Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10983/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin ana qrafasında dəyişiklik edilməsi öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının doğum haqqında bərpa akt qeydinin ana qrafasında düzəliş olunaraq “Minaxanım” yazılması vəzifəsinin Nərimanov rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1939-cu ildə Kürdəmir rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni itirdiyindən 19 oktyabr 1946-cı il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsində 247 saylı doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Doğum haqqında bərpa akt qeydi tərtib olunarkən yanlışlığa yol verilmiş və ana qrafasında “Minaxanım” əvəzinə “Mina” yazılmışdır. X2 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 110555 nömrəli ölüm haqqında şəhadətnamədə iddiaçının anasının adı Minaxanım olaraq qeyd edilmişdir. Vərəsəlik işinin açılması üçün Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət etmiş, lakin iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə ana adının Mina yazılmasını əsas gətirərək, notarius tələbin təmin olunmasından imtina etmişdir. Doğum haqqında bərpa akt qeydinə düzəliş olunması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etməsinə baxmayaraq, 23 iyul 2022-ci il tarixli, 107 saylı məktubla doğum haqqında şəhadətnamənin təqdim olunmadığına görə iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. Anasının şəxsiyyət vəsiqəsində də, ölüm haqqında şəhadətnaməsində də adı Minaxanım qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə, Ordubad Dövlət X1 məxsus doğum haqqında şəhadətnamə ilə bağlı sorğular verilməsinə baxmayaraq ona aid heç bir məlumatın mövcud olmadığı qeyd edilmişdir. İddiaçı cavabdehin imtinası qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə onların nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1939-cu il tarixdə, Kürdəmir rayonunda doğulmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 107 saylı məktubundan görünür ki, Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1946-cı il tarixli, 247 saylı doğum haqqında akt qeydində ana qrafasında ad bəndində “Mina-dan “Minaxanım”-a düzəliş edilməsi barədə iddiaçının müraciətinə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”ın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. - Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022ci il tarixli qərarın surətindən görünür ki, qohumluq münasibətlərinin müəyyən edilməsi üçün, İddiaçı doğum haqqında şəhadətnaməsində X3 adının “Minaxanım” əvəzinə “Mina” yazılması, həmçinin miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətinin aparılması qanunvericiliyinin tələblərinə zidd hesab edilərək notarius hərəkətlərinin aparılmasından imtina edilmişdir. - xx.xx.2021-cı il tarixli Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən aparılan 3/151 №li doğum haqqında bərpa akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.1939-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Bu barədə 10 oktyabr 1946-cı il tarixdə Kürdəmir rayon Qeydiyyat Şöbəsində 247 saylı doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Ata adı qrafasında X9, milliyyəti azərbaycanlı, ana adı qrafasında X14 yazılmışdır. - Ordubad rayon dövlət arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkilinin sorğusuna cavab olaraq verilmiş arayışın surətindən görünür ki, X5 və İddiaçı barədə heç bir sənəd rayon dövlət arxivində saxlanılmır. - Nərimanov VVHDQ tərəfindən verilən xx.xx.2004-cü il tarixli, AZ-İ № 110555 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə ölmüş, bu barədə xx.xx.2004-cü il tarixdə 771 №li akt qeydi aparılmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin Naxçıvan Muxtar Respublikasının və 1946-cı ilə dair Kürdəmir rayon Qeydiyyat şöbəsi üzrə doğum haqqında bərpa kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, Kazımova Minəxanım (Minə) Əliqulu qızının və İddiaçı doğum haqqında akt qeydlərinin axtarışının aparılmasının imkan xaricində olduğu bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçının nümayəndəsinə verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq X6 akt qeydlərinin 1946-cı il tarixdən saxlanıldığından Kazımova Minaxanım (Mina) Əliqulu qızının doğumu və nikahı barədə heç bir məlumatın əldə edilmədiyi bildirilmişdir. - Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş iddiaçıya məxsus 10 oktyabr 1946-cı il tarixli, 247 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1939-cu il tartixdə doğulmuşdur. X4, anası X10r. Həmin aktın “ata-ananın daimi yaşadığı yer” adlı 14-cü qrafasında- Kürdəmir şəhəri, Lenin küçəsi, ev 2, “doğum haqqında nə kimi dokumentlər təqdim edilib” adlı 15-ci qrafasında- ərizə və materiallar, “doğum aktını yazdırmaqdan ötrü məlumat verən şəxsin familiyası, adı, adresi pasportunun və ya pasportu əvəz edən dokumentin nömrəsi” adlı 17-ci qrafasında isə- Kazımova Mina (ata adı oxunaqlı deyil), Lenin küçəsi №-li qeydi aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 018-25394-1222 saylı məktubdan görünür ki, Kazımova Mina (Minaxanım) Əliqulu qızı barəsində Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. M.Kazımova Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 771 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1921-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonunda doğulmuş, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm faktını təsdiq edən sənəd 8 №li poliklinika tərəfindən verilən xx.xx.2004-cü il tarixli arayışdır. Xəbər verənin soyadı, adı, atasının adı X16r. - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Kazımova Mina (Minaxanım) Əliqulu qızı barəsində sistemdə heç bir məlumat aparılmamışdır. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun kserosurətindən görünür ki, pasportun üzərində əlyazma ilə Ordubad rayon dövlət notariusunun verdiyi xx.xx.1999-cu il tarixli reyestrlə X12 məxsus olan şəxsi ev və h/s qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qızı X3 adına keçirildiyi barədə qeyd aparılmış, həmçinin pasportun ikinci səhifəsində X11 adının üzərindən xətt çəkilərək X5 adı yazılmışdır. Məhkəmə müəyyən edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı iddia tələbinin yeganə əsası olaraq AZ-İ seriyalı, 110555 nömrəli ölüm haqqında şəhadətnamədə iddiaçının anasının adının Minaxanım olaraq qeyd edildiyinə istinad etməklə doğum haqqında bərpa akt qeydinin ana qrafasında düzəliş olunaraq “Minaxanım” yazılmasını tələb edir. Qeyd olunan tələblə bağlı iddiaçı inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”ın birinci bəndinə (kifayət qədər əsas olmadığı) istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: - 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - 164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. - 164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Həmin Qaydaların 8.3-cü bəndinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan əvvəlki redaksiyasına görə, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsi üçün əsaslardan biri kimi vətəndaşlıq vəziyyəti akt qeydində qeyridüzgün məlumatlar göstərilməsidir. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə məhdudlaşdırmışdır. Hazırkı mübahisə üzrə iddiaçının doğumu haqqında Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən aparımış bərpa akt qeydində anasının adının yanlışlıqla Mina göstərildiyi, əslində isə onun adının Minaxanım olduğu iddia edilir. İddiaçı yanlışlığı sübut etmək üçün mərhum X8 şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnamədə adının Minaxanım kimi göstərilməsinə istinad edir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması dövründə Kazımova Mina (Minaxanım) Əliqulu qızının şəxsiyyət vəsiqəsi ilə ümumiyyətlə sənədləşdirilmədiyi müəyyən edilmişdir. Mərhumun 2004-cü ilin noyabr ayında tərtib edilmiş ölüm haqqında akt qeydinin isə X15 məlumatı əsasında aparıldığı məlum olmuşdur. Belə ki, yuxarıda istinad olunan “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.3-cü bəndinin əvvəlki redaksiyasına görə, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılması mümkün idi. Bu baxımdan məhkəmə hesab edir ki, ölüm haqqında şəhadətnamədə mərhumun adının Minaxanım kimi yazılması hər hansı sənədə deyil, iddiaçının oğlunun verdiyi məlumata istinad etməklə aparıldığına görə vətəndaşlıq vəziyyəti aktarında dəyişiklik aparılması üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin, iddiaçının doğum haqqında bərpa akt qeydinə diqqəti yönəldərək qeyd edir ki, həmin qeydin ərizə və materiallara uyğun hazırlandığı, qeydin 17ci qrafasında isə doğum haqqında məlumatın başqa şəxs tərəfindən deyil, məhz iddiaçının anası Kazımova Mina tərəfindən verildiyi və 18-ci qrafanın məlumat verən şəxs, yəni iddiaçının anası tərəfindən imzalandığı görünür. Bu baxımdan iddiaçının doğum haqqında bərpa akt qeydində anasının adının yanlışlıqla Minaxanım kimi deyil, Mina kimi qeyd edilməsini məhkəmə inandırıcı saymır. Məhkəmənin həmçinin, İPM-in 12-ci maddəsinə əsasən uyğun olaraq apardığı araşdırma nəticəsində iddiaçının doğum haqqında bərpa akt qeydində dəyişiklik aparılması üçün əsas verən sübutlar aşkar edilməmiş, iddiaçı tərəfdən isə müvafiq mötəbər sübutlar nə inzibati icraat, nə də hazırkı məhkəmə icraatı zamanı təqdim edilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının doğum haqqında bərpa akt qeydində ana qrafasında dəyişiklik edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunsuz sayılmamalı, iddia tələbi təmin edilməməlidir. Məhkəmə hazırkı iddia üzrə iddiaçının hüquqi marağını nəzərə alaraq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarına diqqət yetirməyi təklif edir. Belə ki, həmin Qərarın 2-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır (2.1). İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10983/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10983/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver