Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10984/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciətin aidiyyəti üzrə göndərildiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 3-17-1/2-Ş-59590-2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil illəri nəzərə alınmaqla) 2 il 8 ay 2 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (eyni vaxtda və eyni qələmlə yazıldığı üçün), eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin məbləği xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə pensiyaya çıxmağa köməklik edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2010-cu il tarixdə Şəki tam təsərrüfat hesablı stomatoloji poliklinikasında tibb bacısı vəzifəsindən öz ərizəsi əsasında azad edilmişdir. Bu müddət ərzində tibb təhsili almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X6 travmatologiya şöbəsində, sonradan isə stomatologiya şöbəsində tibb bacısı vəzifəsində işləmişdir. Yaşa görə pensiyaya çıxmaq üçün Bakı şəhər 4 saylı Dost Mərkəzinə müraciət etmiş, 18 mart 2023-cü il tarixdə imtina cavabı gəlmiş və əmək kitabçasının, diplomun surətlərinə əsasən sığorta stajı cəmi 2 il 8 ay 2 gün götürülmüşdür. Buna görə, o, Şəki rayon Xəstəxanasına müraciət etmiş və orada işlədiyi illər üzrə arayış təqdim edilmişdir. Bu arayışı əvvəlki sənədlərlə birlikdə 4 nömrəli Dost Mərkəzinə yenidən təqdim etmişdir. 10 may 2023-cü ildə DSMF-dən telefonuna mesaj göndərilmiş, ona 280 manat pensiya təyin olunduğu və ödəniş kartını 15 gündən sonra 4 nömrəli Dost Mərkəzindən almalı olduğu bildirilmişdir. 15 gündən sonra kartını almağa gedərkən kart əvəzinə birinci dəfə göndərilən məktubun eynisi, yəni imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1981-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə qəbul olunma və işdən azad olunma barədə qeydlər eyni xətlə və eyni qələmlə yazıldığı üçün), həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Pensiya təyinatı ilə bağlı işlərdə formalaşmış məhkəmə təcrübəsindən məlum olduğu kimi məhkəmələr iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajını təsdiq edən sübut qismində əksər hallarda əmək kitabçasını əsas götürür. Lakin hazırki vəziyyətdə iddiaçının əmək kitabçasının qanunvericiliyə uyğun olaraq doldurulmaması, həmçinin onun əmək kitabçasında xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2010-cu il tarixədək işlədiyi qeyd edilsə də, onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması bütünlükdə iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2010-cu il tarixədək əmək kitabçasında olan qeydlərin mötəbərliyini şübhə altına alır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə 63 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 63 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 63 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. Deməli, iddiaçı ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və 20 il 4 ay 21 gün sığorta stajının kapitalı çevrilməsi nəticəsində əldə edilən pensiya kapitalı isə 6239,85 manat olmaqla, minimum məbləğdən az olmayan pensiya təminatına imkan vermir (əmək kitabçasındakı bütün dövrlər qəbul edilsə belə). Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İşdə olan xx.xx.1980-ci il tarixli 029565 nömrəli diplomun surətindən görünür ki, X1 1978-ci ildə Şəki Tibb Məktəbinə daxil olmuş və 1980-ci ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1982-ci il tarixli 279667 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X1 arasında nikah bağlanmış, nikahdan sonra arvada “Şahmuradova” soyadı verilmişdir. İddiaçıya məxsus ИТ-İ №0199369 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1978-ci il tarixlərdə X8 şirniyyatçı, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə Şəki rayon Mərkəzi Xəstəxanasında, xx.xx.1983-xx.xx.2010-cu il tarixlərdə X2 tibb bacısı vəzifəsində işləmişdir. “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6- 71/3-36/2023 nömrəli arayışından görünür ki, İddiaçı 26 mart 1981-ci il tarixli § 1, 67 nömrəli əmrlə Şəki Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya söbəsinə müvəqqəti olaraq tibb bacıcı vəzifəsinə qəbul edilmiş, 16 sentyabr 1982-ci il tarixdə 213 nömrəli əmrlə Travmatologiya şöbəsinə daimi tibb bacısı vəzifəsinə keçirilmişdir. 23 aprel 1983-cü il tarixli §1, 95 nömrəli əmrlə Travmatologiya şöbəsindən Stomatoloji poliklinikaya tibb bacısı vəzifəsinə keçirilmişdir. Şəki Mərkəzi Rayon Xəstəxanasının xx.xx.1998-ci il tarixli §1, 160 nömrəli əmrinə əsasən Şəki Stomatoloji poliklinikasının tam təsərrüfat hesabına keçirilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 sentyabr 1998-ci il tarixil “Respublikada Stomatoloji poliklinikaların tam təsərrüfat hesabına keçirilməsi haqqında” 137 saylı əmrinə əsasən əmr kitabları stomatoloji poliklinikaya təhvil verildiyindən və orada saxlanıldığından ərizədə göstərdiyi qalan illər üzrə məlumat verilməsi mümkün deyildir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-196151/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin (diplom) surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli PHŞ-6- 71/3-36/2023 nömrəli arayışına əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 20 il 4 ay 21 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Beləliklə, işin istinad olunan hallarından görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə Şəki rayon Mərkəzi Xəstəxanasında, xx.xx.1983-xx.xx.2010-cu il tarixlərdə X2 tibb bacısı vəzifəsində işləmiş, iddiaçının pensiya təyin edilməsi ilə bağlı müraciəti zamanı cavabdeh bu dövrlərdən heç birini qəbul etməmiş, daha sonra isə “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məktubunu nəzərə alaraq iddiaçının xx.xx.1981xx.xx.1998-ci illərdəki sığorta stajnı qəbul etmiş, digər dövrləri isə qəbul etməmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və iddiaçının xx.xx.2006-cı il tarixədək olan sığorta stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Göründüyü kimi, həmin dövrün qanunvericiliyi şəxsin iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasını müəyyən etmişdir. İşdən görünür ki, iddiaçının xx.xx.1981-xx.xx.2006-cı illərdə Şəki rayon Mərkəzi Xəstəxanasında və X2 işləməsi öz təsdiqini tapmış, Şəki rayon Mərkəzi Xəstəxanası iddiaçının həmin müəssisələrdə işləməsini qəbul etmişdir. Lakin xx.xx.1998-ci il tarixdə Şəki Stomatoloji poliklinikası tam təsərrüfat hesabına keçdiyindən həmin dövrdən sonrakı sənədlərin xəstəxanada saxlanılmadığını bildirmişdir. Xəstəxana bununla iddiaçının xx.xx.1998-ci ildən sonra işləməməsini deyil, sənədlərin olmadığını bildirmişdir. Lakin bu hal özlüyündə iddiaçının həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmadığı qənaətinə gəlmək üçün əsas deyil. Belə ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması hüququ yaradır. Belə olan halda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, yalnız mötəbər sübutlar əsasında kitabçadakı qeydlər düzgün və dəqiq olmadıqda təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və sair tələb edilməlidir. Lakin hazırkı iş üzrə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin düzgün və dəqiq olmamasını təsdiq edən sübutlar təqdim edilməmişdir, əksinə iddiaçının işlədiyi müəssisə onun iş dövrlərini təsdiq etmişdir. Cavabdeh etirazında xx.xx.1981-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək olan dövrlərin doldurulma qaydasının pozulduğunu, yəni eyni vaxtda və eyni qələmlə yazıldığını bildirsə də, iddiaçının xx.xx.1981-xx.xx.1998-ci il tarixədək olan staj dövrünü qəbul etmişdir, baxmayaraq ki, həmin dövrü xx.xx.1998-xx.xx.2006-cı illər üzrə dövrdən fərqləndirən hər hansı bir hal olmamış, yəni həmin dövrlə bağlı da arayış, əmrdən çıxarış, əmək haqqı verilməsi üçün şəxsi hesab, yaxud əmək haqqı cədvəlləri mövcud olmamışdır. Belə olan halda aydındır ki, cavabdehin qeyri-mötəbər hesab etdiyi dövrlə bağlı fərqli qərarlar qəbul etməsi üçü əsas da mövcud olmamışdır. Məhkəmə xx.xx.1981-xx.xx.2006-cı illərin iddiaçının əmək kitabçasında qeyd olunduğunu, iddiaçını işə qəbul edən müəssisənin onun müəssisədə işləməsini təsdiq etdiyini, əmək fəaliyyəti ilə bağlı zəruri sənədlərin saxlanılmasının iddiaçının məsuliyyətində olmadığını nəzərə alaraq cavabdehin bu mövqeyini əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin dövrlər iddiaçının sığorta stajı kimi qəbul edilməlidir. Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2023-cü il tarixə 25 ildən çox, 27 il 6 ay 10 gün sığorta stajı mövcud olmuşdur. İddiaçının xx.xx.2006-xx.xx.2010-cu illər üzrə işlədiyi dövrə gəldikdə, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. Lakin işdən görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Deməli, həmin normalara əsasən iddiaçının 2006-2010-cu illərdə işlədiyi müddət onun sığorta stajına daxil edilə bilməz. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməklə ona pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10984/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10984/2023
11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver