Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11018/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 535,7 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. İddiaçılar hesab edirlər ki, onlar texniki pasporta və çıxarışa malik olduqlarından, onların, həmin ünvanda yerləşən torpaq sahəsinə münasibətdə də hüquqlarının qeydə alınmasını gərçəkləşdirmək hüquqları yaranır. İddiaçılar mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onların müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçılar hesab edir ki, cavabdehin imtinası əsassızdır və bilavasitə onların hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, texniki pasportda qeyd olunan perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “Q” tikilisindən 49,8 kv.m İddiaçı2; “A” və “B” tikililərindən ¼ hissəsi X1; “A” və “B” tikililərindən ¼ hissəsi İddiaçı3; “A” və “B” tikililərindən 2/4 hissə və “Q” tikilisindən 77,7 kv.m İddiaçı1, V tikilisinin 1-ci mərtəbəsində 1 y/o-19,7 kv.m İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Torpaq sahəsinə münasibətdə notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar məhkəməyə ərizə təqdim edərək X2 da iddiaçı qismində cəlb edilməsini və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin (535,7 kv.m) dövlət qeydiyyatına alınması və iddiaçıların adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçıların tələbinin təmin olunmaması üçün iki əsas gətirir:
1. olması;
2. Torpaq sahəsinə münasibətdə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsidir. İddiaçıların müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların torpaq sahəsinin özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inetarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranması üçün o, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərdən birinə malik olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə nəzər yetirsək görünür ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki invetarlaşdırma orqanları tərəfindən tərtib olunmuş texniki pasport yalnız aşağıda sadalanan şərtlər olduqda vətəndaş üçün mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək üçün əsas hesab olunur: - Texniki pasportun 01 yanvar 2001-ci il tarixədək tərtib olunması; - Həyətyani torpaq sahəsinin göstərilməsidir. Göründüyü kimi texniki inetarlaşdırma orqanları tərəfindən verilmiş texniki pasport yuxarıda göstərilən hər iki əlamətə malik olduğu halda vətəndaş üçün torpaq sahəsinə (yalnız üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə) mülkiyyət hüquqlarının qeydiyyatını xarakterizə edən sənəd qismində çıxış edir. Hazırki işin faktiki hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçıların mükiyyət hüquqları (paylı) qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıların təkcə fərdi yaşayış evinə münasibətdə deyil, həmçinin həmin ünvanda yerləşən torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək hüquqları yaranmışdır. Belə ki, iş materiallarında olan sənədlər toplusundan görünür ki, 1972-ci ilin mart ayında ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport Ş.Tamrazyan soyadlı şəxsə verilmiş, bundan sonra Nərimanov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarına və qərara əlavəyə əsasən həmin ünvanda yerləşən daşınmaz əmlak İddiaçı1 adına keçirilmişdir. Bundan sonra daşınmaz əmlaka dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda dəyişikliklər edilərək ev sahibi kimi İddiaçı1 adı göstərilmişdir. Məhkəmə qeyd edir ki, texniki pasportda dəyişikliklər təkcə ev sahibinin adı ilə bağlı deyil, həmçinin daşınmaz əmlakın (həmçinin torpaq sahəsinin) ölçüləri ilə bağlı da olmuşdur ki, bunun əsasında Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 101 saylı Sərəncamı dayanmışdır. Nəzərə alınmalıdır ki, texniki pasportda əks olunan göstəricilərə əsasən torpaq sahəsinin ölçüsü 535,7 kv.m təşkil edir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin ölçülərinin 535,7 kv.m təşkil etməsi ilə bağlı dəyişiklik xx.xx.2002-ci il tarixdən sonra həyata keçirilsə də, həmin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 01 yanvar 2001-ci il tarixədək tərtib olunmuşdur. Nəzərə alınmalıdır ki, ümumiyyətlə iddiaçıların həm fərdi yaşayış evinə, həmçinin də torpaq sahəsinə münasibətdə hüquqlarının yaranması 1989cu ilə dayanır. Torpaq sahəsinin ölçüsünün 535,7 kv.m təşkil etməsi ilə bağlı göstəricilərin xx.xx.2002-ci il tarixdən sonraki dövrdə texniki pasportda əks olunması, iddiaçıların torpaq sahəsində mülkiyyət hüquqlarının qeydə alınmasını məhdudlaşdıra bilməz. Çünki bu əsas İddiaçı1 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun 01 yanvar 2001-ci il tarixədək tərtib olunmasını istisna etmir. Sadalanan bütün əsaslar ona dəlalət edir ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair iddiaçıların mülkiyyət hüquqları qeydə alındığından, həmçinin texniki pasportda torpaq sahəsinin ölçüsünün 535,7 kv.m təşkil etməsi ilə bağlı düzəliş xx.xx.2002-ci il tarixdən sonra edilsə də, ümumiyyətlə texniki pasport 01 yanvar 2001-ci il tarixdən əvvəl tərtib olunduğundan, iddiaçıların mülkiyyət hüquqları qeydə alınan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə də hüquqları yaranmışdır. Başqa sözlə desək, iddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndində göstərilən hüquqmüəyyənedici sənədə malikdirlər. Cavabdehin imtina əsası kimi göstərdiyi birinci əsasa gəldikdə isə Məhkəmə qeyd edir ki, cavabdeh texniki pasportda qeyd olunan perimetrik ölçülər ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluğun yaranması ilə bağlı mülahizələr irəli sürsə də, “uyğunsuzluq” ifadəsi altında nəzərdə tutduğu halın nədən ibarət olunmasını əsaslandıra bilməmiş, torpaq sahəsinin başqa fiziki şəxsin istifadəsində olub-olmaması və ya torpaq sahəsindən istifadə edilməsinə maneə yaranıb-yaranmamasını ilə bağlı əsaslar irəli sürməmiş, buna dair mötəbər sənədlər təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun müddəalarına nəzər yetirsək görünür ki, həmin X4 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Yuxarıda istinad olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi əsas formal xarakter daşımaqla yanaşı, həmin dəlilin hüquqi əsası olmamışdır. Digər imtina əsası ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh torpaq sahəsinə münasibətdə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsini zəruriliyini təsbit etsə də, məhkəmə hesab edir ki, hazırki mübahisənin həllində bölgü sxeminin olubolmaması iddianın həllində əhəmiyyət kəsb etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayılırlar.Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur. Doğrudur ki, vahid məhkəmə təcrübəsində ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilir. Bir çox paylı mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı mübahisələrdə payçıların razılıqları ilə tərtib olunmuş bölgü sxeminin və ya payın ayrılması ilə bağlı məhkəmə qərarının mövcudluğu əhəmiyyət kəsb edir. Lakin nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə payçıların razılaşması ilə tərtib olunmuş bölgü sxeminə və ya məhkəmə qərarına ehtiyac yoxdur. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ümumi mülkiyyətçilər və ya əmlakın əvvəlki və köhnə mülkiyyətçisi mülki mübahisələrin yaranmasının azaldılmasına xidmət edir. Misal olaraq 10 ha torpaq sahəsi olan A adlı şəxs B adlı şəxsə həmin torpaq sahəsindən 3 ha torpaq sahəsini satarkən və ya digər üsulla özgəninkiləşdirərkən 3 ha torpaq sahəsinin mülkiyyətçisinin B adlı şəxs olması barədə müqavilə 3 ha torpaq sahəsinə mülkiyyət hüququnun mövcudluğu üçün əsas qismində çıxış edir. Lakin həmin 3 ha torpaq sahəsinin harada yerləşməsi, hansı koordinatlarının olması, 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması həmin müqavilədə əksini tapmır. Qeyd olunan halların aydınlaşdırılması, yəni A-nın B-yə 3 ha torpaq sahəsini özünün mülkiyyətində olmuş 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması sxematik bölgünün aparılması, başqa sözlə bölgü sxemin tərtib edilməsi ilə həyata keçirilir. Həmin sənəd əsasında həm A özündə qalan 7 ha torpaq sahəsinin hansı sahə olması barədə koordinatlar göstərilən plan və ölçü sənədi ala bilir, həmçinin B-də 3 ha torpaq sahəsinə real koordinatlarını müəyyən edən plan və ölçü sənədi almaq imkanına malik olur. Nəticədə də həmin torpaq sahələrinin hansının harada yerləşməsi ilə bağlı tərəflər arasında torpağın hansı hissəsinin kimə məxsus olması haqqında mübahisə yaranmır, o cümlədən daşınmaz əmlaka mülkiyyət hüququnu qeydə alan orqan texniki sənədlərin hazırlanması imkanına malik olur. Analoji hal, o cümlədən ümumi mülkiyyətçilər barəsində də keçərlidir. Belə ki, 2 ha torpaq sahəsinə bərabər hissədə paya malik olan A və B adlı şəxslər arasında bölgü sxemin tərtibi zamanı kimin payına naturada hansı torpaq sahəsi düşür müəyyən edilə bilər. Əks halda isə torpaq sahəsinin yalnız paylarının hissəsi müəyyən edilə bilir, faktiki istifadə olunan torpaq sahəsinin hansı hissələrinin tərəflərə düşməsi barədə isə hər hansı hüquqi-texniki sənəd tərtib edilə bilmir. Bu zaman tərəflər arasında payların yerləşdiyi naturada yer barədə qeyd olunan sənədlərin tərtib edilməsi razılıq əsasında mümkün olmadıqda isə hər iki tərəfin iştirakı ilə işə baxan məhkəmə həmin torpaq sahəsinin naturada ayrılması ilə bağlı qərar qəbul edir və həmin qərar A və B arasında torpaq sahəsinin faktiki hər şəxsə düşən sahəsinin məhz hansı koordinatlarda olmasını müəyyən edir. Torpaq sahəsi ilə bağlı sxematik bölgüsünün aparılması zərurəti eyni zamanda tikililərə münasibətdə də zəruriliyini qoruyur. Bu səbəbdən də əsassız mülki və ya inzibati mübahisələrin yaranmaması üçün bölgü sxemin tərtib edilməsinin tələb edilməsi zəruridir. Lakin hazırkı halda bölgü sxemin tələb edilməsi qanunsuz olmuşdur. Belə ki, hazırda tələb tikili və torpaq sahəsinə mülkiyyətlə bağlı naturada ayrılma və ayrıca çıxarışın verilməsi ilə bağlı olmayıb, həmin torpaq sahəsinə payçıların ümumi paylı mülkiyyətinin tanınması ilə bağlı olmuşdur. Belə olan təqdirdə isə bölgü sxemin tərtib edilməsi zərurəti mövcud deyil, hazırki zərurət torpağa və tikiliyə mülkiyyət hüquqlarının yeri müəyyən edilməklə naturada bölgü aparmaqla çıxarışın verilməsinə dair tələblə bağlı tələb edilə bilər ki, hazırki iddia bununla bağlı deyil. Hazırki iddia ümumi paylı mülkiyyətdə olan tikililərin yerləşdiyi torpağın ümumi paylı mülkiyyətinin tanınması ilə bağlıdır ki, bu səbəbdən də bölgü sxeminin tərtib edilməsi zərurəti yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin (535,7 kv.m) dövlət qeydiyyatına alınması və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 adına reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov