Məhkəmə qərarları › İş №2-1(112)-10972/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10972/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10972/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 0.12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X4 1951-ci ildə 1995 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu, Albalı-1 bağ sahəsində torpaq sahəsi verilmişdir. 75 ildir ki, bu bağ sahəsi onların istifadələrindədir. 815 nömrəli müqaviləyə əsasən atasının ona verdiyi 0.25 ha torpağın 0.12 ha hissəsinə çıxarışı vardır. Qalan 00.12 ha hissəsinə isə çıxarış almaq üçün müraciət edir. Ona verilmiş 0.12 ha torpaq sahəsi 1980-ci ildən xüsusi mülkiyyətindədir. Ona aid olan qalan sahənin 0.12 ha hissəsi texniki pasportda göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********39 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərənamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak oyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, bağ sahəsi ilkin olaraq 0.25 ha təşkil etmiş, daha sonra 0.12 ha hissəsi X3 adına keçirilmiş və 23006 nömrəli müqavilə ilə 815A kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qalan 0.12 ha hissə isə İddiaçı Əliabbas qızının adına xx.xx.1999-cu il tarixli, 1995 nömrəli müqavilə əsasında bağ evi kimi qeydiyyata alınmışdır. Həmçinin, İdarənin mütəxəssislərinə müvafiq ünvana texniki baxış keçirilməsi və çöl-ölçü işlərinin aparılması üçün şərait yardılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsidnə isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki: - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-ü il tarixli, 3-21-3-30/2-R-0223-8/2024 **********39 nömrəli məktubla imtina edərək bildirmişdir ki, torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş 04 noyabr 2025-ci il tarixli 3-21-3-30/2-52568/2025 nömrəli və 24 noyabr 2025-ci il tarixli 3-21-3-30/2- 55892/2025 nömrəli məktublarla təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, mübahisəli 815 bağ sahəsi “Bağ sahəsinin və tikililərin uzun müddətə icarəyə verilməsi haqqında” 5 yanvar 1970-ci il tarixli 1995 nömrəli müqaviləyə əsasən X1 istifadəsinə verilmiş, bağ sahəsinin ölçüsü ilkin olaraq 0.25 ha təşkil etmiş, arxiv qeydinə əsasən bağ sahəsi iki hissəyə bölünərək, bir hissəsi - 815 saylı 1 otaqlı bağ evi kimi 1200 kv.m olmaqla İddiaçı Əliabbas qızının adına, digər hissəsi - 815 a saylı bağ sahəsi kimi 1200 kv.m olmaqla X2 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçı bağ sahəsinin ümumi ölçüsünün 0.25 ha təşkil etməsinə və həmin bağ sahəsinin yalnız 0.12 ha hissəsinin özəlləşdirilməsinə, yerdə qalan hissəsinin isə bu günədək özəlləşdirilməsinə nail ola bilmədiyini, bu səbəbdən hazırda həmin hissəyə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdiyini bildirsə də, mübahisəli bağ sahəsinin yerdə qalan bir hissəsi – 0.12 ha hissəsi arxiv qeydinə əsasən razılaşma əsasında digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”nda iddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsünün 1478.0 kv.m olması göstərilsə də, torpaq sahəsinin sənəd üzrə ölçüsündən əlavə sahəyə dair iddiaçının hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Beləliklə iddiaçının iddia etdiyi torpaq sahəsinin 0.12 ha hissəsinə dair iddiaçının hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından və sözügedən torpaq sahəsi hazırda digər fiziki şəxsin xüsusi mülkiyyətində olduğundan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi və onun hazırki iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüququ istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar