Məhkəmə qərarları › İş №2-1(112)-10996/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10996/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10996/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətnə qarşı “şəhid ailəsinin üzvü kimi mənzil uçotuna alınma öhdəliyini cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “şəhid ailəsinin üzvü kimi mənzil uçotuna alınma öhdəliyini cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X2 xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 13 mart 2007-ci il tarixli, 90 №-li Sərəncamına əsasən X3 ailə tərkibi 3 nəfərlə ( özü və 2 oğlu) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində müstəsna hal kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 06 mart 2012-ci il tarixli, 37 №-li Sərəncamına əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 90 nömrəli Sərəncamında dəyişiklik edilərək X3 ailə tərkibi 5 nəfərlə (özü, 2 oğlu, gəlini və nəvəsi) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsində hesab edilmişdir. X3 16 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı (bundan sonra – iddiaçı) yaşayış yeri üzrə şəhid ailəsi üzvü kimi mənzil növbəsinə qəbul olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin (bundan sonra – cavabdeh) 4.04.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 noyabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bu Qaydaların 1.2.2-ci maddəsinə əsasən şəhid ailəsi vəfat etdiyi halda mənzil uçotunun saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2.1-ci bəndində göstərilmiş və uçota alınmış şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2.1-ci bəndinə əsasən şəhid ailəsinin üzvləri hesab edilir: -ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; -peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr Belə ki, qanunvericiliyə əsasən şəhid ailəsinin üzvü vəfat etdiyi halda şəhid ailəsi üzvü hesab edilməyən şəxslər üçün mənzil uçotunun saxlanılması nəzərdə tutulmamışdır.'”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun şəhid ailəsinin üzvü kimi mənzil uçotuna alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X2 xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Atası şəhid olduqdan sonra ailəsinə şəhid ailəsi statusu verilmiş və mərhum anası X1 müraciəti əsasında ailəsi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Lakin xx.xx.2012-ci il tarixdə anası da vəfat etmişdir. Bundan sonra ailəsi mənzil növbəsindən çıxarılmışdır. Bununla əlaqədar Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı ailənin mənzil növbəsində bərpa edilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə məhkəməyə iddia ərizəsi vermişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-7410/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə həmin vaxt qəbul etdiyi qərarın əsaslandırıcı hissəsində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında’’ AR Qanununa istinad etmiş və həmin qanuna görə anası vəfat etdiyi üçün onun bir övlad kimi şəhid ailəsinin üzvü kimi mənzil növbəsində saxlanmaq hüququnun olmadığını bildirmişdir. Lakin Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli qanununa əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” AR Qanununa dəyişikliklər edilmişdir. Belə ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda həmin uçot Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək qaydaya uyğun olaraq onun ailə üzvləri üçün saxlanılacaqdır. AR Nazirlər Kabineti tərəfindən də 25 noyabr 2024-cü il tarixli 498 saylı qərarla müvafiq dəyişikliklər edilmiş və həmin qayda təsdiq olunmuşdur. Yəni, həmin bu qanuna olan dəyişikliyə əsasən artıq onun da şəhid ailəsinin üzvü kimi güzəştli şərtlərlə mənzil növbəsində durmaq hüququ yaranmışdır. Qanuna olan bu dəyişikliklər təsdiq olunduqdan sonra yenidən müvafiq ərizə ilə həm Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə, həm də AR ƏƏSM-nin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmişdir. Lakin əfsuslar olsun ki, yenə də müraciətləri təmin edilməmişdir. Ona bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə nazirliyə təqdim edilmiş məktublarda adı qeyd edilməmişdir. Buna görə də Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh ərizənin təmin edilməsindən imtina etmiş və qanunvericiliyə əsasən onun belə hüququnun olmadığını göstərmişdir. Hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Qanunvericilik normalarına əsasən onun belə hüququ vardır.. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, həmin məktubun iddiaçıya hansı tarixdə çatdırılmasına dair işdə hər hansı sübut olmadığında və iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddətinə əməl etmişdir. Məkəmə iddianın mümkünlüyü ilə bağlı həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçnın hazırkı iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7410/2021 saylı qərarının olması hazırkı iddiaya mahiyyəti üzrə baxılmasını istisna etmir. Belə ki, iddiaçı hazırkı tələbində yeni əsasa, yəni qanunvericilikdə edilmiş dəyişiklərə istinad edərək cavabdehə yenidən müraciət etmiş və cavabdehin yeni imtinasını mübahisələndirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 13 mart 2007-ci il tarixli, 90 №-li Sərəncamına əsasən X3 şəhid ailəsinin üzvü kimi ailə tərkibi 3 nəfərlə (özü və 2 oğlu) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində müstəsna hal kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. X3 16 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək şəhid ailəsi üzvü kimi mənzil növbəsinə alınmasını xahiş etmişdir . Cavabdeh isə, qanunvericiliyə əsasən şəhid ailəsinin üzvü vəfat etdiyi halda şəhid ailəsi üzvü hesab edilməyən şəxslər üçün mənzil uçotunun saxlanılması nəzərdə tutulmadığını əsas gətirərək iddiaçını mənzil uçotuna almaqdan imtina edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin” xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə ilk növbədə qeyd edir ki, şəhid ailəsi üzvü kimi mənzil növbəsinə alınması tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsini xx.xx.2021-ci il tarixli qərarına əsasən əsassız olduğundan təmin edilməmişdir. İddiaçı hazırda həmin qərar qəbul edildikdən sonra Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli Qanununa əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” AR Qanununa dəyişikliklər edildiyiniə istinad edərək yenidən iddia qaldırdığını bildirmişdir. İddiaçı hesab edir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda həmin uçot Azərbaycan Respublikansı Prezidentinin xx.xx.2024-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək qaydaya uyğun olaraq onun ailə üzvləri üçün saxlanılacaqdır. AR Nazirlər Kabineti tərəfindən də 25 noyabr 2024-cü il tarixli 498 saylı qərarla müvafiq dəyişikliklər edilmiş və həmin qayda təsdiq olunmuşdur. Yəni, həmin bu qanuna olan dəyişikliyə əsasən artıq onun da şəhid ailəsinin üzvü kimi güzəştli şərtlərlə mənzil növbəsində durmaq hüququ yaranmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının şəhid ailəsi üzvü hesab olunması əsas ola biləcək hər hansı bir müddəa “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanında nəzərdə tutulmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər və onların ailələrinin statusu “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və həmin qanununda şəhid ailəsinin üzvü hesab edilən şəxslərin siyahısı dəqiq müəyyən edilmişdir. İddiaçı həmin qanunla müəyyən edilmiş şəhid ailəsinin üzvü hesab edilən şəxslər sırasına daxil deyildir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.20245-ci il tarixli, 145 № li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VİQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki: 1.1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasına uyğun olaraq, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VİQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (İ kitab), maddə 595 (Cild İ) ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”na aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin: “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Republikası Nazirlə Kabinetinin xx.xx.2024-cü il tarixli, 485 № li Qərarı: 1.1. Bu Qayda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasına əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin (bundan sonra – uçota alınmış şəxs) uçotunun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. 1.2. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması – uçota alınmış şəxsin yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. uçota alınmış şəxsin ailə üzvləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində göstərilmiş və uçota alınmış şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Göstətirlənlərə əsasən məhkmə edir ki, Qanunvericilikdə aparılmış dəyişiklərdən sonra da, iddiaçı şəhid ailəsinin üzvü hesab olunmadığından iddia tələbnin təmin edilməsi üçün əsas müəyyən edilmir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə cavabdehin imtinası ilə razılaşır və hesab edir ki, iddia təmin olunmamalıdır. İPM-in: 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar