Məhkəmə qərarları › İş №2-1(112)-11025/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11025/2022

07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11025/2022 07.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «məlumatların tam, dəqiq və müddətsiz təqdim edilməsi, qərar ləğv edilməklə nəticələrinin aradan qaldırılması və müsabiqənin növbəti mərhələlərinə buraxılması barədə qərar verilməsi öhdəliyinin qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı «cavabdehin cari müsabiqənin əyani mərhələsindəki bütün sualların doğru cavablarını tam dəqiq əsaslandırmaları ilə birlikdə və müvafiq qərarın verilməsində istifadəsi nəzərdə tutulmuş digər bütün məlumatları ona tam aydın şəkildə və məzmunda, dərhal və müddətsiz təqdim etməsi, cavabdehin müsabiqənin növbəti mərhələsinə buraxılmamağı barədə qərarının qanunsuz sayılması, ləğv edilməsi və əlverişsiz olduğu üçün onun müsabiqə çərçivəsindəki ondan sonrakı onunla bağlı bütün hərəkətlərinin nəticələrinin aradan qaldırılması və əyani mərhələnin nəticəsi barədə yanlış qərar verilmişdirsə cavabdehə müsabiqənin növbəti mərhələsinə buraxılmağı barədə qərar verməsi» barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh müsabiqəsinin əyani mərhələsi keçirilmişdir. Müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli, 1354 nömrəli Sərəncamına əsasən təsis olunmuşdur. Sərəncamla yaradılmış Təşkilat Komitəsinin təsdiqlədiyi Müsabiqənin keçirilmə qaydalarına əsasən Müsabiqənin təşkil olunması və idarə olunması ilə bağlı səlahiyyətləri həyata keçirən mərkəz olan “Yüksəliş" İctimai Birliyi (Qayda 1.3.3) tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş məlumata görə həmin mərhələdən uğurla keçmişdir. Bununla bağlı sözügedən quruma nəticəsinin düzgün hesablanmadığını hesab edib şəffaflıq üçün yoxlamanın tam necə aparıldığı, o cümlədən imtahan suallarının cavablarının açıqlanması barədə tələblərlə etdiyi müraciətlərə “Apellyasiya Komitəsi" (şikayət instansiyası) tərəfindən verilmiş cavablarla nəticə dəyişməmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə iddiaçıya hüquqi yardım göstərərək cavabdeh qismində göstərilən qurumun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı izah olunmuşdur. Cavabdeh X2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixli 354 saylı sərəncamına əsasən Cavabdeh müsabiqəsi təsis edilmişdir. Yüksəliş müsabiqəsinin məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir. Müvafiq Sərəncamın 5-ci bəndinə əsasən müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilmişdir. Təşkilat Komitəsinin qərarına əsasən müsabiqənin təşkil edilməsi Cavabdehnə həvalə edilmişdir. Yüksəliş müsabiqəsi digər növ dövlət qurumlarına qəbul testlərindən fərqlənərək idarəetmə bacarığı, intellektual zəka, nəticələrə diqqəti cəmləşdirmək, strateji düşünmə qabiliyyəti, komandada işləmək bacarığı, kommunikasiya və təsir etmək bacarıqları, dəyişikliklərin tətbiqi bacarığı, innovativlik, sosial məsuliyyət kimi səriştələrin müəyyən edilməsi ilə ölkədə olan yüksək intellektli və idarəetmə bacarıqlı kadr potensialını müəyyən etməkdir. İddiaçının istinad etdiyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin plenum qərarı heç də iddiaçın bu haldakı mövqeyini əks etdirmir, belə ki, adı çəkilən plenum qərarının “qərara aldı” hissəsində qeyd edilir ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati icraat haqqında’’ Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd edilən plenum qərarından da göründüyü kimi bu qərar təbii inhisar subyektlərinə aid edilir təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. İkincisi, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı mövcuddur. Həmin qərarda X2 inzibati orqan qismində göstərilmədiyini nəzərə alaraq cavabdehi inzibati orqan kimi qiymətləndirilməsi qeyri-qanuni hesab edilməlidir. Bildirmək istərdik ki, iddiaçı öz ərizəsində qeyd edir ki, mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı səlahiyyətləri və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçı özü də etiraf edir ki, inzibati orqan hakimiyyət səlahiyyətlərinə malik olmalıdır. Lakin cavabdeh qismində göstərilən X2 qeyri-hökümət və qeyrikommersiya hüquqi şəxs olmaqla öz fəaliyyətini həyata keçirməkdədir. xx.xx.2022-ci il tarixdə məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın mümükün hesab edilməməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçı iştirak etmiş, cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümükün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikasının 13 iyun 2000-ci il 894-İQ №-li “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi iddia tələbi üç hissədən ibarətdir: - cavabdehin cari müsabiqənin əyani mərhələsindəki bütün sualların doğru cavablarını tam dəqiq əsaslandırmaları ilə birlikdə və müvafiq qərarın verilməsində istifadəsi nəzərdə tutulmuş digər bütün məlumatları ona tam aydın şəkildə və məzmunda, dərhal və müddətsiz təqdim etməsi; - cavabdehin müsabiqənin növbəti mərhələsinə buraxılmamağı barədə qərarının qanunsuz sayılması, ləğv edilməsi; - əyani mərhələnin nəticəsi barədə yanlış qərar verilmişdirsə cavabdehə müsabiqənin növbəti mərhələsinə buraxılmağı barədə qərar verməsi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, sözügedən birliyin inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilərək cavabdeh qismində göstərilən qurumun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı izah olunmuşdur. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada və tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar