Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1102/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), iddiaçının vəkili Vəkil (Cəbrayıl rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 18 saylı Vəkil Bürosunda işləyir) və cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə - pensiyanın ötürülmüş müddət üzrə bərpası və həmin dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə pensiyanın ötürülmüş müddət üzrə bərpası və həmin dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə təkrar olaraq 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Növbəti təkrar müayinə tarixi isə xx.xx.2021-ci il müəyyən edilmişdir. Ona ödənilən əlilliyə görə əmək pensiyası xx.xx.2021ci il tarixdən dayandırılmışdır. O, yenidən müayinəyə göndərilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatına əsasən təkrar müayinə əsasında yenidən, müddətsiz olmaqla ikinci dərəcəli əlillik müəyyən olunmuş və əmək pensiyasının ödənişi bərpa edilmişdir. Göründüyü kimi əlilliyə görə əmək pensiyasının ödənilməsində ondan asılı olmayan səbəblərdən 10 aya yaxın fasilə yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixli ərizə ilə AR Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra cavabdeh) əmək pensiyasının ötürülmüş müddət üzrə bərpası ilə bağlı müraciət etmişdir. AR Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********9 saylı məktubu ilə əmək pensiyasının ötürülmüş müddət üzrə bərpasının mümkünsüz olduğu bildirilmişdir. Lakin yuxarıda qeyd olunan əsasa görə ərizənin icrasından imtina edilməsi qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibibi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş X5 Sistemindən çıxarışa əsasən xx.xx.2016-cı il tarixdən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin tarixdən iddiaçının yenidən müayinədən keçməsi zərurəti yaranmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş X3 çıxarışa əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİ dərəcə əlillik təyin edilmişdir. Bundan sonra İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişi 24 noyabr 2021-ci il tarixindən bərpa edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdən müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 10 ay təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və İddiaçı iddia ərizəsindən də göründüyü kimi iddiaçının əlillik müddətinin bitməsindən sonra əlilliyinin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün olması səbəbindən onun pensiyasının ötürülmüş müddət üzrə bərpası qanunvericiliyin tələbləri baxımından ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.T.Cavadova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, onun vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma məlumatına əsasən, əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi sosial ekspert komissiyası tərəfindən təkrar müayinə edilərkən sizə xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlillik müəyyən edilmişdir. Əmək pensiyasının ödənişi Qanunun 36.1-ci maddəsinə əsasən 2021-ci ilin 24 noyabr tarixindən bərpa edilmişdir. Qeyd olunanlara əsasən, əlillik müddətinin bitməsindən sonra əlilliyinin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün olması səbəbindən pensiyanın ötürülmüş müddət üzrə bərpası qanunvericiliyiin tələbləri baxımından mümkün hesab edilir. 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinə barədə məlumatına əsasən təkrar müayinə nəticəsində “Şəkərli diabet, İİ tip ağır forma. İnsulin tələbli. Diabetik retinopatiya. Aşağı ətrafların diabetik angiopatiyası” diaqnozu ilə İddiaçı ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən xx.xx.2021-ci il tarixdə “E11.7 İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Ağırlaşma E11.4 İnsulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Diabetik polineyropatiya” diaqnozu ilə İddiaçı ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur Akademik M.A.Topçubaşov adına X1 çıxarış epikrizinə əsasən, 1958-ci il təvəllüdlü İddiaçı son klinik diaqnoz olaraq “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ FS.” diaqnozu qoyulmuşdur. Xəstənin qəbul tarixi xx.xx.2021-ci il, çıxış tarixi xx.xx.2021-ci ildir. Kontrol müayinə: 2 həftə sonra. Akademik M.A.Topçubaşov adına X1 çıxarış epikrizinə əsasən, 1958-ci il təvəllüdlü İddiaçı son klinik diaqnoz olaraq “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ FS.” diaqnozu qoyulmuşdur. Xəstənin qəbul tarixi xx.xx.2019-cu il, çıxış tarixi xx.xx.2019-cu ildir. X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən 1958-ci il təvəllüdlü İddiaçı tam diaqnoz olaraq “OD – Yetişmiş katarakta. OS – Psevdafakiya” diaqnozu qoyulmuşdur. Xəstənin qəbul tarixi xx.xx.2022-ci il, çıxış tarixi xx.xx.2022-ci ildir. Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli epikrizinə əsasən İddiaçı son kilinik diaqnoz olaraq “Şəkərli diabet tip 2. İnsulin tələbli. Çoxsaylı ağırlaşmalar ilə. E11.7” diaqnozu qoyulmuşdur. Xəstənin qəbul tarixi xx.xx.2021-ci il, çıxış tarixi xx.xx.2021ci ildir. Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli ambulator kitabçadan çıxarışına əsasən İddiaçı 20 ildir şəkərkli diabetlə xəstədir. 05.03-xx.xx.2021-ci il tarixdə Topçubaşov ad. ECM-də “ÜİX. Gərginlik stenokardiyası 3-cü f.s. qan dövranı çatışmamazlığı 2-ci dərəcə” diaqnozu ilə stasionar müalicə almışdır. Akademik M.A.Topçubaşov adına X1 xx.xx.2021-ci il tarixli ambulator kitabçadan çıxarışına əsasən, 1958-ci il təvəllüdlü İddiaçı əsas xəstəliyin ağırlaşması olaraq üçüncü dərəcə xroniki işemiya diaqnozu qoyulmuşdur. Qeyd olunur ki, 15 ildir şəkərli diabetdən xəstədir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının (Pensiya işi № 403498, Yasamal rayonu) pensiya ödənişinə dair sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 32.2–ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Həmin Qanunun 36.1–ci maddəsinə əsasən, orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən, təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun Preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən iddiaçıya ilkin olaraq ümumi xəstəlik səbəbindən “Şəkərli diabet, İİ tip ağır forma. İnsulin tələbli. Diabetik retinopatiya. Aşağı ətrafların diabetik angiopatiyası” diaqnozu ilə xx.xx.2016-cı il tarixdə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Buna uyğun olaraq iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Həmin tarixdən iddiaçının pensiya ödənişi bərpa edilmiş, 2021-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları üçün cavabdeh əmək pensiyasını ödəməkdən imtina etmişdir. Cavabdeh 2021-ci ilin martr ayından noyabr ayınadək olan müddət üçün iddiaçıya pensiya ödəməkdən imtinasını iddiaçının əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddətin keçməsi, həmin dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının əsasları ilə razılaşmır. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2021–ci ilin noyabr ayında ona əvvəlki diaqnoz ilə yanaşı digər ağırlaşmalar və xəstəliklər də əlavə olunaraq “E11.7 İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Ağırlaşma E11.4 İnsulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Diabetik polineyropatiya” diaqnozu qoyulmuş və İİ dərəcə əlillik müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksinə onda çoxsaylı ağırlaşmalar aşkar olunmuş, bunun nəticəsində ona yuxarıda qeyd olunan diaqnoz ilə müddətsiz əlilliyi müəyyən edilmişdir. İşdə olan sənədlərdən (Akademik M.A.Topçubaşov adına X1 çıxarış epikrizi, ambulatot kitabçadan çıxarışı, X4 adına Milli Oftalmologiya Mərkəzinin çıxarışı, Respublika Endokrinoloji Mərkəzinin epikrizi və ambulator kitabçadan çıxarışından) aydın olur ki, iddiaçıya həmin dövrlərdə müxtəlif mərkəzlərdə müayinələr aparılmış, əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, cavabdeh imtinasında haqlı olmamış, iddiaçının ötürülmüş dövrdə sağlam olmasını, müddətin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən sənədləri də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasından, əlilliyi olan şəxslərin reabilitasiyasından, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyası üçün şərait yaradılmasından, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasından, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsindən ibarətdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdımadan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, ona xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə pensiyanın ötürülmüş müddət üzrə bərpası və həmin dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə pensiyanın ötürülmüş müddət üzrə bərpası və həmin dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1102/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1102/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver