Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1101/2020 14.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadə, Şifahi məhkəmə baxışı keçirilmədən tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair inzibati işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinin tələblərinə əsasən Bakı İnzibati Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındaki hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-229/1 nömrəli 03 oktyabr 2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 05 iyul 2019-cu il tarixli vəsatətini təmin edərək, iddiaçı Faroz Shabanaya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 yaşlı, subay, qadın cinsinə mənsub Əfqanistan vətəndaşıdır. Etnik mənsubiyyətinə görə Tacik, dini mənsubiyyətinə görə Sunnidir. O, orta təhsilini (12 sinif) 2010-cu ildə Əfqanistanda başa vurduqdan sonra Mohammad Mustafa kollecinə gedərək orada 2 il təhsil alıb. 2013-cü ildə iddiaçı Allame universitetinə qəbul olub və orada üç il oxuyub. İddiaçı Əfqanistandan köçdüyü üçün təhsilini başa vura bilməyib. İddiaçı beş qardaşı və üç bacısı var. Onun bacılarından biri hazırda Londonda, Birləşmiş Krallıqda, digər ikisi də ABŞ-da yaşayıb. Digər bacıqardaşları və hər iki valideyini isə hazırda Bakıda, Azərbaycandadır. İddiaçı atası və qardaşlarının iddiasını bölüşərək ailəsinin Taliban tərəfindən təhdid olunması səbəbindən mənşə ölkəsini ailə üzvləri ilə birlikdə tərk edib. İddiaçının sözlərinə görə Taliban üzvləri atasının mağazasına gələrək ondan oğlanlarına Talibana qoşulmasını söyləməsini tələb ediblər. Sonuncu dəfə iddiaçının atası Taliban üzvləri tərəfindən mağazasının yaxınlığında dayandırılaraq onların əmrinə tabe olmadığını və bu səbəbdən hərəkətə keçəçəklərini söyləyib. İddiaçı 23 yanvar 2019-cu ildə Azərbaycana gəlib. 05 iyul 2019-cu ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçilə müsahibə aparıb. Ərizəçi bildirib ki, o, geri qayıtmaqla bağlı ailə üzvləri ilə eyni qorxunu yaşayır. 03 oktyabr 2019-cu ildə DMX İQ- 229/1 saylı qərarı ilə İddiaçı sığınacaq vəsatəti rədd edilib. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 436 saylı, 02.12.2019-cu il tarixli qərar ilə inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati işin hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi iddia tələbinə etiraz edərək, iddiaçının ərizəsinə əsasən açılmış inzibati işin araşdırılması nəticəsi iddiaçıya qaçqın statusunun verilməsinin qeyri-mümkün olduğunu, cavabdeh orqan tərəfindən qanuni olaraq iddiaçıya imtina qərarı verildiyini, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə 07 may 2020-ci il tarixdə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X1 məhkəməyə 07 may 2020-ci il tarixdə ərizə ünvanlayaraq iş üzrə məhkəmə iclasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi PlenumQərarının 1.2-ci bəndindəki (Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin) tövsiyələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsindəki tələbləri nəzərə alaraq, mübahisəni şifahi dinləmə olmadan həll etmişdir. Beləliklə, Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin işin hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında verdiyi izahatını, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, İddiaçı Əfqanistan vətəndaşıdır, 04.04.1990-ci il təvəllüdlü İddiaçı 05.07.2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı İddiaçı Əfqanistan İslam Respublikasının Kabul şəhərində anadan olduğunu, 27 yaşlı olduğunu, lakin pasportunda doğum tarixinin 04.04.1990-ci il qeyd edildiyini, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni olduğunu, 2010-cu ildə 12 illik orta təhsilini bitirdiyini, 2014-2016-cı illərdə X4 adlı kollecdə kompyuter bilikləri ixtisası üzrə təhsil aldığını, 2016-cı ildə Əllamə Universitetinə daxil olduğunu, həmin universitetdə üç il təhsil aldığını, lakin sonradan Azərbaycana gəldiyi üçün təhsilini davam etdirə bilmədiyini demişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, üç bacısı, beş qardaş olduğunu, iki bacısının X2, bir bacısının isə Böyük Britaniyada, valideyinlərinin və qardaşlarının isə onunla birlikdə Azərbaycan Respublikasına gəldiklərini söyləmişdir. İddiaçı Nəcibə adlı bacısının BBC telekanalında işlədiyini, həmin ərəfədə bacısının əmək fəaliyyəti səbəbindən ailə üzvlərinin taliblər tərəfindən təhdid olunduğunu, sonradan 2014cü ildə Nəcibənin Əfqanistanı tərk edərək Londona getdiyini, bundan sonra təhdidlərin dayandığını, lakin Əfqanistanı tərk etməmişdən bir müddət öncə taliblərin qardaşlarını onun atasından tələb etdiklərini, onları (qardaşlarını) öz sıralarına cəlb etməyə çalışdıqlarını, bu səbəbdən Əfqanistanda qalmaqdan ehtiyat etdiklərini və ölkəsini tərk edərən 23 yanvar 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəldiklərini demişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək özünün adını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçı Əfqanistanda olduğu müddətdə özünün heç bir təhdid və təzyiqə məruz qalmadığını, ailə üzvlərinin Azərbaycana gəlməsi səbəbindən Əfqanistanı tərk etdiyini bildirmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o, vətəndaşı olduğu heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin 03.10.2019-cu il tarixli, İQ-229/1 saylı qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 02 dekabr 2019-cu il tarixli 436 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin 03.10.2019-cu il tarixli, İQ-229/1 saylı qərarından Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayətin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq işə aşağdaki qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin 03.10.2019-cu il tarixli, İQ-229/1 saylı qərarından qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İQ-229/1 nömrəli, 03 oktyabr 2019-cu il tarixli qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi barədə 05.07.2019-cu il tarixli vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiа tələbi rədd еdilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1101/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1101/2020
14.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver