan xaricindədir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sənədlərdən məlum olur ki, iddiaçıya torpaq sahəsi xx.xx.1999-cu il tarixli 546 saylı Sərəncamla ayrılmışdır, həmin sərəncam hazırda qüvvədədir. İddiaçı hazırda torpaqayıran qurum olan cavabdehdən ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini xahiş ediir. Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.1999-cu il tarixli 546 nömrəli sərəncamının qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (xx.xx.1991-ci il tarixli) əsasən: -maddə 7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. -maddə 10. Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; -maddə 11. Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. -Maddə 12. Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir. -maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cü maddəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Eyni zamanda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdeh tərəfindən ayrıldığından həmin torpaq sahəsinin naturada təyin edilməsini təsdiq edən sənədin, yəni torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi də həmin qurumun vəzifəsi olmuşdur. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş etsə də, əslində bununla ona torpaq ayrılan zaman tərtib edilən cizginin “dublikatı”nın (surətinin) verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nı (surətinin) təqdim etmək vəzifəsi daşımışdır, həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması onu bu vəzifəsinin icrasından azad etmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı tələbində haqlı olmuşdur və bu səbəbdən təmin edilməlidir. İddiaçının xarici dövlətin vətandaşı olması və torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” X2 istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşməsi barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, bunlar yerləşmə cizgisinin tərtib edilməsinə imtina üçün əsas olmamaqla, iddiaçının torpaq sahəsinə hüququnun qeydə alınması barədə tələbi üzrə araşdırılmaqla həll edilməli olan məsələlərdir. Çünki yerləşmə cizgisi şəxsin istifadəsində olan torpaq sahəsinin naturada yerləşməsini müəyyən etməyə imkan verən, şəxsə torpaq sahəsi ayrılarkən tərtib edilməli olan texniki sənəddir və özlüyündə şəxsə hər hansı bir hüquq vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri Cavabdeh xx.xx.1999-cu il tarixli 546 nömrəli sərəncamı ilə iddiaçı Mekhrabov Rafailə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar