Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11014/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 820 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ masivi ünvanında yerləşən, sahəsi 1000 kv.m. olan, torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik və Südçülük sovxozu tərəfindən verilmişdir və verildiyi vaxtdan onun daimi istifadəsindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, torpaq sahəsinə dair sənəd 0,10 ha hesabı ilə ayrılmış, sonradan hasarlama apardıqdan sonra 820 kv.m olmuş, buna dair torpaq sahəsini ayıran orqan tərəfindən plan-cizgi də verilmişdir. O, torpaq sahəsinin 820 kv.m kimi qeydiyyata alınmasına etiraz etmir. Bundan başqa qərarın nömrəsi arxiv sənədlərində də, əmrdə də “600”-dür. Soyadı isə “Quliyeva” olmuşdur, hazırda “Əliyeva”dır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş sənədlər arasında istinad olunan Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarının nömrəsində və tarixində uyğunsuzluq mövcuddur. Belə ki, 07K №-li, xx.xx.1991ci il tarixli əmrdən çıxarışda istinad olunan Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarı 249 nömrəli, xx.xx.1990-cı il tarixli, arxiv çıxarışında isə 64 nömrəli, xx.xx.1991-ci il tarixli qeyd olunmuşdur. Bundan başqa, torpaq sahəsi sovxoz direktorunun əmrində 1000 kv.m, yerləşmə cizgisində 820 kv.m qeyd edilmiş, faktiki isə 827 kv.m təşkil edir və yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1991-ci il tarixli, 07/k saylı əmri və həmin əmrdə iddiaçının adı qeyd olunmuş səhifənin təsdiqlənmiş surəti məhkəməyə göndərilmişdir. Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1991-ci il tarixli, 07/k saylı əmrindən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 600 nömrəli qərarına əsasən südçülük sovxozunun siyahıda adları çəkilən işçilərinə fərdi ev tikmək üçün 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Siyahıda 40-cı sırada X3 adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə göndərilən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli, 64 saylı qərarına əsasən X5 və digər şəxslərə Buzovna qəsəbəsində 0.10 ha torpaq sahəsi ayrılmış və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli, 64 nömrəli qərarında İddiaçı adının aşkar edilmədiyi bildirilmişdir. “Elektron notariat” X1 vasitəsi ilə “X4” AQİS-dən çıxarışdan müəyyən edilir ki, İddiaçı evlənməzdən əvvəl soyadı “Quliyeva”, evləndikdən sonra isə “Əliyeva” olmuşdur. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə sözügedən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının (koordinatlar əlavə olunmaqla) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Buzovna qəsəbəsindəki torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1000 kv.m, faktiki 827 kv.m təşkil edir. Torpaq sahəsi mişar daş hasar daxilindədir. Bir tərəf dalan, üç tərəf qonşudur. Qapı (taxta) var. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, 2.5-ci bəndində isə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 600 nömrəli qərarı və Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1991-ci il tarixli, 07/k saylı əmrini nəzərə alaraq Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli, 64 saylı qərarı ilə iddiaçıya Buzovna qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sənədlərə əsaslanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası isə ondan ibarət olmuşdur ki, 07K №-li, xx.xx.1991-ci il tarixli əmrdən çıxarışda istinad olunan Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarı 249 nömrəli, xx.xx.1990-cı il tarixli, arxiv çıxarışında isə 64 nömrəli, xx.xx.1991-ci il tarixli qeyd olunmuşdur. Bundan başqa, torpaq sahəsi sovxoz direktorunun əmrində 1000 kv.m, yerləşmə cizgisində 820 kv.m qeyd edilmiş, faktiki isə 827 kv.m təşkil edir və yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd edilməmişdir. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və iddiaçının istinad etdiyi sənədlərin həqiqiliyi məhkəmədə şübhə doğurmur. Belə ki, həmin sənədlər müvafiq arxiv idarələri tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmçinin, həmin qərarlar və əmr mübahisələndirilməmişdir, qüvvədədir. Eyni zamanda, yuxarıda sadalanan sənədlərdə iddiaçının soyadı “Quliyeva” kimi qeyd edilmişdir ki, həmin soyad onun nikahdan əvvəlki qızlıq soyadıdır. Cavabdehin imtina əsaslarına münasibətdə isə qeyd edilməlidir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 64 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin qərarın nömrəsinin və tarixinin Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin Tərəvəzçilik-Südçülük Sovxozunun müvafiq əmrindən çıxarışda düzgün yazılmaması iddiaçının təqsiri deyildir və bu hal onun tələbindən imtina üçün əsas ola bilməz. Digər tərəfdən, müvafiq qərar və əmrlə iddiaçıya 1000 kv.m torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsi faktiki 827 kv.m təşkil edir və onun 820 kv.m hissəsi üzərində iddiaçı hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Burada hər hansı ziddiyyətli məqam mövcud deyildir. Yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələrin qeyd edilməməsi isə müvafiq inzibati orqanın səlahiyyətlərinə aiddir və bu hal da iddiaçının ziyanına şərh edilə bilməz. Qeyd edilməlidir ki, cavabdehin imtina əsasları formal mülahizələrə söykənir və heç biri iddiaçının tələbindən imtina üçün əsas deyildir. İddiaçı uzun müddətdir ki, hüquqlarının qeydə alınmasını xahiş etdiyi torpaq sahəsindən etirazsız və mübahisəsiz istifadə edir, habelə həmin torpaq sahəsi ilə bağlı başqa şəxslərin müraciəti yoxdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli, 64 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanındə yerləşən 820 kv.metr torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli, 64 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 820 kv.metr torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun (plan-ölçünün) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11014/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11014/2025
18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver