Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1100/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 cavabdeh Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların faktiki yaşadığı ünvan 1 ünvana daimi qeydiyyata götürülmələri barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1981-ci ildə o dövrdə Ticarət Nazirliyinin nəzdində olan Ticarət avadanlığı istehsalı kombinatı İddiaçı1 gənc mütəxəssis kimi Nərimanov Rayon İcrayyə Komitəsində mənzil növbəsinə qeydiyyata alınmağına vasitəçi olmuşdur. Mənzil növbəsi çatanadək 1987-ci ildə Ticarət avadanlığı istehsalı kombinatının balansında olan ünvan 1 ünvanda yerləşən ailəlilər yataqxanasında ümumi sahəsi 72 kvm. olan iki otaqlı mənzil ilə təmin olunmuşdur. SSRİ-nin dağılması ilə əlaqədar olaraq öz müstəqilliylərinin qazandıqdan sonra digər sahələrdə olduğu kimi bəzi obyektiv səbəblərdən onların mənzil növbəsi ləğv olunmuş və o vaxtdan hal-hazıradək yuxarıda göstərilən mənzildə yaşamağa məcbur olmuşlar. Lakin bütün bunlara baxmayaraq faktiki istifadələrində olan mənzili sənədləşdirmək üçün və yaxın qohumu X3 mülkiyyətində olan ünvan 2 ünvandan daimi qeydiyyatdan çıxaraq faktiki yaşayış ünvanlarına daimi qeydiyyata alınmaqları üçün dəfələrlə müvafiq dövlət təşkilatlarına müraciət etmələrinə baxmayaraq onlara müsbət cavab verillməmişdir. Faktiki yaşayış yeri üzrə daimi qeydiyyata alınmaları üçün yenidən xx.xx.2020-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişlər. Müraciətlərinə cavab olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi xx.xx.2020-ci il tarixli, 048-135861 saylı rəsmi məktubla onların yaşayış yeri üzrə daimi qeydiyyata alınmağları mümkünsüz hesab edərək imtina etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da heç bir üzrülü səbəb bildirmədən səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1952-ci ildə Bakı şəhəri doğulmuşdur, yaşayış yeri ünvan 3 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1963-ci ildə Bakı şəhəri doğulmuşdur, yaşayış yeri ünvan 3 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1995-ci ildə Bakı şəhəri doğulmuşdur, yaşayış yeri ünvan 3 ünvanıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2013-cü il tarixdən X4 məxsusdur. - Azərbaycan SSR Vətəndaşlıq vəziyyəti aktalrının qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-JQ 371873 №-li, xx.xx.1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmışdır. - Bakı şəhəri, Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən verilmiş, XX-JQ 251561 №-li, xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı1 və anası İddiaçı2 qeyd olunmuşdur. - Bakı şəhəri, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 37 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 37/419 №-li, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Təbriz küçəsi, ev 31, 15/17 №-li mənzildə qeydiyyatsız yaşayırlar. - İddiaçı1 aid əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə kimi Azərbaycan SSR Ticarət Nazirliyi Ticarət Avadanlıqları istehsalı kombinatında köçürmə yolu ilə mühəndis-konstruktur, xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə kimi rəis müavini, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilə kimi Azərbaycan Respublikası Ticarət Nazirliyinin 11.02.93-cü ilə tarixli, 22 №-li əmri ilə UTQ “Azticarəttexnika” Kombinatının ləğv olunması ilə əlaqədar olaraq onun bazasında yenidən təşkil olunmuş Ticarət Avadanlığının İstehsalı Kombinatına köçürmə yolu ilə texniki-təchizat şöbəsinin rəisi, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi Azərbaycan Respublikası DƏK-nın xx.xx.1997-ci il tarixli, 1104 №-li sərəncamı ilə kombinatın əsasında yaradılmış “Universalev” ATSC-də mühəndis, xx.xx.1998-ci ildən xx.xx.2012-ci ilə kimi “Universal-ev” ATSC-nin mülkiyyət formasının dəyişdirilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14.10.98-ci il tarixli, 30 №-li qeydiyyat şəhadətnaməsinə əsaslanaraq “xxxx” ATSC-də mühəndis vəzifələrində işləmişdir. - - “xxxx” ATSC-nin 4 №-li, xx.xx.2005-ci il tarixli arayışından görünür ki, İsmayılov X5 31-də yerləşən ailə yataqxanasında müvəqqəti olaraq ailəsi ilə yaşayır və ailə tərkibi İddiaçı2 və İddiaçı3 ibarətdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********465300 №-li, xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş "xxxx" ASC-nin nizamnaməsindən görünür ki, “xxxx” ASC xx.xx.1998-ci il tarixdə 30 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “xxxx.” ASC Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1997-ci il tarixdə D-2376 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Universal ev” ATSC-nin hüquqi varisi olan xx.xx.1998-ci il tarixdə 30 №-li şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxx.” ATSC-nin hüquqi varisidir. - “xxxx” ASC-nin 75 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X9 xx xxx 1981-ci il tarixdən xx xxxxxx 2011-ci il tarixədək “xxxx” ASC-də işləmişdir. (1981-1998-ci illərdə “xxxx” ASC Azərbaycan SSRİ Ticarət Nazirliyinin Ticarət avadanlığının İstehsalı Kombinatı adlandırılırdı). “xxxx” ASC-nin ünvan 5 ünvanında yerləşən ailə yataqxanası barədə məlumatı yoxdur. X1 mənzil növbəsinə götürülübgötürülməməsi və onun mənzil ilə təmin olunub-olunmaması barəsində məlumatları yoxdur. - 11256302 №-li, xx.xx.2020-ci il tarixli su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, bir tərəfdən “xxxx” ASC Nərimanov rayon Sukanal İdarəsi digər tərəfdən İddiaçı1 arasında ünvan 6 ünvana dair müqavilə bağlanmışdır. - xx.xx.2020-ci il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, bir tərəfdən Nərimanov QİS-si digər tərəfdən İddiaçı1 arasında ünvan 7 ünvana dair müqavilə bağlanmışdır. - xx.xx.2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilədən görünür ki, bir tərəfdən “xxxx” ASCnin Satış Departamenti digər tərəfdən İddiaçı1 arasında Bakı şəhəri, Təbriz küçəsi, ev 31 ünvana dair müqavilə bağlanmışdır. - Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin İddiaçı1 ünvanladığı xx.xx.2020-ci il tarixli, 078-135861 saylı məktubundan görünür ki, onların ünvan 9 ünvanına ailələri ilə birgə pasport qeydiyyatına alınmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadıqları evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlidirlər. Əks təqdirdə qeydiyyata alınma tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələri məqsədəmüvafiqdir. Məhkəmə iddiaçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X6 ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. İddiaçılar sözügedən ünvana qeydiyyata alınmaları ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmişlər. İddiaçılar yaşadıqları həmin mənzilə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onların qeydiyyata alınmalarından imtina etmişdir. Hazırda iddiaçılar cavabdeh inzibati orqanın imtinasını mübahisələndirirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. İşin halları ilə isə iddiaçıların daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin mənzilə köçüb yaşamalarına hüquq verən sənədin mövcudluğu müəyyən edilmir. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir, 2.3-cü bəndinə görə isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Beləliklə, iddiaçılar mübahisəli ünvanda olan mənzilə qeydiyyata alınmalarını tələb etsələr də, həmin mənzilə qanuni əsaslarla köçüb yaşamaları və buna hüquq verən sənədin mövcudluğu tərəflərindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçıları qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar ünvan 1 ünvanındakı mənzilə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etmədiklərindən, eləcə də belə sənədlərin mövcudluğu məhkəmə araşdırılması zamanı da müəyyən edilmədiyindən cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin onların həmin mənzilə qeydiyyata alınmalarından imtinası qanuna zidd deyil və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1100/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1100/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver