Məhkəmə qərarları › İş №2-1(112)-10985/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10985/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10985/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı «iddiaçının cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkməsi üçün təhvil verilməsi üzrə müvafiq hüquqi prosedura başlanması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı «iddiaçının cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkməsi üçün təhvil verilməsi üzrə müvafiq hüquqi prosedura başlanması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 1 sentyabr 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuşdur, Azərbaycan vətəndaşıdır. Ali təhsil almaq üçün Rusiya Federasiyasının Lipetsk şəhərində fəaliyyət göstərən universitetə daxil olaraq həmin ölkədə yaşamağa və oxumağa başlamışdır. Hadisələrin təsadüfi axırı zəminində təqsirsiz olaraq cinayətin iştirakçısı qismində Rusiya Federasiyası hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir. Rusiya Federasiyası Tver şəhəri Moskva Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmünə əsasən RF Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və CM-nın 4-cü hissəsinin “q” bəndi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 50.000 rus rublu məbləğində cərimə cəzasına məhkum edilərək, 25 may 2019-cıı ildən hal-hazıradək həmin ölkənin Lipetsk vilayəti üzrə RFF Rusiya FCİXİ 6 saylı İM-də 3 ildən artıqdır ki cəzasını çəkir. İddiaçı bir neçə dəfə Rusiya Federasiyası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirlinə müraciət edərək cəzasının qalan hissəsini Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrinin birində çəkmək üçün onun vətəndaşı olduğu ölkəyə ekstradisiya edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyinin 20 iyun 2022-ci il tarixli cavab məktubunda aşağıdakıları bildirmişdir: “Rusiya Federasiyasında azadlıqdan məhrum etmə növündə cəza çəkən İddiaçı (ərizəçinin övladının) cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ünvanlanmış müraciətə baxılmışdır. Qeyd olunan məsələ Penitensiar Xidmətdə araşdırılmış və məhkum İddiaçı Azərbaycan Respublikasına qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir”. Məktub 28 iyun 2022-ci il tarixdə poçt vasitəsilə iddiaçının qohumlarının yaşadığı ünvana çatdırılıb. Cavabdehin axırıncı məktubundan əvvəl Rusiya Federasiyasının Ədliyyə Nazirliyi də iddiaçının cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına göndərilməsinin mümkünlüyü barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı məktubuna da aşağıdakı şəkildə cavab verilib: “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə öz hörmətini bildirir və bildirir ki, məhkum İddiaçı Azərbaycan Respublikasına təhvil verilməsi məsələsinə baxılıb. Nəticədə müəyyən edilib ki, məhkum İddiaçı təhvil verilməsi Azərbaycan Respublikasının mənafeyinə xələl gətirə bilər”. Göründüyü kimi, cavabdeh iddiaçının Azərbaycan Respublikasına ekstradisya edilməsinə qərəzli şəkildə mane olur və bununla bağlı üzərinə düşən öhdəlikləri icra etmir, müvafiq hüquqi prosedura başlamır. Bunda görə də cavabdehin 20 iyun 2022-ci il tarixli cavab məktubunda göstərilənlər əsassız və qanunsuz hesab edilməli və Rusiya Federasiyasında cəza çəkən İddiaçı cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına köçürülməsinə (ekstradisiyası) dair hüquqi prosedura başlaması üçün Ədliyyə Nazirliyinin üzərinə müvafiq öhdəlik qoyulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 10, 26, 28, 60, 68, 71-ci maddələrinə, “Məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün verilməsi barədə” Rusiya Federesasiya ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı və imzaladığı 6 mart 1998-ci il tarixli Konvensiyanın və Azərbaycan Respublikası Prezidentinin 17 may 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Ekstradisiya haqqında» 1957-ci il Avropa Konvensiyasının və onun Əlavə Protokollarının tələblərinə, eləcə də İPM-in 2.2.2, 33-cü maddələrinə əsaslanaraq, məhkəmədən Azərbaycan Respublikası vətəndaşı, məhkum İddiaçı cəzasının qalan hissəsinin Azərbaycan Respublikası Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində çəkilməsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi üçün müvaviq hüquqi prosedura başlaması barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdilədiyini və işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 13.1-ci maddəsinə əsasən xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün «Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 488.1-ci maddəsinə əsasən cinayət işlərinə dair hüquqi yardım və ekstradisiya məsələləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə, «Cinayət işlərinə dair hüquqi yardım haqqında» və «Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında» Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənir. Həmin Məcəllənin 488.2-ci maddəsinə əsasən hüquqi yardım göstərilməsinə dair və ekstradisiya haqqında Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə bu Məcəllənin, «Cinayət işlərinə dair hüquqi yardım haqqında» və «Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında» Azərbaycan Respublikasının qanunlarının müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında vurğulanmışdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehin cinayət-prosessual fəaliyyəti ilə bağlı hərəkətlərini, daha dəqiq ifadə olunsa iddiaçının cəzasının qalan hissəsinin cəkilməsi üçün Azərbaycan Respublikasına veriməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsindən imtinasını mübahisələndirdiyindən və iddiaçının arzuladığı hərəkət inzibati icraat çərçivəsindsə deyil, cinayətprosessual fəaliyyət üzrə qəbul olunduğundan, hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar