Məhkəmə qərarları › İş №2-1(112)-10982/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10982/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10982/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar hal-hazırda həmin ünvanda yaşayırlar. İddia olunan yaşayış sahəsinə münasibətdə ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır ki, bu da yaşayış sahəsinə münasibətdə üçüncü şəxslərin hüquqlarının yaranmasının göstəricisidr. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Hazırki işin araşdırılmış hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçıların hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüququ əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçılar sözügedən əmlaka qeydiyyata alınmaları üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduqları halda, iddiaçıların həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə təqdim olunan ilkin alqı-satqı müqaviləsinə münasibətdə bildirir ki, doğrudur ki, X1 (satıcı) ilə İddiaçı4 (alıcı) arasında torpaq sahəsi və üzərindəki tikilinin ilkin alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən satıcı satılacaq torpaq sahəsi və üzərindəki tikilini 118.000 manata qiymətləndirir və torpaq sahəsi və üzərindəki tikilini həmin qiymətə alıcıya satmağı, alıcı isə torpaq sahəsi və üzərindəki tikilini 118.000 manata almağı, satış məbləğindən 115.000 manatın hazırda notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəmiş, satış qiymətindən qalan 3000 manatın isə torpaq sahəsi və üzərindəki tikinti alqı-satqısına əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə əlavə və dəyişikliklər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun edilə bilər. Məhkəmə ilkin alqı-satqı müqaviləsinin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İlkin müqavilə tərəfləri gələcəkdə əsas müqaviləni həyata keçirmək üçün hüquqi cəhətdən bir-birinə bağlayır və hər bir tərəf öz üzərinə müəyyən öhdəliklər götürürlər. Lakin ilkin müqaviləyə elə şərtlər salınmalıdır ki, tərəflərin öhdəliklərinin qarşılıqlı olaraq icra edilməsi təmin edilmiş olsun. Bu zaman gələcəkdə bağlanacaq əsas müqavilə üçün təhlükə yaranmasın, həmin müqavilənin bağlanmasını labüd etsin. İlkin müqaviləyə salınmalı olan şərtlərin hamısı əsas müqavilənin bağlanmasının təminatı rolunu oynamalıdır. Məs: əmlakın dəyəri, əsas müqavilənin nə vaxt bağlanacağı, həmin vaxta qədər hansı tərəfin hansı hərəkətləri etməli olması və.s. Əmlakın dəyəri kimi nəzərdə tutulmuş məbləğin bir hissəsinin ödənilməsi və ya digər hərəkətlərin edilməsi, ilkin müqaviləyə daxil edilməsi qanunsuz deyil, əksinə tərəfləri öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qarşılıqlı təminatlandırır. Lakin görülən işin, xidmətin, əmlakın dəyərinin hamısının ilkin müqavilə üzrə ödənilməsi artıq həmin müqavilənin nizamlama dairəsindən kənara çıxır, əsas müqaviləni bağlamağı risk altına alır, qarşı tərəfdən asılı vəziyyətə salır. Əsas müqavilə bağlanmasının təminatı üçün tərəflərin qarşılıqlı təminatı olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, ilkin alqı-satqı müqaviləsinin mövcudluğu iddiaçıların yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranmasının göstəricisi qismində çıxış edə bilməz. Belə ki, ilkin müqavilənin anlayışından və iş materiallarında olan ilkin alqı-satqı müqaviləsindən də göründüyü kimi, bu müqavilə əsas müqavilənin təminatı qismində çıxış edir. Lakin, nəzərə alınmalıdır ki müqavilə tərəfləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq müqaviləyə əlavə və dəyişikliklər etməyi səlahiyyətinə malikdirlər və ya ümumiyyətlə müddət qurtarana qədər müqavilə bağlamaq niyyətləri olmazsa, bundan başqa tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, nə qədər ki əmlakın alqı-satqısı ilə bağlı müqavilənin bağlanılması təmin olunmazsa, İddiaçı4 yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranması istisna olunur. Hazırki mərhələdə iddiaçıların yaşayış sahəsi üzrə qeydiyyata alınmalarından söhbət gedə bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçılar iddia etdiyi yaşayış sahəsinə qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən birinə malik olmadığından, həmçinin onların yaşayış sahəsinə dair istifadə hüququnun olması məhkəmə qətnaməsi ilə təsdiq edilmədiyindən, iddiaçıların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınması mümkün deyildir. İddiaçıların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulan “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” əsasında qeydiyyata alınması şərti də aradan qalxmışdır. Belə ki, məhkəmə icraatı zamanı ünvanlanmış sorğuya cavab məktubundan məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, yaşayış sahəsi üzərində təkcə iddiaçıların hüquqlarının mövcud olmaması deyil, ümumiyyətli fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata keçərək hər hansı digər fiziki şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olması halı da müəyyən olunmamışdır. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, mübahisəli yaşayış sahəsində iddiaçılar ilə qohumluq əlaqəsi olmayan şəxsin (X1) yaşayış sahəsində qeydiyyatda olması vəziyyəti iddiaçıların xeyrinə dəyişmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələbindən də göründüyü kimi hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qeyd olunan konteksdə əgər inzibati orqan tərəfindən ehtimal olunan səhv qərar qəbul edilmiş olsa belə, göstərilən hal məhkəmə hesab edir ki, iddia tələbinin hər bir halda təmin edilməsi üçün əsas yaratmır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən V.M.Məmmədovun yaşayış sahəsinə qeydiyyata alınması ilə bağlı hərəkəti, hazırki iddia üzrə inzibati praktikinanın dəyişməsinə əsas vermir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı halda, şəxsin əmlaka qeydiyyata alınması mümkün deyildir. (Ali Məhkəmənin 2-1(102)-53/2020 saylı qərarı, Apellyasiya Məhkəməsinin 2-1(103)-348//2021 və 2-1(103)-1237/2021 saylı qərarları) Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, həmçinin izah edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bununla bağlı, iddiaçıya cavabdehin yerləşdiyi inzibati binaya qeydiyyata alınması ilə bağlı həmin inzibati orqana müraciət etmək hüququ, müraciət təmin edilmədiyi təqdirdə isə cavabdehin yerləşdiyi inzibati binaya qeydiyyata alınmasından imtina ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar