Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11005/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X5 Zeynalabdin Tağıyev adına Neft Qazçıxarma İdarəsinin “Bahar” bağçılıq təsərrüfatının 1991-ci ildə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində (Buzovna sahəsində) yerləşən sahəsi 600 kvadrat metr olan 2/203 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınması və bununla əlaqədar müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün 599 kv.m kimi oxunmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Neft Şirkətinin “Azneft” X5 Zeynalabdin Tağıyev adına Neft Qazçıxarma İdarəsində müxtəlif vəzifələrdə 43 il çalışmışdır. Həmin müəssisədə işlədiyi dövrdə onun nəzdində fəaliyyət göstərən “Bahar” bağçılıq təsərrüfatına üzv qəbul edilmiş və iddiaçıya 1991-ci ildə X6 adına Neft Qazçıxarma İdarəsinin “Bahar” X1 qəsəbəsində yerləşən sahəsi 600 kvadrat metr olan 2/203 saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya verilməsini “Bahar” bağçılıq təsərrüfatının üzvlərinin adlı siyahısından çıxarış, “Bahar” X1 sahəsinin sxemi və “Bahar” bağçılıq təsərrüfatının verdiyi “bağçının üzvlük kitabça”sı təsdiq etməkdədir. İddiaçı sözügedən torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququ yarandığından ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində dövlət qeydiyyatına alınmasını və qeydiyyata alınmış hüquqa dair müvafiq reyestr çıxarışının verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli yazılı cavabda idarənin arxivində saxlanılan “Bahar” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar edilmədiyi bildirilərək hüququn qeydiyyatından imtina edilmişdir. Halbuki, iddiaçı tərəfindən sənədlər cavabdehə təqdim olunarkən “Bahar” bağçılıq təsərrüfatının adlı siyahısından çıxarış və müvafiq təsdiqedici sənədlər, o cümlədən “Bahar” bağçılıq təsərrüfatının fəaliyyət göstərdiyi müəssisənin səlahiyyətli şəxslərinin məktubları da təqdim olunmuşdur. Belə ki, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 07 dekabr 2023-cü il tarixli məktubla cavab verilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivində mövcud olan “Azneft” X5 Zeynalabdin Tağıyev adına Neft Qazçıxarma İdarəsinin “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvlərinin adlı siyahısından çıxarış təqdim edilmişdir ki, həmin çxarışdan da mübahisəli torpaq sahəsinin iddiaçının adına ayrıldığı öz təsdiqini tapmışdır. İddiaçı eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivinə müraciət etmiş, “Azneft” X5 Zeynalabdin Tağıyev adına Neft Qazçıxarma İdarəsinin “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvlərinin siyahısından çıxarışın daha öncə edildiyi bildirilmiş və torpaq üzərində hüququn qeydiyyatından imtina ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, idarənin arxivində saxlanılan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, , İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X5 Zeynalabdin Tağıyev adına Neft Qazçıxarma İdarəsinin “Bahar” bağçılıq təsərrüfatının 1991-ci ildə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində (Buzovna sahəsində) yerləşən sahəsi 600 kv.m olan 2/203 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********65 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində olan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən SOCAR-da saxlanılan sənədlər arasında mövcud olan “Bahar” bağçılıq təsərrüfatının üzv olan işçilərinin siyahısından çıxarışı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 98-ci maddəsinə uyğun olaraq təqdim edilmişdir.
7. Azərbaycan Respublikası ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna sahəsində yerləşən “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvlərinin siyahısı: Bağ sahəsinin sahəsi S.S Adı, Soyadı, Atasının adı İşlədiyi yer kv.m 149 İddiaçı Manaf qızı H.Z.Tağıyev adına NQÇİ 600
8. H.Z.Tağıyev adına NQÇİ bağçaçılıq birliyinin 375 nömrəli üzvlük biletinə əsasən X4 H.Z.Tağıyev adına NQÇİ bağçaçılıq birliyinin üzvüdür (Bilet verilən tarix xx.xx.1999-cu il il; Sahə 2/203).
9. “BAHAR” X1 sahəsinin sxemi iş materiallarına əlavə olunmuşdur (sxem H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq təsərrüfatının sədri tərəfindən təsdiq edilmişdir).
10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin faktiki ölçüsü 0.0599 ha təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində İ – anbar var. Baş sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Baş sahəsinin yerləşməsinin düzgünlüyünə elektron baza məlumatlarına əsasən baxılması məqsədə uyğundur.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
26. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
27. X9 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
28. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
29. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2/203 saylı torpaq sahəsinə dair çıxarışın və plan ölçü sənədinin verilməsini tələb etmişdir.
30. Cavabdeh orqan torpaq sahəsinə dair İddiaçı adına dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsindən imtinanın dəlili olaraq qeyd etmişdir ki, idarənin arxivində olan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır.
31. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının adının bağçılıq təsərrüfatı tərəfindən üzvlərinin siyahısına daxil edilməməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Bu zaman məhkəmənin nəzərə aldığı hallar hazırkı işdə olduğu kimi torpaq sahəsinə dair iddiaçıya məxsus olan sənədlərin mötəbərliyinin hər hansı şübhə doğurmaması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmasıdır.
32. Digər tərəfdən məhkəmə nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsası kimi bilavasitə siyahı deyil, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış nəzərdə tutulmuşdur.
33. Məhkəmə iş materiallarını araşdıraraq İddiaçı və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2/203 saylı torpaq sahəsinə münasibətdə müəyyən edir: - H.Z.Tağıyev adına NQÇİ bağçaçılıq birliyinin 375 nömrəli üzvlük biletinə əsasən X4 H.Z.Tağıyev adına NQÇİ bağçaçılıq birliyinin üzvüdür (Bilet verilən tarix xx.xx.1999-cu il il; Sahə 2/203). - Azərbaycan Respublikası ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna sahəsində yerləşən “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvlərinin siyahısına X3 600 kv.m torpaq sahəsi ayrılmışdır.
34. Odur ki, məhkəmə hesab edir, X3 məxsus üzvlük bileti “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvlərinin siyahısı ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
35. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə 2/203 saylı bağ sahəsinin ölçüsü 600 kv.m qeyd olunsa da, ərazinin faktiki ölçüsü 599 kv.m təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan 599 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır.
36. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
37. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahəsi 599 kv.m. olan 2/203 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva