Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10981/2021 22.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 01.04.2016-cı ildən 01.04.2019-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, ona 20.12.2001-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilməsi və sosial müavinət təyin ediməsi nəzərə alınaraq Prezident təqaüdünün təyin edildiyi tarixdən əvvəlki 3 il üçün də hesablanmış sosial müavinət cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin nümayəndəsi iddiaya münasibətdə etiraz edir və hesab edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıaya “müharibə veteranı vəsiqəsi” 06 noyabr 2020-ci il tarixə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından, hazırki halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Qeyd olunmalıdır ki, hazırkı işlə üzrə mövcud inzibati praktika onun göstərir ki, şəxs 01.04.2019-cu il tarixdən, yəni “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvəyə mindiyi vaxtdan əvvəl müharibə veteranı statusu almışdırsa ona müavinət son üç il nəzərə alınmaqla ödənilir. Şəxs həmin tarixdən sonra veteran statusu qazanırdısa, ona ümumiyyətlə son 3 il üçün olan ödənişlər həyata keçirilmirdi. Göründüyü kimi iddianın təmin və ya rədd edilməsi əsası şəxsə veteran statusunun 01.04.2019-cu il tarixdən əvvəl və ya sonra verilməsindən asılı olaraq müəyyən edilir. Hazırkı işin faktiki halları isə fərqlidir. Belə ki, hazırkı işin faktiki hallarına əsasən analoji işlərdən fərqli olaraq iddiaçı 01.04.2019-cu il tarixdən əvvəl, yəni 20.12.2001-ci il tarixdə veteran statusu qazanmışdır. Lakin, o uzun müddət ərzində müavinətin təyin edilməsi ilə bağlı müraciət etməmiş, yalnız 23.06.2021-ci il tarixdə təqaüd alınması ilə bağlı müraciət etmişdir ki, iddianın qeyd olunan səbəbdən qismən təmin edilməsi ilə bağlı həm qanunvericiliyin, o cümlədən Ali Məhkəmənin həmin faktiki hallarla bağlı mövqeyi nəzərə alınmaqla məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. -10.3-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. “Veteranlar haqqında” Qanunun: -2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. -3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. -7-ci maddəyə əsasən müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi, veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyə uyğun olaraq nəzərə alınmalıdır ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Bu müqabildə məhkəmə hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 20.12.2001-ci il tarixdə verilmiş olsa da, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş müavinət işində olan sənədlərdən müəyyən edilir ki, iddiaçı 23.06.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş və “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə iddiaçıya 01 aprel 2019-cu il tarixdən Prezident təqaüdü təyin edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hazırkı tələblə cavabdehə 23.06.2021-ci il tarixdə müraciət etdiyindən, ona müavinətin ödənilməsi müddəti 3 il əvvəldən, yəni 23.06.2018-ci ildən başlanmaqla 01.04.2019-cu il tarixi ilə məhdudlaşmalıdır. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Həmin kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi isə ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparmalıdır. Yuxarıda qeyd edilən Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Bu mövqeyinə uyğun olaraq, məhkəmə hesab edir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Odur ki, hazırki halda iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinət Fərmanın yuxarıda qeyd edilən tələblərinə əsasən 01.04.2019-cu il tarixinədək ödənilməlidir. Məhkəmə bir məsələni də diqqətə çatdırır ki, cavabdeh yazılı etirazda iddiaçının müharibə veteranı vəsiqəsinin 06 noyabr 2020-ci il tarixdə aldığı ilə bağlı mülahizələr irəli sürsə də, bu hal müharibə veteranı vəsiqəsində olan qeydlər əsasında, həmçinin iddiaçıya Prezident təqaüdünün 01.04.2019-cu il tarixdən təyin olunması ilə təkzib olunmuşdur. Belə ki, müharibə veteranı vəsiqəsinin verildiyi tarix – 20.12.2001-ci il göstərilmişdir. Belə olan halda, cavabdehin göstərdiyi bu hal mötəbər əsas kimi qiymətləndirilmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1699/2021 saylı iş üzrə qəbul etdiyi 20.10.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir.” Həmin qərardan da göründüyü kimi müharibə veteranı statusunu 01.04.2019cu il tarixədək almış olan, lakin həmin statusun ona verdiyi hüquqdan, yəni Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdündən istifadə hüququndan 01.04.2019-cu il tarixdən sonra istifadə edən şəxslərə ödənişin həyata keçirilməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin növ iddialar qismən təmin edilməli, iddiaçı hər nə qədər 01.04.2019-cu il tarixdən sonra təqaüdun ödənilməsi barədə müraciət etmiş olsa da, onun müharibə veteranı statusunun həmin tarixdən əvvəl alması nəzərə alınmalıdır. Həmin qərardan da göründüyü kimi həmin işin faktiki halı ilə indiki hallar eyni olmuş, həmin iş üzrə iddiaçı 01.04.2019-cu il tarixdən əvvəl 07.08.2001-ci il tarixdə müharibə veteranı olmuş, lakin təqaüdun verilməsi ilə bağlı 01.04.2019-cu il tarixdən sonra, yəni 2020-ci ilin avqust ayında müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək həmin iş üzrə (01.04.2016-01.04.2019-cu il tarixlər üzrə) müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq ödənilməsi barədə mövqe nümayiş etdirsə də, apellyasiya instansiya məhkəməsi həmin qərarı dəyişdirmiş, cavabdehin üzərinə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 10.02.2017-ci il tarixdən 01.04.2019-cu il tarixədək olan müddətə görə hesablanaraq ödənilməsi öhdəliyinin qoyulmalı olması barədə mövqe nümayiş etdirmiş və qərar onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı tələblə cavabdehə 10.02.2020-ci il tarixdə müraciət etdiyindən, ona müavinətin ödənilməsi müddəti 3 il əvvəldən, yəni 10.02.2017-ci ildən başlanmaqla 01.04.2019-cu il tarixi ilə məhdudlaşmalıdır. Həmin qərar isə kassasiya instansiya məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. Hazırkı iş üzrə də işin faktiki halları eyni olduğundan məhkəmə hesab edir ki, gəlinən nəticə ilə həmin qərarlarla uyğunluq təşkil etməlidir. Belə ki, iddiaçı 01.04.2019-cu il tarixdən sonra, yəni 23.06.2021-ci il tarixdə təqaüdün ödənilməsi ilə bağlı müraciət etsə də, onun əvvəlki illər üzrə məbləğin ödənilməsi hüququ məhdudlaşmamalıdır. Belə ki, iddiaçının həmin ödənişləri indiyədək almama səbəbləri onun veteran statusunu həmin tarixdə alması ilə bağlı olmamış, təqaüdlə bağlı gec müraciəti olmuşdur. Onun gec müraciəti isə əvvəlki illər üzrə ödənişlərin ödənilməsini istisna etmir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini iddiaçı tələb edə bilər. Bu səbəbdən də ona müraciət etdiyi vaxtdan, yəni 23.06.2021-ci il tarixdən əvvəlki 3 il ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər nə qədər təqaüd 2021-ci il tarixdə təyin edilmiş olsa da, ödənişlər iş materiallarından da görünür ki, 01.04.2019-cu il tarixdən ödənilməyə başlanılmışdır. Yəni iddiaçı 01.04.2019cu il tarixdən 23.06.2021-ci il tarixədək almalı olduğu ödənişləri artıq almışdır. Almalı olduğu lakin almadığı müavinət isə 23.06.2021-ci il tarixdən əvvəlki üç ildən, yəni 23.06.2018-ci ildən başlayaraq 01.04.2019-cu ilədək olan ödənişlərdir. Bu səbəbdən də iddiaçı yalnız həmin hissədə təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 23.06.2018-cı ildən 01.04.2019-cu ilədək fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10981/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10981/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver