Məhkəmə qərarları › İş №2-1(112)-11029/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11029/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11029/2022 26.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “məhkəmə qərarının məcburi icra edilməsi və əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi ilə bağlı dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirilməklə hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı qərarının məcburi icra edilməsini və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirilməklə hesablanaraq ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı ildən xx.xx.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmiş və bir sıra medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarları ilə xx.xx.2021-ci il tarixdən etibarən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi qərara alınmışdır. Lakin cavabdeh orqan tərəfindən məhkəmə qərarı bu günə kimi icra edilməmişdir. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin qismən təmin edildiyi üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh iclasda iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İPM-in) 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə MPM-in normalarına uyğun baxılmalıdır. MPM-in 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçının ərizəsi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “məhkəmə qərarının məcburi icra edilməsi və əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi ilə bağlı dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirilməklə hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçının ərizəsi təmin edilsin. İddiaçının cavabdehə qarşı “məhkəmə qərarının məcburi icra edilməsi və əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi ilə bağlı dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirilməklə hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar