Məhkəmə qərarları › İş №2-1(112)-10979/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10979/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10979/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 30 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Binəqədi şəhər Binəqədi rayon İcra Hakimiyyətinin başçısının xx.xx-2000-ci il tarixli, 443 nömrəli Sərəncamına əsasən İddiaçı (bundan sonra – iddiaçı) Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.m. torpaq sahəsi ayrılmışdır. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən torpa qsahəsinə dair yerləşmə cizgisi tərtib edilərək iddiaçıya verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...təqdim olunmuş sənədlər surətdir və torpaq sahəsinə texniki baxış keçirilməsi üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir.”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə İddiaçı çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası cavabları hüquqi cəhətdən əsassız və iddiaçının hüquqlarını məhdudlaşdıran xarakter daşıyır. Təqdim edilən sənədlər qanunvericiliyə uyğun qaydada toplanmış, hüquq müəyyən edən sənədlər əsasında formalaşmışdır. Belə ki, torpaq sahəsi ilə bağlı hüquqi əsas olan 13 yanvar 2022-ci il tarixli, BA-00128-2022 nömrəli məktubla Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialı tərəfindən bildirilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2002-ci il tarixli, 443 saylı sərəncam və ona əlavə edilmiş cizgi sənədi arxivdə mövcuddur və bu sənədlərin təsdiq edilmiş surətləri iddiaçıya təqdim edilmişdir. Bu, həmin torpaq sahəsinin hüquqi əsasla ayrıldığını və faktiki olaraq mövcud olduğunu sübut edir. Digər tərəfdən, cavabdeh orqanın texniki baxışın keçirilməməsi ilə bağlı iddiası da əsassızdır. Texniki baxışın keçirilinəsi üçün nə vaxt və hansı formada əraziyə baxış planlaşdırıldığı, kim tərəfindən baxılacağı və hansı şəraitin tələb olunduğu barədə iddiaçıya və ya nümayəndəsinə heç bir yazılı və ya şifahi məlumat təqdim edilməmişdir. Bu barədə dəqiq vaxt və şərtlərlə bildiriş verilməli idi ki, texniki şəraiti təmin edilməsi mümkün olsun. Lakin belə bir bildiriş olmamış, texniki baxışın keçirilməsi üçün lazımi təşkilati tədbirlər cavabdeh orqan tərəfindən aparılmamışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçülərdə və konfiqurasiyasında uyğunsuzluqu mövcuddur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazı müdafiə edərək rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Binəqədi rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 443 nömrəli Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi Biləcəri qəsəbəsində 600.0 kv.m. torpaq sahəsi ayrılmışdır. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə yerləşmə cizgisi tərtib edilərək iddiaçıya verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır, iddia tələbi əsaslıdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.8-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı təşkil edir. Həmin normalara görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə qərar torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İstinad edilən normalardan göründüyü kimi, iddiaçının təqdim etdiyi Binəqədi rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 443 nömrəli Sərəncamı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəddir. Sərəncam ləğv edilməmiş, dəyişdirilməmiş, etibarsız hesab edilməmiş, geri çağırılmamış və heç bir şəxs və orqan tərəfindən mübahisələndirilməyərək qanuni qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir və aşağıdakı dəlillərə istinad edərək iddiaçının müraciətinə imtina vermiş və aşağıda göstərilən dəlillərə istinad edərək iddiaya etiraz edir. 1) təqdim edilmiş sənədlər surətdir. 2) torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçülərdə və konfiqurasiyasında uyğunsuzluqu mövcuddur. Məhkəmə cavabdehin birinci imtina dəlili ilə bağlı qeyd edir ki, iş matereallarında olan hüquqmüəyyənedici sənədin mötəbərliyinin yoxlamaq üçün məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Dövlət Arxivinin Bakı Filialına müvafiq sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 443 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Beləliklə iddiaçının hüquqmüəyyənedici sənədə malik olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə cavabdehin ikinci imtina dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar qeyd olunmuş sxemi məhkəməyə təqdim edilmişdir. İddiaçı torpaq sahəsinin yerini bilir və üzərində fərdi yaşayış evi inşa etmişdir. Qeyd ediln torpaq sahəsinə hər hansı digər şəxsin hüququ qeydə alınmamış və ya həmin torpaq sahəsinə başqa şəxsin müraciəti olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin uyğunsuzluqların aradan qaldırılması, cavabdehin vəzifəsidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Odur ki, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 600 kv.m. olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar