Məhkəmə qərarları › İş №2-1(112)-10997/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10997/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10997/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı qanuni nümayəndəsi (atası) X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “müsahibə nəticələrinin ləğv edilməsi və yenidən müsahibə keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 276 saylı tam orta məktəbdə İddiaçı nitq qabiliyyəti barədə qəbul edilmiş komissiyanın qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək İddiaçı xx.xx.2024-cü il tarixdə nitq qabiliyyəti barədə keçirilmiş müsahibənin nəticələrinin ləğv edilməsi və İddiaçı Bakı şəhəri 157 saylı tam orta məktəbdə rus bölməsinə qəbul edilməsi məqsədi ilə yenidən müsahibədən keçirilib qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 2018-ci il təvəllüdlüdür. Orta təhsil almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 276 saylı tam orta məktəbdə nitq qabiliyyəti imtahanı vermişdir. Lakin imtahan komissiyasının qərarı ilə rus bölməsində təhsil alması məqbul hesab edilməyərək suallara tam cavab verməməsi adı altında məktəbə qəbuluna imtina verilmişdir. Bununla bağlı apellyasiya komissiyasına elektron müraciət edərək qərarın əsassız olması və həmin qərarın ləğv edilməsi xahiş edilmişdir. Eyni olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də apellyasiya komissiyasında müraciətə baxılması və əvvəlki nəticənin qüvvədə qalması bildirilmişdir. İddiaçı hesab edir ki, məhkəməyə edilən müraciət qanuni və əsaslı olduğundan təmin edilməlidir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının övladı - xx.xx.2018-ci il təvəllüdlü X7 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibədən uğurlu nəticə əldə etməmişdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü bəndinə müvafiq olaraq dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin apellyasiya müraciətləri araşdırılmış və iddiaçının apellyasiya müraciətinə xx.xx.2024-cü il tarixində baxılaraq müsahibə komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. Əlavə olaraq bildiririk ki, yerli təhsil idarəetmə orqanları tərəfindən 2024/2025-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu Elm və Təhsil Nazirliyinin 17 aprel 2024-cü il tarixli, 3-29/3-2-190F/2024 nömrəli “2024- 2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən aparılır. İddiaçı ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.3- cü, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddələri ilə əsaslandıraraq bildirmişdir ki, iddiası təmin edilməlidir və övladı İddiaçı nitq qabiliyyəti barədə qəbul edilmiş komissiyanın qərarı ləğv edilməlidir. İlk növbədə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırkı iş üzrə isə iddiaçı onun çatmaq istədiyi məqsədə uyğun olmayan, düzgün olmayan iddia qaldırmış, nəticədə iddianın mümkünlüyü ilə bağlı şərt pozulmuşdur. İkinci növbədə, iddiaçı müsahibənin nəticəsinin qanunsuz hesab edilməsini tələbini iddiada bildirmiş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ olduğunu qeyd etmişdir. Qeyd edilən halda, iddiaçının övladına münasibətdə müsahibə nəticəsinin məqbul hesab edilməsi müsahibədə iştirak edən digər uşaqların hüquqlarının pozulmasına rəvac vermiş olar. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.3-cü maddəsində təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi bərabərlik prinsipi qeyd olunmuş və qeyd edilən prinsip bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması ilə şərtləndirilmişdir. Həmçinin bildiririk ki, tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən sadalanan meyarlar əsasında uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları, fikrə münasibət bildirməyi, ünsiyyət zamanı fikrini sərbəst ifadə etməyi, ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə etməyi, özü, ailəsi və vətəni haqqında qısa məlumat verməyi bacarığı yoxlanılır. Bundan əlavə uşaq təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur və s. Belə ki, apellyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibəyə dair rəy qüvvədə qalmaqla müsahibə nəticəsi məqbul hesab edilməmişdir. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər. Bu səbəbdən iddiaçının övladının azərbaycan bölməsi üzrə təhsil almaq hüququ təmin edildiyi halda, müsahibə nəticələrinə əsasən rus dili bilikləri üzrə uğurlu nəticə əldə etməməsi təhsil hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

5. İş materiallarına əlavə olunmuş AZ-İV 147968 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3 (milliyyəti – ləzgi), anası X10r (milliyyəti – ləzgi).

6. İş materiallarına əlavə olunmuş A 366907 nömrəli Əsas təhsil haqqında Şəhadətnaməyə əsasən 1991-ci ildə anadan olmuş X12 Azərbaycan Respublikası Qusar şəhər 2 saylı orta məktəbində oxumuş və 2006-cı ildə əsas təhslini aşağıdakı qiymətlərlə bitirmişdir: Ana dili (Ləzgi) – 5 (əla)...

7. İş materiallarına əlavə olunmuş A 441889 nömrəli Orta təhsil haqqında Attestata əsasən 1985-ci ildə anadan olmuş X8 2002-ci ildə Binəqədi rayonu F.İSgəndərov adına 157 saylı orta məktəbini aşağıdakı qiymətlərlə bitirmişdir: Ana dili (rus dili) – 3 (kafi)...

8. Bakı şəhəri üzrə Təhsil İdarəsi F.İSgəndərov adına 157 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 625 nömrəli Arayışa əsasən X2 rayonu F.İSgəndərov adına 157 №-li tam orta məktəbdə 6-cı sinifdə (rus bölməsi) oxuyur.

9. Elektron sistemdən çıxarışa əsasən: “Müsahibənin keçirildiyi ünvan: 276 №-li Tam Orta Məktəb (Binəqədi, Nəsimi və Nizami). ünvan 1276) Müsahibənin tarixi və vaxtı: xx.xx.2024 15:24 Təəssüf ki, sizin övladınız müsahibədən keçə bilməyib və təkrar müsahibəyə yazılması mümkün deyil. Siz Azərbaycan bölməsi üzrə seçdiyiniz məktəbə sorğu yerləşdirə bilərsiniz. Komissiyanın qərarı ilə razı olmadığınız halda yerli təhsili idarəetmə orqanına Apellyasiya müraciəti edə bilərsiniz”. - “Hörmətli valideyn, Sizin Apellyasiya komissiyasına müraciətinizə baxılmış və əvvəlki nəticədə qüvvədə qalmışdır”.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi (atası) iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə ev mühitində daima rus dilində danışılır, ailənin bütün üzvləri rus dilində təhsil almışdır. Əlavə olaraq bildirdi ki, İddiaçı müsahibəni uğurla keçə bilməməsinin səbəbi müsahibə stressi ilə əlaqədar həyəcanlanması olmuşdur.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü öhdəliyin icrasında dair iddiadır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 16. Sosial inkişaf və dövlət İİ. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Maddə 42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Maddə 45. Ana dilindən istifadə hüququ İ. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

14. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.2. ümumi təhsil müəssisəsi – ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsi; 1.0.19. ibtidai təhsil – ümumi təhsilin birinci səviyyəsi; 6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. … 6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. Maddə 22. Uşağın təhsil almaq hüququ Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.

16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyaya dair 1 saylı Protokolun 2-ci maddəsinə əsasən heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.

17. Avropa Sosial Xartiyası: Maddə 17. Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiə hüququ Şəxsiyyətin tam inkişafına dəstək verən şəraitdə uşaqların və gənclərin tərbiyə almaq hüququnun səmərəli surətdə həyata keçirilməsi məqsədilə Tərəflər bilavasitə və yaxud dövlət və ya özəl təşkilatların əməkdaşlığı ilə aşağıdakılar üçün bütün lazımi və zəruri tədbirlərin götürülməsi öhdəliyini götürürlər: 1) a) valideynlərinin hüquq və öhdəliklərini nəzərə almaqla uşaq və gənclərin onlara zəruri olan qayğı, yardım, təhsil və peşə hazırlığı almasını, o cümlədən bunun üçün yetərli və adekvat olan müəssisə və xidmətlərin yaradılması və yaxud dəstəklənməsi yolu ilə təmin etmək;... 2) uşaq və gəncləri pulsuz ibtidai və orta təhsillə təmin etmək, həmçinin sabit məktəb davamiyyətinə yardım etmək.

18. Birləşmiş Millətlər Təşkilatı X6: Məqsəd 4. Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək

19. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - İş materiallarına əlavə olunmuş AZ-İV 147968 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı (xx.xx.2018-ci il təvəllüdlü) X3 və anası X13 milliyyətcə ləzgidir. - İş materiallarına əlavə olunmuş A 366907 nömrəli Əsas təhsil haqqında Şəhadətnaməyə əsasən İddiaçı anası X12 Azərbaycan Respublikası Qusar şəhər 2 saylı orta məktəbində ana dili olaraq ləzgi dilində təhsil almışdır. - İş materiallarına əlavə olunmuş A 441889 nömrəli Orta təhsil haqqında Attestata əsasən İddiaçı atası X1 rayonu F.İSgəndərov adına 157 saylı orta məktəbində ana dili olaraq rus dilində təhsil almışdır. - Bakı şəhəri üzrə Təhsil İdarəsi F.İSgəndərov adına 157 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 625 nömrəli Arayışa əsasən İddiaçı bacısı X2 rayonu F.İSgəndərov adına 157 №-li tam orta məktəbdə 6-cı sinifdə (rus bölməsi) oxuyur. - Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi (atası) izahatında bildirmişdi ki, İddiaçı ilə ev mühitində daima rus dilində danışılır, ailənin bütün üzvləri rus dilində təhsil almışdır, İddiaçı müsahibəni uğurla keçə bilməməsinin səbəbi müsahibə stressi ilə əlaqədar həyəcanlanması olmuşdur.

20. Məhkəmə qeyd edilənlərə məcmu halında qiymət verərək müəyyən edir ki, iddiaçının ailə üzvlərinin hər birinin (anasının, atasının, bacısının) rus dilində təhsil alması iş materialları ilə təsdiq edilir. Belə olan təqdirdə iddiaçının ev mühitində də ailə üzvləri və digər şəxslərlə rus dilində ünsiyyət qurması, eləcə də müsahibəni məhz həyəcanlanması nəticəsində uğurla keçə bilməməsi məhkəmədə şübhə yaratmır.

21. Digər tərəfdən məhkəmə nəzərə alır ki, iddiaçı Azərbaycan bölməsində təhsil alacağı təqdirdə rus dilində təhsil almış ailə üzvlərinin tədris prosesi ilə əlaqədar ona kömək etmək imkanı çətinləşəcək və bu hal isə birbaşa olaraq iddiaçının (uşağın) təhsil hüququnun sərbəst və maneəsiz şəkildə həyata keçirilməsi ilə əlaqədar əlverişsiz şəraitin yaranmasına səbəb olacaqdır.

22. Məhkəmə xüsusilə qeyd edir ki, iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən uşağın (iddiaçının) qanuni mənafelərini qorumaq və keyfiyyətli təhsil hüququnun realizə edilməsini təmin etmək əsas meyar kimi nəzərdə tutulmalıdır.

23. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə (dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır) mütənasib deyil.

24. Məhkəmə eyni zamanda nəzərə alır ki, şagirdin təhsil almaq istədiyi tədris dili üzrə keçirilən müsahibədə müvafiq meyarlar əsasında qiymətləndirilməsi təhsil müəssisəsinin (məktəbin) diskresion səlahiyyətlərinə daxildir.

25. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, iddia təmin edilməli, təhsil müəssisəsinin diskresion səlahiyyətinə müdaxilə etmədən və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı münasibətdə xx.xx.2024-cü il tarixdə nitq qabiliyyəti barədə keçirilmiş müsahibənin nəticələri ləğv edilməli və İddiaçı Bakı şəhəri 157 saylı tam orta məktəbdə rus bölməsinə qəbul edilməsi məqsədi ilə yenidən müsahibədən keçirilməlidir. Məhkəmənin hüquqi mövqeyi isə ondan ibarətdir ki, müsahibə keçirilən zaman uşağın mənafeyi və ailə mühiti nəzərə alınmalıdır.

26. Məhkəmə qeyd edir ki, iddianın növü öhdəliyin icrası haqqında iddiadır, lakin tələb cavabdehin faktiki xarakterli hərəkətləri ilə bağlı olduğundan İPM-in 73.2-ci maddəsinin müddəaları müvafiq olaraq tətbiq oluna bilər.

27. İPM-in 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı münasibətdə xx.xx.2024-cü il tarixdə nitq qabiliyyəti barədə keçirilmiş müsahibənin nəticələri ləğv edilsin və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı Bakı şəhəri 157 saylı tam orta məktəbdə rus bölməsinə qəbul edilməsi məqsədi ilə yenidən müsahibədən keçirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar