Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10988/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, sürücü işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, İlham Şükürov 21 ünvanında yerləşən yarımçıq məscidin tikilməsi və Hövsan-Pirallahı-Artyom ərazisindən keçən dəmiryol xəttindəki qatarların bərpa edilməsi barədə göstəriş verilməsi” haqqında iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, İlham Şükürov 21 ünvanında yerləşən yarımçıq məscidin tikilməsi və Hövsan-Pirallahı-Artyom ərazisindən keçən dəmiryol xəttindəki qatarların bərpa edilməsi barədə göstəriş verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, İlham Şükürov 21 ünvanında yerləşən məscid 1990-1992-ci illərdə tikilmişdir. Tikintinin Birinci Qarabağ müharibəsi vaxtlarına təsadüf etdiyindən həmin məscidi tikən şəxs müharibədə həlak olmuş və tikili yarımçıq qalmışdır. Sözügedən məscidin yaxın vaxtlara kimi tamamlanmasını burda yerləşən türk şirkətləri öz öhdəliklərinə götürmüşdülər, hətta məscidi kənardan hasarlamışdırlar, amma nəticədə hər şey olduğu kimi qalmaqdadır. Bu da onu bir vətəndaş kimi narahat edir. Bu məsələ ilə bağlı Suraxanı rayonu İcra hakimiyyətinə müraciət etmiş, cavabda isə bu məsələnin onların səlahiyyətlərində olmadığını bildirmişlər və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda bildirir ki, yaşadığı ərazi üzrə dəmiryol xəttinin mövcud olmasına baxmayaraq, qatarlar fəaliyyət göstərmir.Bu isə onun işə gedib gelməyinə çətinlik törədir. Sözügedən dəmiryol xətti Suraxanı rayonundan, Hövsan-Pirallahı-Artyom ərazisindən keçən dəmiryol xəttidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, iddiaçının hazırki iddia tələbinə dair sübyektiv hüququnun ararşdıracağını bildirərək iddia ərizəsində göstərilmiş iddia tələbinin və cavabdehın dəqiqləşdirilməsinın zəruri olmasına dair hüquqi yardım haqqında iddiaçıya 03 avqust 2022-ci il tarixdə məktub göndərmiş, məhkəmə iclasını 06 oktyabr 2022-ci ilə təyin etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinlədikdən, iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:. 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İddia ərizəsindən göründüyü kimi iddia tələbi yarımçıq məscidin tikilməsi və Hövsan-Pirallahı-Artyom ərazisindən keçən dəmiryol xəttindəki qatarların bərpa edilməsi barədə cavabdehə göstəriş verilməsi ilə bağlıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli 4.1-ci bəndinə əsasən, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçı cavabdeh tərəfindən onun hansı hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, İlham Şükürov 21 ünvanında yerləşən yarımçıq məscidin tikilməsində və Hövsan- Pirallahı-Artyom ərazisindən keçən dəmiryol xəttindəki qatarların bərpa edilməsində birbaşa marağı, eyni zamanda hüquqlarının cavabdeh tərəfindən pozulmasına dair müvafiq sübutlar mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar edilməmiş, hüquqların pozulması halları məhkəmə prosesi zamanı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti iddia ərizəsində göstərilən tələblər üzrə iddiaya cavab verən orqan deyil. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, İlham Şükürov 21 ünvanında yerləşən yarımçıq məscidin tikilməsi və Hövsan-Pirallahı-Artyom ərazisindən keçən dəmiryol xəttindəki qatarların bərpa edilməsi barədə göstəriş verilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, İlham Şükürov 21 ünvanında yerləşən yarımçıq məscidin tikilməsi və Hövsan- Pirallahı-Artyom ərazisindən keçən dəmiryol xəttindəki qatarların bərpa edilməsi barədə göstəriş verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10988/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10988/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver