Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-110/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “kompensasiya” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdeh1nə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətin qanunsuz hesab edilməsi, iddiaçıya 40225,5 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərardadı ləğv edilmiş və inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Bakı şəhərində “Sovetski” adlanan ərazinin sökülməsi zamanı adıçəkilən əmlak da plan üzrə sökülməli oldu. Bununla əlaqədar olaraq, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanaraq, iddiaçı ona məxsus əmlakı 134 085 manat qiymətə satmışdır. Ona məxsus əmlak rəsmi çıxarış üzrə ümumi sahəsi 45,5 kv.m göstərilsə də, əlavə tikililərlə birgə 89,39 kv.m təşkil edirdi. Ərazinin söküntüsü zamanı ödəniş əlavə tikililərlə birgə hesablanmışdır. Aldığı məbləğin hər kv.metr görə 1500 manat olduğunu nəzərə alaraq, ümumi sahənin 89,39 kv.metr olduğunu müəyyən etmək olar. 1500 manatın 10 faizi 150 manat, 20 faizi isə 300 manat təşkil edir. Beləliklə hər kv.m üçün iddia tələbi toplam 450 manatdır. 89,39 kv.m 450 manat hesablayanda 40225,5 manat təşkil edir. Öncədən sökülmüş ev sahiblərinin bəzilərinə əlavə 500 manat ödənilsə də ona heç bir əlavə vəsait verilməmişdir. İddiaçı rəsmi olaraq Cavabdeh1nə və Maliyyə Nazirliyinə müraciət etsə də, icra hakimiyyəti imtina məktubu göndərmiş, Maliyyə Nazirliyi isə cavab verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlakın 1/3 hissəsi iddiaçının, 2/3 hissəsi ilə X2 və X1 mülkiyyətində olmuşdur. Əmlaka yerində baxış keçirilmiş və həmin əmlakın faktiki yaşayış və köməkçi sahələrinə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq kompensasiya məbləğləri hesablanmışdır. 03 oktyabr 2014-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 134085 manata cavabdehin mülkiyyətinə vermişdir. Artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı torpaq sahəsinə görə də əlavə kompensasiya tələbinin irəli sürülməsi, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. İş üzrə tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdən 1/3 hissədə iddiaçının paylı mülkiyyətində olmuşdur. Tərəflər arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan 1/3 hissəsini 134085 manat qiymətinə cavabdehə satmışdır. Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci it tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 3 ünvanında yerləşən əmlakların sökülməsi ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2014cü İl tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə iddiaçıya ödənilən kompensasiya məbləğinin tərkibinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr, habelə köçmə ilə əlaqədar digər xərclər daxildir. ünvan 3 ünvanı üzrə İddiaçı hesablanmış kompensasiya məbləğinə dair Qiymətləndirmə Cədvəlinin və Sxemin surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyriyaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olubolmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin ünvanda yaşayan sakinlərlə Cavabdeh1 arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə kompensasiya haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etdiyinə dair sübutları məhkəməyə təqdim etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır (1.1.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 203.3.3-cü maddəsində sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi daşınmaz əmlakın mülkiyyətçidən məcburi qaydada alınması üsullarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər (207.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan 1/3 hissəsini 134085 manat qiymətinə cavabdehə satmışdır. Mülki Məcəlləyə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (387.2.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (394.). Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (399.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (405.1.). İşdən göründüyü kimi tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2014-cü il tarixli alqı satqı müqaviləsində tərəflər daşınmaz əmlakın alqı-satqısı ilə bağlı bütün mühüm şərtlər barəsində razılığa gəlmişlər. Belə ki, iddiaçı paylı mülkiyyətdə olan payını cavabdehə satmış, müqavilədə iddiaçıya ödənilməli olan məbləğ göstərilmişdir. Cavabdeh müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və müqavilədə göstərilən məbləği iddiaçıya ödəmişdir. Mülki Məcəlləyə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (646.1.). Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646.2.). Göründüyü kimi 2014-cü ildə bağlanmış müqavilə üzrə tərəf olan iddiaçı müqavilənin bağlanmasından təxminən 8 il keçdikdən sonra həmin müqavilə üzrə əlavə ödənişlərin ödənilməsini cavabdehdən tələb edir ki, bu tələb əsaslı hesab edilə bilməz. İddiaçı həmin müqavilə bağlanarkən onun hüquqlarının pozulduğunu hesab edirsə, bu zaman həmin müqavilənin ləğvi və ya etibarsızlığı tələbi ilə mülki qaydada iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edə bilər. Belə ki, həmin müqavilə bağlanarkən cavbdehin hər hansı qanunsuz hərəkətə yol verdiyi müəyyən edilməmişdir. Hazırkı iddia isə əsaslı hesab edilə və təmin edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1nə qarşı “kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-110/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-110/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver