Məhkəmə qərarları › İş №2-1(112)-10980/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10980/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10980/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən sahəsi 0,05 hektar olan 88 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən sahəsi 0,05 hektar olan 88 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan ölçünün tərtib edilərək verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində olan 88 saylı bağ sahəsi “Xəzri” bağçılıq yoldaşlığı tərəfindən Bakı şəhər XDS İK-nin 19/401 saylı, xx.xx.2006-cı il tarixli qərarı əsasında iddiaçının qanuni istifadəsinə verilmişdir. Bağ dörd tərəfdən hasar içərisində yerləşir və iddiaçı orada bir sıra abadlıq işləri aparmışdır. Bağ sahəsi mübahisəsiz olaraq iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən sahəsi 0,05 hektar olan 88 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, bağ sahəsinin qanuni istifadəsində olmasını təsdiq edən sənədlərin əsllərini (plan və ölçü, bağçılıq kitabçası, protokoldan çıxarış, bölgü sxemi və s.) təqdim etmişdir. İdarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmiş, lakin ərizəsi təmin edilməyərək xx.xx.2019-cu il tarixli imtina məktubunda bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş ilkin siyahısında adının aşkar olunmadığı qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və hüquqaziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən sahəsi 0,05 hektar olan 88 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında yerləşən 88 saylı bağ sahəsinə texniki pasportun tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı, həmçinin əlavə edilən protokoldan çıxarışda qeyd edilən Orucov Babəkin adı aşkar olunmamışdır. Bundan başqa təqdim edilmiş müvafiq hüquqmüəyyənedici sənədlərdə qeyd olunan “Xəzri” bağçılıq yoldaşlıq cəmiyyətininn qanuni fəaliyyətində yaranmış şübhələrlə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsində xx.xx.2007-ci il tarixli, 6k-2455/07 nömrəli xüsusi qərardadı ilə işə Bakı şəhəri İH-də baxılması qərara alınmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********15 nömrəli cavab məktubu ünvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Etirazda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci, 11.1-ci, 23-cü maddələrinə istinad edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********15 saylı bildirişindən görünür ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən 88 saylı bağ sahəsində yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -“Xəzri” Bağçılıq Cəmiyyətinin xx.xx.2006-cı il tarixli 1 saylı protokolundan çıxarışın əslindən görünür ki, “Xəzri” bağçılıq cəmiyyətinin üzvü Orucov Babəkin öz ərizəsi ilə Cəmiyyətin üzvlüyündən azad edilməsi və ona məxsus olan 88 saylı 500 kv.metr torpaq sahəsi bağçılıq cəmiyyətinin digər üzvü Qəhrəmanova Safuraya verilməsi qərara alınmışdır. -“Xəzri” bağçılıq cəmiyyətinin sədri tərəfindən təsdiq edilmiş Cəmiyyətin torpaq sahəsinin planında 88 saylı bağ sahəsinin mövcud olduğu görünür. -İddiaçının adına tərtib edilmiş 88 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, iddiaçı X1 bağçılıq cəmiyyəti üzlərinin xx.xx.2006-cı il tarixli, 1 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona Qaradağ rayonu, Şıxlar qəsəbəsində 500 kv.metrdən ibarət 88 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. -Müvafiq sorğu əsasında cavabdeh tərəfindən “Xəzri” bağçılıq-yoldaşlıq cəmiyyətininn arxiv əsaslarında olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Bakı səhəri X3 İcraiyyə Komitəsi tərəfindən 12 iyul 1987-ci il tarixli 16/290 saylı qərarı ilə Azərbaycan Respublikası Tikinti Nazirliyi Texnoloji Proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri üzrə Xüsusi Layihə-konstruktor bürosuna bağçılıq yoldaşlığını layihələndirmək üçün Oktyabr rayonunun Şıxlar kəndində 72 nəfər üzv üçün nəzərdə tutulmuş torpaq (bağ) sahəsi ayrılmışdır. Eyni qurumun 07 iyul 1986-cı il tarixli 11/756 nömrəli Qərarı ilə “Xəzri” İB-yə bağçılıq-yoldaşlığın daha 7 üzvü üçün Hövsan qəsəbəsi ərazisində torpaq (bağ) sahəsi ayrılmış və bağçılıq təsərrüfatı üzvlərinin siyahısı müəyyən edilmişdir. -Azərbaycan SSR Tikintisi Naziri tərəfindfən Bakı şəhər İcraiyyə Komitəsinə ünvanlanan 19 fevral 1988-ci il tarixli məktubdan görünür ki, “Xəzri ” bağçılıq cəmiyyətinin əlavə 20 üzvü üçün Qaradağ rayon Şıxlar rayonu ərazisində torpaq sahəsinin ayrılması xahiş edilmiş, sonuncunun 30 yanvar 1998-ci il tarixli İ/25 №li Qərarı əsasında əlavə 20 nəfər üzv üçün torpaq sahəsi ayrılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı səhəri X3 İcraiyyə Komitəsi tərəfindən 12 iyul 1987-ci il tarixli 16/290 saylı qərarı ilə Qaradağ rayonunun Şıxlar qəsəbəsi ərazisində bağçılıq yoldaşlığı təşkil etmək üçün “Xəzri” bağçılıq cəmiyyətinə torpaq sahəsi ayrılmışdır. “Xəzri” bağçılıq cəmiyyətinin xx.xx.2006-ci il tarixli 1 saylı protokolu ilə B.Orucov bağçılıq cəmiyyətinin üzvlüyündən azad edilərək ona ayrılmış 500 kv.metr torpaq sahəsindən ibarət 88 nömrəli bağ sahəsi iddiaçının adına təhkim edilmiş və bu barədə ona eyni tarixli üzvlük kitabçası verilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə 88 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı qeyd olunan bağ sahəsinə dair “Xəzri” bağçılıq yoldaşlığı üzvlərinin iclasının protokolundan çıxarışı, üzvlük kitabçasını, bağların bölgü sxemini cavabdehə təqdim etmişdir. Bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, qeyd olunan protokolun və üzvlük kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilməmiş, iddiaçının təqdim etdiyi sübutların mötəbərliyini şübhə altına alan tutarlı dəlil təqdim edilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Məhkəmə cavabdehin imtina dəlillərini əsaslı saymayaraq hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Xəzri” bağçılıq yoldaşlığın arxiv əsaslarında olan sənədlərə yalnız 1987-ci il tarixdə üzvlüyə qəbul edilmiş şəxslərin ilkin siyahısı əlavə edilmişdir. Bu hal isə ötən dövrdə həmin bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin dəyişməsi və istifadə edilməyən sahələrin yeni üzvlərə verilməsini istisna etmir. Təqdim edilmiş sənədlərdən isə iddiaçının xx.xx.2006-cı il tarixdə bağçılıq cəmiyyətinə üzvlüyə qəbul edildiyi və ona 88 saylı bağ sahəsinin ayrıldığı görünür. “Xəzri” bağçılıq-yoldaşlığa 1987-ci ildən sonradan üzvlüyə qəbul edilmiş şəxslərin siyahısının cavabdehin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz. Məhkəmə cavabdehin digər dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xəzri” bağçılıq-yoldaşlıq cəmiyyəti ilə bağlı xx.xx.2007-ci il tarixli xüsusi Cəmiyyətin 2005-2006-cı illərə aid vermiş olduğu sənədlərin kiril əlifbası ilə yazılması və kiril əlifbalı möhürlə təsdiq edilməsi ilə bağlı halların aydınlaşdırılması ilə bağlı olmuşdur. Hazırkı işin hallarında isə iddiaçının sənədlərində qeyd olunan xüsusat müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 15, 17 və 19-cu maddələrinin tələblərinə zidd olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən sahəsi 0,05 hektar olan 88 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan ölçünün tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən sahəsi 0,05 hektar olan 88 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan ölçünün tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar