Məhkəmə qərarları › İş №2-1(112)-11019/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11019/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11019/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə qarşı icra hərəkətlərinin edilməsinin qadağan edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X5 Binəqədi rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadından verdikləri şikayətə Bakı Apellyasiya məhkəməsində baxılıb yekun qərar qəbul edilənə qədər onlara qarşı hər hansı icranı yerinə yetirilməsini tələb etməmək; icranın məcburi dayandırılması barədə qərar qəbul edərək onlara hər hansı göstəriş və tələb irəli sürməmək; onlarla birlikdə yaşayan Ağdam rayonundan məcburi köçkün olan və ailə üzvləri X4, X8 və X3 qarşı hər hansı icra hərəkətlərinin icrasını tələb etməmək kimi hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Binəqədi rayon məhkəməsinin 2(001)-6052/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, cavabdehlər, yəni onlar - İddiaçı1, İddiaçı2 və İddiaçı3 Binəqədi rayonu, Əcəmi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmalı və yaşayış sahəsini boşaldaraq tələbkar X1 təhvil verməlidirlər. İcra sənədi Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırovun icraatına verilmiş, icra məmuru tərəfindən icra işi 24 may 2022-ci il tarixə təyin edilmişdir. İcra məmuru həmin bildirişi onlara nə təqdim etmiş, nə də rəsmi olaraq poçt vasitəsi ilə göndərməmişdir. O və oğlu xəstə olduğu üçün həkim müayinəsində olduğu vaxt, yəni 24 may 2022-ci il tarixdə icra məmuru onlara xəbər etmədən çoxsaylı polis, icra məmurları ilə mənzilə gəlmiş və mənzildə olmadıqları üçün icra sənədi icra olunmamışdır. Onlar icra məmuruna ərizə ilə müraciət edərək mənzildə onlardan başqa 86 yaşlı X4, X8 və X2 da yaşadığı, lakin icra sənədində onların qeyd olunmamasını göstərib icra sənədinə izah verilməsi üçün Binəqədi rayon məhkəməsinə ərizə verilməsini xahiş etmişlər. İcra məmuru 25 may 2022-ci il tarixdə Binəqədi rayon məhkəməsinə ərizə vermiş, məhkəmənin hakimi Nigar Nəbizadənin sədrliyi ilə ərizəyə 23 iyun 2022-ci ildə baxılmış və ərizəyə izah verilməsindən imtina edilmişdir. Onlar həmin qərardaddan şikayət vermişlər və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatındadır. Lakin Binəqədi rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadı qanuni qüvvəsinə minmədiyi halda icra məmuru yenə də onlara xəbərdar etmədən 07 iyul 2022-ci il tarixdə 10-15 nəfər polis, icra məmurları və başqa şəsxlərlə mənzilə gəlmiş, qapını zorla sındırıb mənzilə daxil olmaq və onlarl mənzildən çıxartmağa cəhd etmiş və bununla da “İcra haqqında” Qanunun 17.1.9-cu maddəsinin tələblərini kobudcasına pozmuşdur. İcra məmuru Şakir Bahadırova rəsmi ərizə verib şikayətlərinə baxılana qədər icranın məcburi qaydada dayandırılmasını tələb etsələr də, o bu tələbi təmin etməmiş, onlara qapını sındırıb mənzili zorla boşaldacağını bildirməkdə davam edir. Hansı ki, belə ərizənin onlar tərəfdən verilməsinə ehtiyac yoxdur və qanunverici bu vəzifəni icra məmurunun öz üzərinə qoymuşdur. Digər tərəfdən mənzildə hazırda onlarla yanaşı ailə üzvləri olan Svetlana Salmanova, Amal Salmanov və Gövhər Salmanova da yaşayır. Onların adları icra sənədində olmasa da icra məmuru qanunsuz olaraq Ağdam rayonundan məcburi köçkün olan həmin şəxslərin də mənzildən çıxarılmasını tələb edir. İcra məmuru Şakir Bahadırov bu qanunsuz hərəkətlərini dava etdirərək 20 və 22 iyul 2022-ci il tarixlərində özünə məxsus mobil telefon ilə onlara zəng edərək tələbkarın onu narahat etməsini göstərib onların mənzildən çıxmağını tələb etməkdə davam edir. Onlar ona işin hələ Bakı Apellyasiya məhkəməsində olmasını və yekun qərarın çıxarılmamasım bildirsələr də o yenə də öz qanunsuz hərəkətlərini davam etdirir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçılar və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmetini Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-6052/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı hərəkətlər təşkil edir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göründüyü kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yuxarıda şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən hal Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-6052/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırki iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı şəhəri, Binəqədi rayon məhkəməsində mübahisələndirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-nin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün hazırki iş üzrə iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının 9-cu bəndi ilə müəyyən olunmuşdur ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar