Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10993/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X9) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı X9 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1976-cı il təvəllüdlü X5 Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50131 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin ev 3 otaqdan ibarətdir və hal-hazırda orada 4 nəfər pasport qeydiyyatındadır (özü, oğlu M.İddiaçı, atası A.İddiaçı və üçüncü şəxs S.S.Quliyev). Uzun müddətdir ki, onun mənzilində yaşamayan X9 orada formal pasport qeydiyyatında olsa da, lakin bu günə kimi həmin mənzilin qeydyyatından çıxmamışdır. X5 ona məxsus mənzildə qanunsuz pasport qeydiyyatında olmağı onun mülkiyyət hüququnu pozur. Bununla bağlı cavabdehə müraciət etsə də, xx.xx.2023-cü il tarixli məktubla müraciətindən imtina edilmişdir. Odur ki, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Sənan Quliyevin ona məxsus mənzildə yaşamaması və orada formal pasport qeydiyyatında olması müvafiq faktlar ilə təsdiq olunur: Bakı şəhəri Xətai rayonu MKTB-nin 29 saylı MKİS-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında Laçın rayonundan məcburi köçkün olan 5 nəfərdən ibarət Həsənovların ailəsi müvəqqəti məskunlaşmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında 4 nəfər pasport qeydiyyatındadır: özü, oğlu Mikael Abdullayev, atası Aleksandr Abdullayev və üçüncü şəxs Sənan Quliyev. Digər tərəfdən, üçüncü şəxs Sənan Quliyevin qanunsuz hərəkətləri nəticəsində ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4399/2013 saylı 07 noyabr 2013-cü il tarixli qətnaməsi ilə atası X1 cavabdeh X6 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh S.S.Quliyevdən vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manat A.İddiaçı xeyrinə tutulması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-906/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə tələbkar A.İddiaçı pul vəsaitinin indeksasiyası bağlı ərizəsi qismən təmin edilərək borclu S.S.Quliyevdən tələbkar A.İddiaçı xeyrinə 13884,83 manat pulun tutulması qət edilmişdir. 9 ildən artıq müddətdir ki, ümumilikdə 33223,03 (otuz üç min iki yüz iyirmi üç manat üç qəpik) manat məbləğində pulun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları olsa da, lakin iş üzrə üçüncü şəxs olan borclu S.Quliyev həmin məhkəmə qərarlarını qərəzli olaraq icra etmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-13-55/2-A-17377/11 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır.
1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən;
2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən;
3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il) əsasən Bakı şəhəri Xətai rayonu, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. X9 və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri Xətai rayonu, ünvan 1 İddiaçı bağışlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X9 Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29011)-4399/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən X3 vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manat X1 xeyrinə tutulmuşdur. İddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-906/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu X3 tələbkar X2 xeyrinə 13884,83 manat tutulmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin borclunu axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu, xx.xx.1976-cı il təvəllüdlü Bakı şəhəri Xətai rayonu ünvan 5 ünvanında qeydiyyatda olan X9 barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 29 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 062 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X7 (1945), X12 (1973), X10 (2009) məcburi köçkün kimi, X8 (2012, məcburi köçkün deyil), X4 (1984, məcburi köçkün deyil) Babək prospektində yerləşən 78 saylı evin 178 saylı mənzilində müvəqqəti məskunlaşıblar. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 29 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 200 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X9 Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır, lakin orada yaşamır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-21689/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X9 xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyil.
IV. Məhkəmənin mövqeyi
Üçüncü şəxs mənzilin keçmiş mülkiyyətçisidir, həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X5 Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. X5 Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova